• cümə axşamı, 28 mart, 21:49
  • Baku Bakı 13°C

Korrupsiyaya qarşı mübarizədə yüksək nəticə

04.12.13 08:25 11876
Korrupsiyaya qarşı mübarizədə yüksək nəticə
“Beynəlxalq Şəffaflıq” təşkilatının Azərbaycan milli bölməsi 2013-cü ilin Korrupsiya Qavrama İndeksini (KQİ) açıqlayıb. Təşkilatdan “Media forum” saytına daxil olan məlumata görə, bu il indeksdə Azərbaycan 28 balla 177 ölkə arasında 127-ci sırada yer alıb. Son iki ildə indeks yeni qaydada hazırlanır. Əvvəlki illərdə xallar 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyənləşdirilirdi, ötən ildən isə 100 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbəti tətbiq olunur. Ötən il Azərbaycan 27 balla 176 ölkə arasında 139-cu sırada idi. 2013-cü il indeksinin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatın göstəriciləri nəzərə alınıb. Azərbaycanla bağlı isə 6 mənbənin məlumatlarından istifadə olunub.
Məlumatda qeyd olunur ki, Azərbaycan indeksə daxil edildiyi dövrdən (2000-ci ildən) bu yana ilk dəfədir ki, bu qədər yüksək nəticə qeydə alınır: “Bunun əsas səbəbi iqtisadi göstəricilərlə bağlıdır. Dünya İqtisadi Forumunun 2012-2013-cü illər üçün olan Rəqabətlilik İndeksində Azərbaycan xeyli irəliləyib. 2011-2012-ci illər üzrə hesabatda Azərbaycan 142 ölkə arasında 55-ci sırada yer almışdısa, bu il mövqelərini yaxşılaşdıraraq 144 ölkə arasında 46-cı sıraya yüksəlib.
Keçən illə müqayisədə Azərbaycanın ən yaxşı artım göstəricisi ticarət bazarı, innovasiya potensialı, texnoloji səviyyə, makroiqtisadi sabitlik göstəriciləri üzrə qeydə alınıb. Bütün bu məqamlar dolayısı ilə KQİ-də ölkənin göstəricisinin artmasına gətirib çıxarıb”.
Bu nəticə əslində gözlənilən idi. Bir neçə il öncə ölkə prezidenti tərəfindən elan edilən korrupsiyaya qarşı mübarizə və bu çərçivədə görülən işlər nəticəsini verməkdədir. Birdən-birə belə böyük göstəriciyə nail olmaq isə elə də asan başa gəlməyib. Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovun sözlərinə görə, korrupsiyanın səviyyəsini azaltmaq o qədər də sadə proses deyil: “Bunun da öz obyektiv və subyektiv səbəbləri var. Əvvəla, Azərbaycan dövlət səviyyəsində korrupsiyaya qarşı 2004-cü ildən etibarən mübarizə aparmağa başlayıb. Onu da unutmayaq ki, Azərbaycan iyirmi ildir ki, müstəqillik qazanıb. Dövlətlər var ki, 200 ildir demokratik sistem əsasında fəaliyyət göstərir. Həmin dövlətlərin korrupsiyaya qarşı mübarizə təcrübəsi də bizimki ilə müqayisədə daha genişdir. Amma buna baxmayaraq, həmin ölkələrin özündə də korrupsiya problemi tam həll olunmayıb.
Ümumiyyətlə mən düşünürəm ki, bu məsələdə sadəlövh olmaq lazım deyil. Korrupsiyaya qarşı mübarizəyə başlamaq bu problemin bir neçə il ərzində kökündən həll olunacağı anlamına gəlməməlidir. Dünya təcrübəsi göstərir ki, bu və ya digər bir ölkədə korrupsiyanın kökünü tamamilə kəsmək mümkün deyil. Nə qədər ki, dövlət anlayışı var, korrupsiya da olacaq. Korrupsiya quldarlıq dövründə də olub, feodalizmdə də, kapitalizmdə də. Təbii ki, ona qarşı mübarizə üsulları fərqli olub. Hər dövlət korrupsiya qarşı özünəməxsus tədbirlər sistemi vasitəsilə mübarizə aparıb”.
V.Mövsümov deyir ki, əsasən korrupsiyaya imkan yaradan şərait aradan qaldırılmalıdır: “Dövlət başçısının da dediyi kimi, yaradılan şəraiti və mühiti aradan qaldırmalıyıq. Bu mühitin aradan qaldırılmasında vətəndaş cəmiyyətinin rolu danılmazdır. Dövlət məmurları nə qədər ki, geniş səlahiyyətlərə sahibdirlər, nə qədər ki, insanlarla birbaşa ünsiyyətdədirlər, onlar bu fürsətdən öz mənafeləri üçün istifadə edəcəklər”.
Ümumiyyətlə, bir çox ekspertlər vurğulayırlar ki, bir neçə il əvvələ qədər vətəndaşlar şikayətlərini anonim şəkildə edirdilər və müraciətlərin demək olar ki, 80 faizi gizli saxlanılırdı. Amma 2012-ci ildən sonra bu sahədə böyük irəliləyişlər baş verməyə başlayıb. Daha şikayətləri anonim şəkildə yox, açıq-aşkar gəlməyə başladı.
Araşdırmalar göstərir ki, bu reytinqdə ölkəmizin mövqeyi daha da önə çıxa bilərdi. “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqi həyata keçirilib. Bu yaxınlarda nəticələri ictimaiyyətə açıqlanan monitorinq zamanı əsasən 2012-ci il və 2013-cü ildə həyata keçirilməli olan tədbirlərin icra vəziyyəti araşdırılıb. Milli Fəaliyyət Planında 2012-ci ildə 2, 2013-cü ildə isə 48 tədbirin icrasının yekunlaşması nəzərdə tutulub və monitorinq zamanı məlum olub ki, sənəddə 48 bənd üzrə tədbirlərin icrasının 2013-cü ildə başa çatması planlaşdırılıb. Bu, nəzərdə tutulan tədbirlərin 38,4 faizi deməkdir. Monitorinq zamanı 48 bənddən 6 bənd üzrə (12,5 %) heç bir irəliləyişin olmadığı müəyyənləşib, 13 bənddə kiçik irəliləyiş qeydə alınıb. 3 bənd üzrə fəaliyyətlərin 83,33 faizi həyata keçirilib. 1 bənd üzrə isə fəaliyyətin 100 faiz həyata keçirildiyi aşkarlanıb. 4 bənd üzrə fəaliyyətlərin 66,66 faizinin yerinə yetirildiyi müəyyən olunub. 6 bənd üzrə fəaliyyətin 50 faizi həyata keçirilib. 1 bənd üzrə fəaliyyətlərin 44.4 faiz, 10 bənd üzrə fəaliyyətin 33,3 faizi icra olunub. 3 bənd üzrə 22, 2 faizi icra olunub. Tədbirlərin həyata keçirilməsinin əsas hissəsi zaman etibarı ilə 2013-2014-cü illəri əhatə edir. Monitorinqin nəticələrinə əsasən demək olar ki, 2013-cü ildəki ləngimələr sonrakı dövrlərdə öz neqativ nəticələrini verə bilər. Bu isə öz növbəsində bütövlükdə MFP- uğurla icrasına ciddi əngəllər yarada bilər.
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirir ki, MFP-nın icrası ilə bağlı koordinasiya fəaliyyətlərinin genişləndirilməsinə və nəzarətin artırılmasına ciddi ehtiyac var: “Korrupsiya riski yüksək olan sahələrdə MFP ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi vacibdir. Vətəndaş cəmiyyəti institutları vəkillik və təşviq səylərini ilk növbədə məhz bu istiqamətə yönəltməlidirlər. Sahibkarlıq mühitinin diaqnostikası üçün metodologiyanın hazırlanması və buna uyğun olaraq da qiymətləndirmə aparılması da korrupsiyaya qarşı mübarizə istiqamətində çox əhəmiyyətli addım olardı. Maraqlar toqquşmasının qarşısının alınması və maliyyə xarakterli məlumatların təqdim edilməsinin konkret mexanizmlərinin yaradılması istiqamətində işlərin sürətləndirilməsinə çox ciddi ehtiyac var”.
Qeyd edək ki, korrupsiyanın azaldılması ilə bağlı son illərdə bir sıra tədbirlər həyata keçirilib, mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası gücləndirilib. Korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illəri əhatə edən Dövlət Proqramı qəbul olunub. 2007-ci ildə Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı təsdiq edilib. 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun qəbul olunub. Bu dövrdə korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumlar da fəaliyyətə başlayıb. Bunlar Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsidir. Bundan əlavə, 2008-ci ildə qəbul olunan “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tədbirlər haqqında” Fərman dövlətin bu sahədə strateji kursunu müəyyən edib. Həmin kursa əsasən Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə ilə bağlı bir neçə beynəlxalq sənədə, o cümlədən Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında”, “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” və Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” konvensiyalarına, həmçinin “Korrupsiyaya qarşı Birləşmiş Millətlər Təşkilatının Konvensiyası”na qoşulub.
Bütün bunlardan ən vacibi isə ölkə prezidentinin diqqəti bu məsələdə ciddi uğurlara nail olmağa imlan verir. “Bu gün korrupsiyaya qarşı mübarizə prioritet məsələdir. Bu mübarizədə yaxşı nəticələr, uğurlar var” deyən İlham Əliyev bu bəlanın Azərbaycandan tamamilə silinməli olduğunu birmənalı olaraq vurğulayır: “Biz korrupsiya üçün meydanı daim daraltmalıyıq. Burada müxtəlif üsullardan istifadə edirik və edəcəyik...
...Biz bütün sistemimizi şəffaflaşdırmalıyıq. İqtisadi-maliyyə sektorunun şəffaflaşması prosesi uğurla baş verir, davam edir. Şəffaflıq indeksinə görə Azərbaycan dünya miqyasında ön plandadır. Ona görə, belə olan halda ölkəmizin uğurlu inkişafını və gözəl perspektivlərimizi nəzərə alaraq korrupsiyaya qarşı mübarizədə də biz dünya miqyasında mütləq ön planda, ön sıralarda olmalıyıq”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər