• şənbə, 20 Iyun, 03:51
  • Baku Bakı 28°C

Kriptovalyuta bazarında dalğalanma

20.06.26 02:18 20
Kriptovalyuta bazarında dalğalanma

“Bitcoin”in ucuzlaşmasının səbəbləri ilə bağlı müxtəlif fikirlər səslənir. Bəzi ekspertlər bunu bazarda normal qiymət düzəlişi kimi qiymətləndirir, digərləri isə qlobal iqtisadi amillərin təsirinə diqqət çəkir. 

“Bitcoin”in qiymətində son günlər baş verən eniş kriptovalyuta bazarında yenidən müzakirələrə səbəb olub. Rəqəmsal aktivlərə yatırım edən şəxslər qiymətlərin daha da aşağı düşüb-düşməyəcəyi ilə bağlı narahatlıq keçirirlər. Son həftələrdə qeydə alınan qiymət itkisi bazarın gələcək istiqaməti ilə bağlı sualları artırıb. Bəs “Bitcoin” niyə ucuzlaşır və qarşıdakı dövrdə investorları nə gözləyir?

Məlumat üçün bildirək ki, iyunun ilk günlərində “Bitcoin”in qiyməti qısa müddətə 61 351 dollara qədər geriləyib. Bu enişlə son ayların ən böyük satış dalğalarından biri reallaşıb. Bazarda 1,6 milyard dollardan çox həcmdə mövqe məcburi şəkildə bağlanıb. 

İqtisadi və geosiyasi amillər

“Crypto Consulting” MMC-nin direktoru Elnur Quliyev “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki,  “Bitcoin”in ucuzlaşması bir neçə amilin eyni vaxtda təsiri nəticəsində formalaşıb: “Kriptovalyuta bazarındakı enişin arxasında həm iqtisadi, həm də geosiyasi amillər dayanır. Ən mühüm səbəblərdən biri ABŞ-də fəaliyyət göstərən spot Bitcoin ETF-lərindən rekord həcmdə vəsait çıxışlarının qeydə alınmasıdır. İyun ayının ilk yarısında ETF-lərdən təxminən 4,4 milyard dollar vəsait çıxıb ki, bu da məhsulların istifadəyə verildiyi 2024-cü ildən bəri ən böyük çıxış göstəricilərindən hesab olunur. Nəticədə ETF-lərin idarə etdiyi aktivlərin həcmi 104 milyard dollardan 83 milyard dollara qədər azalıb. Praktik nümunə kimi qeyd etmək olar ki, “Bitcoin” 2026-cı ilin əvvəlində 96-98 min dollar intervalında ticarət olunduğu halda, iyun ayında 60-65 min dollar diapazonuna qədər gerilədi. Bu isə zirvədən təxminən 35-40 faiz aşağı qiymət deməkdir. Lakin “Bitcoin” tarixini analiz etdikdə görürük ki, bu cür enişlər əvvəllər də olub. Məsələn, 2013-cü ildə “Bitcoin” təxminən 75% dəyər itirmişdi. 2018-ci ildə eniş 84%-ə çatmışdı, 2022-ci ildə isə qiymət zirvədən 77% aşağı düşmüşdü. Bütün bu korreksiyalardan sonra “Bitcoin” sonrakı illərdə yeni tarixi maksimumlar formalaşdırmağı bacarmışdı. Əgər investor 2022-ci ilin sonlarında “Bitcoin”i 16 min dollardan almış və bazardakı qorxuya baxmayaraq satış etməmişdisə, 2025-ci ildə qiymətin 126 min dollara yaxınlaşması nəticəsində kapitalını təxminən 8 dəfəyə yaxın artıra bilmişdi. Bu nümunə göstərir ki, kriptovalyuta bazarında emosional qərarlar çox vaxt maliyyə itkilərinə səbəb olur”.

Mütəxəssis bildirir ki, hazırda bazara təsir edən ikinci böyük faktor geosiyasi risklərdir: “Son aylarda ABŞ-İran gərginliyi, Hörmüz boğazı ətrafında yaranan qeyri-müəyyənlik və neft qiymətlərindəki artım qlobal risk iştahasını azaldırdı. Lakin son günlər ABŞ və İran arasında əldə olunan ilkin razılaşma bazarlarda optimizmi artırıb. Faizlərin aşağı düşməsi həm səhm bazarı, həm də kriptovalyutalar üçün müsbət faktor hesab edilir. Məhz buna görə də ABŞ-İran razılaşması təkcə siyasi hadisə deyil, həm də kriptovalyuta bazarı üçün potensial müsbət makroiqtisadi siqnal kimi qiymətləndirilə bilər. Artıq bazarda ilkin reaksiyalar da müşahidə olunur. Son günlər “Bitcoin” 59 min dollar ətrafındakı minimum səviyyələrdən 65-66 min dollar diapazonuna qədər yüksəlib və bəzi günlərdə 10 faizdən artıq bərpa nümayiş etdirib. Bununla belə, risklər hələ də qalır”.

“Bitcoin”ə olan uzunmüddətli tələb hələ də yüksək olaraq qalır”

Kriptovalyuta birjası “Binance”dən qəzetimizə verilən məlumata görə, hazırda ABŞ-də Bitcoin ETF-lərindən müəyyən vəsait çıxışları olsa da, “Bitcoin”ə olan uzunmüddətli tələb hələ də yüksək olaraq qalır: “Bazar məlumatlarına görə, 2024-cü ilin mart ayından etibarən ETF-lər 509 mindən çox “Bitcoin” toplayıb, “Strategy” şirkəti isə eyni dövrdə təxminən 651 min “Bitcoin” alıb. Ümumilikdə bu, bazarda 1,24 milyondan çox “Bitcoin”ə əlavə tələb yaradıb. Müqayisə üçün, hazırda bütün kriptovalyuta birjalarındakı ehtiyatlar təxminən 2,7 milyon “Bitcoin” təşkil edir. Bu rəqəmlər son illərdə iri investorların və şirkətlərin “Bitcoin”ə marağının miqyasını göstərir”.

“Bu, böhran siqnalı deyil”

 “CryptoQuant” CEO-su Yong Ju isə deyir ki hazırkı proses aktivin zəifləməsindən daha çox, “Bitcoin” ehtiyatlarının bazarın müxtəlif iştirakçıları arasında yenidən bölüşdürülməsi ilə bağlı ola bilər: “Erkən dövr investorlarından olan aktivlər yeni institusional investorların əlinə keçir”.

Əlavə təzyiq yaradan amillərdən biri də kapital uğrunda qlobal rəqabətdir. “Bitcoin”ə təzyiq göstərən digər amil isə investor kapitalının fərqli istiqamətlərə yönəlməsidir. “Binance Research”in təhlilinə görə, hazırda vəsaitlərin əhəmiyyətli hissəsi süni intellekt, yarımkeçirici istehsalı, müdafiə və enerji sektorlarına axır: “Bazarda kapitalın hansı sahələrdə cəmləndiyini göstərən CBOE dispersiya indeksinin yüksək səviyyəyə çatması da investorların məhdud sayda populyar istiqamətlərə üstünlük verdiyini göstərir. Belə şəraitdə “Bitcoin” və digər rəqəmsal aktivlərə yönələn maraq qısa müddət ərzində zəifləyə bilər. Məhz buna görə də hazırkı enişi ilk növbədə kriptosənayenin daxilində yaranan böhran kimi deyil, makroiqtisadi amillərin və kapital axınlarının dəyişməsinin nəticəsi kimi qiymətləndiririk”.

Aygün Əziz

banner

Oxşar Xəbərlər