Kəmiyyətin keyfiyyəti üstələdiyi uşaq ədəbiyyatı - SƏNƏT SÖHBƏTİ
Ədəbiyyatşünas, tənqidçi Elnarə Akimova: “Bizdə uşaq yazıçısına o qədər də ciddi yanaşmırlar. Halbuki uşaqlar üçün yazmağın, mətn meydana qoymağın meyarları adi deyil. Rəvan, səlis dil və ifadə tərzi, əyanilik və konkretlik, bədii təsvirdə söz israfçılığına yol verməmək, didaktika və nəsihətçilikdən uzaq olmaq, səmimiyyət və sair”.
Bu gün uşaq ədəbiyyatı ciddi problemlərlə üzləşir. Sanki yaralıdır, axsayır. Hər halda, kənardan belə görünür. Bununla bağlı filologiya elmləri doktoru, ədəbiyyatşünas, tənqidçi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri Elnarə Akimova ilə söhbətləşdik.
“Uşaq ədəbiyyatı ümumi ədəbiyyatdan ayrı bir sahə deyil” , - deyir Elnarə xanım: “Ümumən ədəbiyyatımızda hansı proseslər gedirsə, hansı tendensiyalar izlənirsə, uşaq ədəbiyyatında da onun təzahürlərini görürük. Bu gün uşaq ədəbiyyatında müəyyən uğurlu nümunələr meydana qoyulur, buna baxmayaraq, kəmiyyətin keyfiyyəti üstələməsi prosesi daha öndədir. Düşünürəm ki, buna imkan yaradan daha çox çap imkanlarının bolluğu, nəzarət mexanizminin aradan qalxmasıdır. Halbuki uşaq ədəbiyyatına kommersiya maraqları ilə yanaşmaq olmaz. Məsələ burasındadır ki, böyüklərin seçim imkanı var. Yəni müəyyən kriteriyalara əsasən seçimini edir. İstənilən mətndən ən azı bir neçə cümlə oxuyub, qane etmirsə, bir kənara qoya bilir. Amma balacaların bu cür seçmək qabiliyyəti yoxdur. Ona görə bu işə məsul olan hər kəs - mətn meydana qoyan yazardan, ona rəy verən müəyyən şəxslərdən tutmuş çapına çalışan nəşriyyatlara qədər hər kəs, hər instansiya məsuliyyət daşıdığını hiss etməlidir.
Uşaq ədəbiyyatının inkişafı bir az kollegiallıq tələb edən sahədir. Yəni yaxşı mətn hasilə gətirməklə iş bitmir, bunun nəşri, poliqrafiya səviyyəsi, oxuculara çatdırılma imkanı, kitabxanalara təqdim olunması, uşaq mətbuatında yayılması və mümkün olarsa, uşaq teatrında səhnə həllini tapması da ümumi işin tərkib hissəsinə çevrilən məsələlərdir.
Uşaq ədəbiyyatı – milli təəssübkeşlik hissi
Tənqidçi xanım deyir ki, uşaq ədəbiyyatına ciddi yanaşmaq milli təəssübkeşlik hissinə bağlıdır: “Sən nə qədər uşaqların gələcəyinə, fərd kimi yetişməsinə, formalaşmasına maraqlı olacaqsansa, gördüyün işə bir o qədər təəssübkeşliklə yanaşacaqsan. Bu baxımdan bizim 1990 illərdən sonra qazandıqlarımız itirdiklərimizdən daha az oldu. Uşaq ədəbiyyatının öz kriteriyaları var. Onu yaratmaq böyük istedad tələb edir. Təsəvvür edin, “Leyli və Məcnun” poemasını yazan M.Füzuli uşaqlar üçün “Meyvələrin söhbəti”ni də yazmışdı. S.S.Axundov, C.Məmmədquluzadə kimi dərin və gözəl əsər yazan yazıçılar həm də uşaq əsərləri yazırdılar. Yaxud Səməd Vurğun müharibənin ən ağır dönəmində “Balalarımız üçün gözəl əsərlər yaradaq” adlı manifest xarakterli məqalə ilə çıxış etməyi özünə borc bilirdi. O əsər indiyə kimi uşaq ədəbi tənqidinin örnək yazılarından biri sayılır. Bu nədən irəli gəlir? Gələcəyimiz üçün narahat olublar, uşaqların mənəvi baxımdan daha kamil böyümələri üçün can yanğısı olub içlərində”.
Uşaq qəlbini fəth etmisənsə, peşəkarsan
Söhbətin davamında “Bizdə uşaq ədəbiyyatına barmaqarası baxır, çox da ciddi qəbul etmirlər” deyir Elnarə xanım: “Mehmet Uzun yazır ki, İsveçrədə bəzi yayın evlərinin belə bir qaydası var. Deyir, ora bir roman yazıb götürdüyümüzdə “uşaqlar üçün diqqət çəkmiş bir kitabınız varmı, heç yazdınızmı” deyə sual edirlər. Bu qaydanın qoyuluşu artıq uşaq ədəbiyyatına böyük status, nüfuz qazandırır. Uşaqlar üçün yazmağın nə qədər çətin və məsuliyyətli olma qənaətini doğurur. Yəni sən uşaq qəlbini fəth edə bilmisənsə, deməli, artıq peşəkarsan. Bizdə isə uşaq yazıçısına o qədər də ciddi yanaşmırlar. Halbuki uşaqlar üçün yazmağın, mətn meydana qoymağın meyarları adi deyil. Rəvan, səlis dil və ifadə tərzi, əyanilik və konkretlik, bədii təsvirdə söz israfçılığına yol verməmək, didaktika və nəsihətçilikdən uzaq olmaq, səmimiyyət və s. Xüsusən səmimiyyəti uşaqlar dərhal hiss edir və belə mətnləri sevirlər. Ona görə də uşaq yazarı uşaq psixologiyasını, onun qəlbinin incəliyini duyub nəzərə almalıdır. Bir uşaq üzündə təbəssüm yarada bilmək... Yazıçının ən böyük mükafatı bəlkə də elə budur”.
Valideyn ayıq olmalıdır
Tənqidçi bu gün uşaq ədəbiyyatı adı altında çox ziyanlı tendensiyaların olduğunu da deyir: “Bu, daha çox tərcümələr vasitəsilə daxil olur, yaxud özümüzdə çap olunan bir çox jurnallar, kitablar var ki, həmin zərərli tendensiyaları görməmək mümkün deyil. Dini motivlərin qabarıqlığı, uşaqları müəyyən vasitələrlə, din pərdəsi altında ideoloji yanlışlığa sürükləmək cəhdi. Çap olunan kitablar var ki, tərtibatından, adlanmasından tutmuş, məna, mahiyyətinə qədər ziyanlıdır. Bu gün böyüklər üçün yazılan ədəbiyyatda müşahidə olunan bir hal – konyunkturaya meyil, bir çox mövzularda manipulyasiya halları uşaq ədəbiyyatı üçün də xarakterikdir. Bu baxımdan uşaq ədəbiyyatına güclü senzura tətbiq olunmalıdır. Sovet dövründə kitab palatası deyilən bir qurum vardı. Uşaq ədəbiyyatı adı ilə çap olunan kitablara ciddi nəzarət edirdi. İndi yoxdur. Yenidən bərpasına isə cəhd hiss olunmur. Ümid qalır kitab çap edən nəşriyyatların belə məsələlərdə güzəştsiz mövqeyinə, bir də valideynlərin ayıq-sayıq davranışına. Uşaqlarımızı yanlış yönləndirmələrdən ancaq bu cür qoruya bilərik”.
Sovrulub gedən təəssüratlar
Elnarə xanımın fikrincə, heç nə kitabın yerini vermir: “Audiokitablar, elektron kitablar var. Eybi yox, olsun, hamısı ədəbiyyata doğru bir addımdır. Amma əldə oxunan kitabın beyinə təsir gücünü heç nə əvəz edə bilməz. Mənə elə gəlir ki, kitabdan oxuyanda obrazlar, hadisələr daha çox və effektli qalır yaddaşda. Elektron oxunan kitablarda belə olmur, təəssüratlar sovrulur gedir. Qərb özünün uşaq ədəbiyyatı nümunələrinin kitab kimi çapına hədsiz diqqət göstərir. Hər il M.Tvenin “Tom Soyerin macəraları”, A.Linderqenin “Damda yaşayan Karlson”u, Ekzüperinin “Balaca Şahzadə”si, Harri Potterin fantastikası, yaxud Şarl Perronun “Qırmızı papaq” nağılı milyonlarla nüsxədə çap olunur. Hələ nağıllara olan diqqətlərinə həsəd aparmağa dəyər. Təsəvvür edin, Qrim qardaşları nağılları, Andersenin nağılları necə böyük tirajla işıq üzü görür. Niyə? Çünki uşaq ədəbiyyatı, nağıllar, əfsanələr bir xalqın ən böyük yaddaş məxəzidir, genetik kod daşıyıcısıdır”.
Xalqın yaddaş məxəzi nağıllar
“Uşaq ədəbiyyatının ayrılmaz hissəsi nağıllardır” deyir tənqidçi: “Nağıllar yaddaş məxəzi olmaqla xalqın ruhuna bələdliyə daha yaxşı imkanlar açır. Onlar uşağa həm informasiya verir, çətinlikləri aşmağı, bütün situasiyalarda özünü itirmədən mətin böyüməyi aşılayır, həm də xəyal qurmağı öyrədir, rəngarəng və işıqlı obrazlar aləminə, təxəyyül hüdudsuzluğuna yol açır. Nağıllar mifopoetik yaddaşdan süzülüb gəldiyi, tarixi yaddaşı əks etdirdiyi üçün bütün xalqların ədəbiyyatında dəfələrlə müraciət olunan, köhnəlməyən, gücünü, təsirini itirməyən folklor nümunəsidir”.
Uşaq ədəbiyyatı məfkurə qaynağımızdır
Elnarə xanım deyir ki, sovet dövründə ümumən vətənpərvərlik mövzusuna ziyan vurulsa da, uşaq ədəbiyyatında elə nümunələr yarandı ki, onlar dövlətin təlqin etdiyi yanlış ideologiyaya müxalifət təşkil edərək, əksinə, vətənpərvərlik anlayışının ən gözəl nümunələri kimi ərsəyə gəldilər: “Sovet dövrü uşaq ədəbiyyatının parlaq mərhələsidir. Həmin ədəbiyyatı yaradan yazarların bir qismi müstəqillik dövrünə də adladı, yaxşı əsərlər yazmağa davam elədilər. Amma bütünlükdə bizdə uşaq ədəbiyyatının ən parlaq, ən funksional zaman kəsimi milli oyanış dövrü olan XX əsrin əvvəli sayılmalıdır. Uşaq mətbuatı, uşaq dərslikləri, anadilli kitablar, tərcümə vasitəsilə daxil olan mətnlər və s. Yəni bu dövrdə ədəbiyyatda inkişaf iki istiqamətdə gedib. Ziyalılarımız milli düşüncənin yaradılması yönündə mücadiləyə atılıblar, bu istiqamətdə yorulmadan fəaliyyət göstəriblər, eyni zamanda uşaq ədəbiyyatının da dirçəlişinə çalışıblar. Çünki uşaq ədəbiyyatına apardıqları məfkurə, amal mübarizəsinin bir hissəsi kimi baxıblar. Gələcəyimizə yönəlik işlər görməyə çalışıblar”.
Uşaq ədəbiyyatında zəfər amili
Elnarə xanım qeyd etdi ki, 44 günlük müharibə ilə bağlı uşaq ədəbiyyatı uğurlu nümunələr meydana qoyub: “Zahid Xəlilin birinci və ikinci Qarabağ savaşının proseslərini özündə əks etdirən “Dəmir yumruq”, Sevinc Nuruqızının Gəncə terroruna həsr olunmuş “Pıçıltı”, Şuşa ilə bağlı hasilə gətirdiyi “Zəfər nəğməsi - Şuşa”, Rafiq Yusifoğlunun “Şuşa yolu-Zəfər yolu”, İbrahim Yusifoğlunun “Qıymayın uşaqlara” kitabları, Qəşəm İsabəylinin, Mina Rəşidin hekayə və şeirləri mövzuya verilən ilkin reaksiyalar kimi çox əhəmiyyətlidir. Bu yaxınlarda Türkiyədə “Azerbaycan çocuk edebiyyatından seçmeler. Şiir, öykü və tiyatro” adlı antologiya buraxdıq. İki dildə - həm Azərbaycan, həm də Türkiyə türkcəsində təqdim olunan mətnlər zəfər, vətən, istiqlal duyğularının əks olunduğu nümunələr idi. Bilirsiniz, belə ədəbi əlaqələr çox vacibdir. Əvvəllər bizdə tərcümələr vasitəsilə bu əlaqələr güclü idi. Alla Axundova, Yuri Kuşak vardı. Bizim uşaq ədəbiyyatının ən gözəl nümunələrini rus oxucularına təqdim edirdilər. Yeri gəlmişkən, bu yaxınlarda Moskvada seçmə uşaq ədəbiyyatından ibarət yeni bir antologiya işıq üzü görəcək. Həmin kitabdakı mətnlər Azərbaycan və rus dillərində veriləcək. Rusdilli auditoriyanın Azərbaycan uşaq ədəbiyyatı ilə tanışlığı üçün bu kitabın əvəzsiz nümunə olacağını düşünürəm”.
Çantaya kitablar ağırlıq edir, beyinə də informasiya
Müsahibimizin fikrincə, ibtidai siniflər üçün nəzərdə tutulan dərs yükü çox ağır, tələblər çoxdur: “Çantaya kitablar ağırlıq edir, beyinə də informasiya. Hər şey yerində və ölçüsündə olmalıdır. Orta məktəb yalnız bilik vermir. O zövq aşılayır, dünyagörüşü formalaşdırır. Bizim dərsliklərdə çox zaman şeirlər bu kriteriya ilə seçilmir, bayağı, dərin məzmun ifadə etməyənləri də olur. Yaxud aşağı sinif uşaqlarına ərəb-fars izafətləri ilə zəngin şeirləri əzbərləməyi tapşırıb yorurlar, ağır təhkiyəli nəsr nümunələri ilə yükləyib ədəbiyyata dair həvəslərini öldürürlər. Musiqi kitabları bəstəkarların tərcümeyi-halları ilə yüklənib. Yaxud təsviri incəsənət, texnologiya kitablarının aşırı və lazımsız söz, termin yükü ilə uşaqları yormaq nəyə lazım? Elə hala salıblar ki, uşaqların sözə, ədəbiyyata marağı itir. Əlavə hansısa kitab oxumağa, mütaliə etməyə nə vaxtı qalır, nə də həvəsi. Nəticədə ruhsuz, əzbərçi, idealları olmayan, xəyal qurmaqdan uzaq düşən bir nəsil yetişir. Digər bir məsələ. Əvvəllər heç olmasa böyük tirajla çıxan “Göyərçin”, “Pioner” jurnalları vardı. Hətta ən ucqar kənddə yaşayan uşağın belə əlinə çatırdı, məktəblərə paylanırdı. Yaxud uşaq verilişləri vardı. “Çıraq”, “Kitab evi”. Bu verilişlər indi yoxdur. “Göyərçin”, “Göy qurşağı”, “Günəş” jurnalları çıxır, amma çox az tirajla. Narahatlıq doğurası məsələlərdir. Mütaliədən məhrum, xəyal dünyası daralmış bir nəsildən gələcəyə dair hansı gözləntilərimiz ola bilər?
Yeni nəsillə yenilənən ədəbiyyat
Ədəbiyyatda yenilənmə, nəsil dəyişimi vacib məsələdir. Bu olmayanda ədəbiyyat dinamikadan, inkişafdan geri düşür. Mən yenilənmə deyərkən, üslub özünəməxsusluğunu, təfəkkür dəyişimini, zamana uyğun düşüncə, təfəkkür səviyyəsini nəzərdə tuturam. Reallığımız elədir ki, çağın çox düşünən balaca qəhrəmanlarını bəsit və primitiv mətnlə aldatmaq mümkün deyil. Çünki uşaqlar bu bəsitlikdən irəlidədirlər. Bu gün bizdə gənclərdən Nurlana İşıq, Sevinc Elsevər, Allahşükür Ağa, Eyyub Türkay hələ ki, uşaq ədəbiyyatında yeni nəsli təmsil edirlər. Amma etiraf edək ki, yenilənmə ləng gedir”.
Söhbətləşdi: Xanım Aydın
Fotoqraf: Rüfət Mikayılov