• bazar ertəsi, 23 dekabr, 18:19
  • Baku Bakı 8°C

Əmanətçilər üçün əla şans

16.12.23 03:39 4751
Əmanətçilər üçün əla şans

Əgər vətəndaşın bankda 50 min manat depoziti varsa, səkkiz faizlik depozitlə onun illik gəliri dörd min manat edir. Bu zaman dörd min manatdan 2400 manat çıxılır. Vətəndaş yerdə qalan 1600 manatdan 10 faiz vergi verməlidir.

Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, Azərbaycanda vətəndaşların banka qoyduğu əmanətlərdən gələn aylıq faiz gəlirlərinin vergidən azad olunması prosesi həyata keçiriləcək. Xatırladaq ki, bundan öncə banklardakı əmanətlərdən gələn aylıq faiz gəlirləri 10 faiz həcmində vergiyə cəlb edilirdi. Bu qaydadan həm insanlar, həm mütəxəssislər narazı idi. İndi bu qaydalara dəyişiklik edilməsi nəzərdə tutulur. Lakin burada aydın olmayan məqamlar mövcuddur...

Əsas mahiyyət gəlirlərin vergidən azad olunmasıdır

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov dedi ki, Vergi Məcəlləsinə əmanətlərdən gələn faizlərlə bağlı iki dəyişiklik edilməsi nəzərdə tutulub: “Dəyişikliklərin əsas mahiyyəti orta əmanətə sahib vətəndaşların aylıq və illik gəlirlərinin vergidən azad olunmasıdır. Yeni qaydaların yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Dəyişikliklərə görə, aylıq 200 manata, illik 2400 manata qədər olan faiz gəlirləri vergidən azad ediləcək. Əgər vətəndaşın bankda 30 min manatlıq əmanəti varsa, həmin əmanətə görə səkkiz faiz gəlir hesablanırsa, bu o deməkdir ki, vətəndaşın illik əldə etdiyi gəlir 2400 manatdır. Bu halda vətəndaşın bütün il ərzində faizdən qazandığı gəlir tamamilə vergidən azad olunur. Yox, əgər vətəndaşın bankda 50 min manat depoziti varsa, vergi səkkiz faizdən hesablanırsa, həmin vətəndaşın illik gəliri dörd min manat edir. O zaman dörd min manatdan 2400 manat çıxılır. Vətəndaş yerdə qalan 1600 manatdan 10 faiz vergi verməlidir. Yəni müştərinin illik 4000 manatlıq gəlirinin 160 manatı vergiyə tutulur. İkinci dəyişiklik isə belədir ki, əgər vətəndaş 18 aylıq əmanət yerləşdiribsə, o, əldə etdiyi gəlirdən asılı olmayaraq tamamilə vergidən azad olunacaq”. 

Banklarda əmanətlər artacaq?

Millət vəkilinin fikrincə, bu dəyişikliyin iki səbəbi var: “Hər iki yeniliyin əsas məqsədi banklara daha çox əmanətin cəlb edilməsinə nail olmaqdır. Çünki 2023-cü ilin fevralından etibarən vergi güzəştlərinin ləğv edilməsi banklara əmanətlərin cəlb olunmasına birbaşa təsir göstərmişdi. Digər məqsəd isə ondan ibarətdir ki, 18 ay və daha uzun müddətli əmanətlərin sayı artsın”. 

Hüquqi yox, fiziki şəxslər

Azərbaycan Banklar Assosiasiyasının eksperti, bank məsələləri üzrə mütəxəssis Qorxmaz Ağayev bildirdi ki, qanunda ediləcək birinci dəyişikliyə görə, güzəşt müddəti nəzərdə tutulmayıb: “Depozitlərlə bağlı olan iki dəyişiklik də yalnız fiziki şəxslərə aiddir. Hüquqi şəxslərə şamil edilmir. Əvvəl əmanətə görə ödənilən məbləğdən 10 faiz vergi tutulurdu. İndi edilən dəyişikliyə görə aylıq 200 manatadək, qazanc varsa, ondan heç bir vergi tutulmayacaq. 200 manatdan yuxarı gəlirlərə isə yenə də 10 faiz vergi tətbiq olunacaq. Bu dəyişikliklə bağlı güzəştin qüvvədə olma müddəti göstərilməyib. Yəni qanun dəyişməyənə qədər qüvvədə qalacaq”.  

Yalnız milli valyuta üçün keçərlidir

Q.Ağayevin sözlərinə görə, ikinci dəyişiklikdə isə güzəşt müddəti təyin edilib: “Vətəndaşlar əmanətlərini 18 aydan çox müddətə qoyarlarsa, ayda 100 min manat gəlir əldə etsələr də, heç bir vergi ödəməyəcəklər. Bu dəyişikliyin qüvvədə olma müddəti hazırda üç ildir. Dəyişikliklər yalnız milli valyutada qoyulan əmanətlərə aiddir. Digər valyutalarda olan əmanətlərə bu güzəştlər tətbiq edilməyəcək”.  

Daha uzunmüddətli kredit imkanı

Ekspert qeyd etdi ki, yenilik həm banklar, həm də insanlar üçün faydalıdır: “Bu dəyişikliklərin əsas əhəmiyyəti vətəndaşların bank sisteminə inamını daha da gücləndirərək onları pullarını daha uzun müddətə banka qoymağa təşviq etməkdir. Vətəndaş üçün də önəmlidir ki, əlində nağd pul saxlamayacaq, banka qoyduğu vəsaitdən uzunmüddətli gəlir əldə edəcək və heç bir vergi də ödəməyəcək. Bank üçün isə əhəmiyyəti budur ki, əhalinin depozitləri bankın fəaliyyətinin əsas maliyyə mənbələrindən biridir. Cəlb edilmiş depozitlər hesabına banklar kreditləşmə fəaliyyətini daha da gücləndirəcəklər. Banklar üçün ikinci faydası odur ki, daha uzunmüddətli kreditlər verə biləcəklər. Vətəndaş biləcək ki, 18 ay müddətinə depozit qoysa və onu çıxarmasa tam vergi güzəşti şamil olunacaq. Belə olan halda əmanətinə toxunmayacaq və bank da həmin vəsait hesabına daha uzunmüddətli kreditləşmə həyata keçirəcək”. 

Əmanət həm də investisiya alətidir

Q.Ağayev düşünür ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər həm də iqtisadiyyatımızın güclənməsinə səbəb olacaq: “Əmanət həm də investisiya alətidir. Bu halda onların investisiya aləti kimi cəlbediciliyi daha da artacaq. İqtisadiyyat üçün də faydalı olacaq ki, vətəndaşlar vəsaitləri nağd yox, bank hesablarında saxlayacaqlar. Beləliklə, iqtisadiyyatın nağdsızlaşdırılması prosesi daha da sürətlənəcək”. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər