Limon bazarının turş reallığı
Azərbaycanda limon istehsalı daxili tələbatı tam qarşılaya bilmir. İdxalın həcmi azalsa da, xaricdən limon gətirilməsi davam edir. Xaricdən gətirilən limonun daha ucuz olması yerli istehsalçılara əlavə problemlər yaradır.
Azərbaycanda limon istehsalı olsa da, ölkə bu məhsula olan tələbatını tam yerli istehsal hesabına ödəyə bilmir. Bu ilin yanvar-iyul aylarında ölkəyə 13 milyon ABŞ dolları dəyərində 13 min ton limon və laym gətirilib. İdxal ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4 faiz, kəmiyyət olaraq isə 10 faiz azalsa da, xaricdən limon tədarükü davam edir. Hesabat dövründə Azərbaycan Cənubi Afrikadan 5,6 milyon ABŞ dolları dəyərində 3 977 ton, Türkiyədən isə 5,5 milyon ABŞ dolları dəyərində 7 285 ton limon və laym alıb. Argentinadan 1,2 milyon dollar dəyərində 878 ton, İrandan 559 min dollar dəyərində 746 ton, Braziliyadan isə 123 min dollar dəyərində 60 ton məhsul idxal edilib. 2025-ci ildə Azərbaycana idxal edilmiş 20 939 ton limon və laymın 68 faizi Türkiyənin payına düşüb. Bəs ölkədə yetişdirilən limon niyə daxili tələbatı tam qarşılamır?
“İstehsal əsasən cənub bölgəsində cəmlənib”
İqtisadçı-ekspert Rauf Qarayev bildirir ki, Azərbaycanda limon əsasən Lənkəran-Astara bölgəsində yetişdirilir və ölkə üzrə limon istehsalının təxminən 98 faizi cənub bölgəsinin payına düşür: “Əkin sahələri əsasən Lənkəran, Astara və Masallı rayonlarında yerləşir. Təkcə Lənkəranda AMAL layihəsi və digər proqramlar çərçivəsində yüzlərlə hektar yeni və bərpa edilmiş limon bağları mövcuddur. Naxçıvanda isə Ordubad limonu özünəməxsus xüsusiyyətləri ilə seçilir. Bu bölgədə limon əsasən istixana, qapalı və ya yarımqapalı bağlarda, eləcə də dibçəklərdə yetişdirilir. Zərif qabığı, xüsusi ətri və şirinvari dadı ilə seçilən Ordubad limonu nadirliyinə və keyfiyyətinə görə daha baha qiymətə satılır. Naxçıvan Muxtar Respublikasının istehsaldakı payı təxminən 1-1,5 faiz təşkil edir. Abşeron yarımadası və digər subtropik zonaların payı isə 0,5 faizdən azdır. Bununla yanaşı, qabaqcıl fermerlər tərəfindən Tovuz kimi qərb rayonlarında da uyğun şərait yaradılaraq limon yetişdirilir. Azərbaycan bağlarında daha çox şaxtaya nisbətən dözümlü və yerli iqlimə uyğunlaşmış Meyer, Yeni Gürcüstan, Lisbon, Villa-Franka və Udarnik sortlarına üstünlük verilir. Meyer ən çox yayılan sortlardan biridir”.
“Bir ağacdan 60 kiloqramadək məhsul almaq olur”
R.Qarayevin sözlərinə görə, limon bitkisi düzgün aqrotexniki qulluq edildikdə uzunömürlü və yüksək məhsuldar olur: “Bitkinin ömrü 30-40 ilə çata bilər. İlk kommersiya məhsulu üçüncü ildən etibarən götürülür, tam məhsuldarlığa isə beşinci və ya altıncı illərdə çatır. Pik dövrdə bir ağacdan orta hesabla 40-60 kq, bir hektardan isə 30-40 ton məhsul götürmək mümkündür. Azərbaycanda yerli limon istehsalı son illərdə dövlət subsidiyaları və intensiv sitrus bağlarının salınması sayəsində orta hesabla 5 000-6 500 ton aralığında dəyişir. Yerli istehsal daxili tələbatın müəyyən hissəsini ödəsə də, ölkə hələ də əhəmiyyətli dərəcədə limon idxal edir. İllik idxalın təxminən 15-20 min ton olduğu bildirilir. Hektardan orta məhsuldarlıq isə 240-250 sentner, yəni 24-25 ton təşkil edir”.
“Limon hər yerdə yetişmir”
İqtisadçı-ekspert qeyd edir ki, limon istehsalının artırılması üçün digər ərazilərdə də imkanlar var. Lakin limon hər yerdə yetişən məhsul deyil: “Əgər təbii şərait və əkin sahələri kifayət etmirsə, istehsalı artırmaq üçün parniklərdən istifadə etmək mümkündür. Məhsulu təbii üsulla yetişdirməklə əlavə istixana sistemi ilə yetişdirmək arasında xərc baxımından fərq var. Bu halda məhsulun maya dəyəri yüksəlir və nəticədə yerli limon daha baha başa gələ bilər”.
R.Qarayevin sözlərinə görə, limonun topdan satış qiyməti mövsümdən asılı olaraq bir kiloqram üçün orta hesabla 1,20-1,80 manat aralığında dəyişir: “35 ton məhsul üçün illik ümumi gəlir təxminən 42 000-63 000 manat təşkil edir. Hər il gübrə, dərman, suvarma və işçi qüvvəsi üçün hektara təxminən 4 000-6 000 AZN xərc tələb olunur. Tam məhsuldarlıq dövründə illik xalis mənfəətin 35 000-50 000 AZN/hektar səviyyəsində ola biləcəyi bildirilir. Dövlətin verdiyi 11 600 AZN-lik ilkin subsidiya və üçüncü ildən başlayan gəlirlər sayəsində qoyulan investisiyanın dördüncü ilin sonunda tamamilə amortizasiya etdiyi, beşinci ildən etibarən isə bağın tam xalis mənfəətlə işlədiyi bildirilir”.
“Ucuz idxal yerli məhsulu sıxışdırır”
R.Qarayev bildirir ki, xaricdən gətirilən limonlar daha ucuz olduğu üçün yerli istehsalı artırmaq bir çox fermer üçün sərfəli olmaya bilər: “Belə olduğu halda bazarda xaricdən gətirilən məhsul yenə də üstünlük təşkil edəcək. Üstəlik, məhsulu bazara çıxaranda yerli limon digər ölkələrdən gətirilən məhsullardan həm keyfiyyət göstəricilərinə görə üstün, həm də qiymət baxımından daha sərfəli olmalıdır. Hazırda limonun hər yerdə yetişməməsi və bəzi ərazilərdə onun üçün əlavə şərait yaradılmasının xərcləri artırması ölkənin digər dövlətlərdən limon idxalını davam etdirməsinə səbəb olur”.
“Fermer limon əkməyə niyə həvəs göstərmir?”
Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Lənkəran Çay Filialının direktoru Fərman Abdullayevin sözlərinə görə, Azərbaycanda limon plantasiyaları azdır: “Xaricdən limon idxalı yerli fermerlərin bu məhsulun istehsalına marağını azaldır. Ona görə də yeni əkin sahələri salınmır, genişmiqyaslı limon əkini aparılmır. Limon əsasən fərdi həyətyanı təsərrüfatlarda yetişdirilir. Böyük fermer təsərrüfatları yoxdur, yəni geniş miqyasda becərilmir”.
F.Abdullayev qeyd edir ki, limonçuluğun inkişafına mane olan amillərdən biri də istehsalın xərc və zəhmət tələb etməsidir: “Limon ağacları qışda örtülməlidir və bu da əlavə zəhmət tələb edir. Eyni zamanda, bazarda məhsul yaxşı qiymətə satılmır. Xaricdən idxal çox olduğu üçün yerli limonların qiyməti aşağı düşür”.
Zərif Salmanlı