Kassa aparatının çekində hansı məlumatlar əks olunmalıdır?
Vergi Məcəlləsinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirmək vergiödəyicisinin vəzifələrinə aid edilib.
Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.
Vergi Məcəlləsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergiödəyicilərinin vəzifəsidir.
Malların ƏDV-yə cəlb olunub-olunmamasından asılı olmayaraq, təqdim edilmiş malların bütöv dəyərində kassa çeki təqdim edilməlidir. Həmçinin ƏDV-dən azad olan məhsullar üzrə ƏDV-nin geri qaytarılması mümkün deyil.