• cümə, 29 Mart, 01:08
  • Baku Bakı 7°C

Kamal Abdullanın düzəltdiyi “Şah İsmayıl”

01.06.13 10:04 12441
Kamal Abdullanın düzəltdiyi “Şah İsmayıl”
Qəhrəmanlar mühakimə olunmur deyə bir fikir var. Ancaq bu gün ən çox əl atılan (atdırılan) üsullardan biri qəhrəmanı nəinki mühakimə, hətta birbaşa ittiham etməklə “qəhrəman” olma istəyi, üsuludur. Gəlmişdən – keçmişdən heç bir misal gətirmədən birbaşa mətləbə keçirəm. Akademik Milli Dram Teatrında Kamal Abdullanın “Hamı səni sevənlər burdadı” pyesi əsasında hazırlanmış “Şah və Şair” tamaşasının premyerası oldu. Siyasi mühitdə, KİV – də son dövrlər Şah İsmayılla bağlı olan bu qədər müzakirələrdən, iftiralardan, “muhakimə”lərdən (əcəba səbəb nədi görəsən ey dili – qafil ?..) sonra bu tamaşada da nələrinsə mütləq baş verəcəyinə əmin idim. Tamaşa konkret olaraq tarixi hadisələrdən və bunların fonunda tarixi şəxsiyyətlərdən bəhs etdiyinə görə bu tamaşaçılara ikiqat maraqlı idi. Əsər - tamaşa birbaşa Şah İsmayılın yaşadığı XVI əsri və xüsusilə 1514 – cü ildə baş verən “Çaldıran döyüşü” hadisələrini “əks etdirir”. Ancaq tarixi faktlarda kifayət qədər təhriflərin edilməsi tamam başqa təəssürat yaradır. Ən pisi də o idi ki, bu tamaşada ən peşəkar və sevilən aktyorlar rol almışdı və onlar da peşələrinin gərəyi olaraq rollarını kifayət qədər ustalıqla canlandırırdılar.
Biriləri durub deyə bilər ki, bəs bu hansısa müəllifin təxəyyülünün məhsuludu, ona görə ona belə xoşdu, o da belə yazıb. Ancaq bu işlər xoşla, naxoşla olmur, əfəndilər. Axı bizə o ixtiyarı heç kim verməyib ki, durub istədiyimiz tarixi şəxsiyyətin həyatına istədiyimiz kimi barmaq edək. Adama deyərlər nə isə uydurmaq, təxəyyülünün məhsulunu insanlara satmaq, nümayiş etdirmək istəyirsənsə buyur uydur və yaz. Ancaq artıq böyük tarixin özünün yazdıqlarından nə isə «yaz»maq yolverilməzdir. Tamaşada Şah İsmayıl sanki etdiyi bir tarixi “suç”u etiraf edirmiş kimi təsir bağışlayırdı. Tamaşada təqdim olunan Şah İsmayıl olduqca çılğın və ədabaz bir şah idi. Hətta Osmanlı ilə müharibəni belə sanki o başlayırmış kimi təqdim olunurdu. Məsələn guya Şah İsmayıl Sultan Səlimə onu təhqir etmək üçün bir qadın yaylığı göndərir və bundan da olduqca məmnundur (?). Digər tərəfdən o həm də bir büt kimi təqdim olunur. Çünki silahdaşları, ona ən yaxın olan vəzir – vəkili, hətta onun tərbiyəçisi olan Hüseyn bəy Lələ də iki dəqiqədən bir ona “qurban olduğum”, “sadağa olduğum” filan deyirlər, ikiqat olurlar və İsmayılın da heç tükü də tərpənmir. Hətta sanki Şah İsmayıl bunlardan ləzzət alır. Ancaq tarix isə bunun tam olaraq əksidir. Necə ola bilərdi ki, Şah İsmayıla bütün fəaliyyəti boyu Lələlik (dayə, böyük, tərbiyəçi) edən Hüseyn bəy tamaşa boyu bir dəfə də olsun ona fərli – başlı nə hansısa strateji gediş, nə hansısa bir məsləhət vermir, ancaq elə gedib – gəlib “qurban olduğum”, “sadağa olduğum” filan deyir? Məgər onun illər boyu fəaliyyəti məhz bundanmı ibarət olmuşdu? Sonra məsələn guya Hüseyn bəy Şah İsmayılın oxşarı olan Xızırı tapıb gətirərkən o kənddə bir qoyun otaran imiş. İlkin mərhələdə bu personajın davranışlarından da hiss olunur. O çox müti bir adamdır. Ancaq sonra Şah İsmayıl Hüseyn bəydən soruşanda ki, bu nə bacarır, guya orada Hüseyn bəy deyir ki, şahım, bu yaxşı şeir yazır. Şah İsmayıl da Xızıra sual verir ki, bəs bütün şairlərin təxəllüsü var, sənin təxəllüsün nədir? Xızır da cavab verir ki, Xətai (?)… Şah da guya ona məsləhət görür ki, hə, elə onda işində ol, yaz... Halbuki tarixdən Şah İsmayılın hansı hadisədən sonra özünə “Xətai” təxəllüsünü götürdüyü məlumdur. Bəs əcəba niyə məhz bu məqamın üzərinə kölgə salınmağa çalışılır?.. (Kərbəla faciəsindən 850 il sonra, hicri 914-cü (miladi 1508) ildə Şah İsmayıl Xətai İraqı fəth etdi. (Fərman Kərimzadənin “Xudafərin körpüsü” romanında bu hadisənin 1510-cu ildə baş verdiyi bildirilir. Orada İsmayılın özbək Şeybani xanla Mərv döyüşünə gedərkən Hürrün qəbrini qaçaq Murada açdırdığı və məlum deyilənlərdən sonra tövbə etdiyi bildirilir.) Onun əmri ilə İraqdakı müqəddəs ziyarətgahları təmir edib, üzərində yaraşıqlı məscidlər tikməyə başladılar. Bu zaman bəzi adamlar Hürrün fəzilətlərini inkar edib, guya onun tövbəsinin qəbul olmadığını bildirdilər. Hürr ibn Yezid Riyahi İmam Hüseynə qarşı göndərilmiş min nəfərlik dəstənin sərkərdəsi idi. O, əvvəlcə İmam Hüseynə zidd mövqe tutmuş, onu mühasirəyə alaraq, Yezidin göndərdiyi qoşunun gəlişinə kimi saxlamışdı. Lakin aşura günündə Hürr peşman olub tövbə etdi, İmam Hüseynin tərəfinə keçərək vuruşdu və şəhid oldu. Rəvayətə görə, İmam Hüseyn ölümcül yaralanmış Hürrün başına öz əlləri ilə dəsmal sarımışdı.
Şah İsmayıl bu söz-söhbətə son qoymaq üçün Hürrün qəbrini açmağı əmr etdi. Bu zaman cəngavər Hürrün cəsədi başdan ayağa kimi təzə, bitişməmiş yaralarla örtülü halda aşkara çıxdı. Şah İsmayıl bu hadisədən sonra Hürrün qəbri üzərində də böyük məscidin tikilməsi üçün göstəriş verdi.
Şah İsmayıl Xətainin qəzəllərinin birindəki bu beyt də həmin hadisənin düzgünlüyünü sübut edir:
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Barilaha, əfv qıl ki, tövbəkaram doğrusu.
Kərbəla şəhidlərindən başqa birinin - Həbib ibn Məzahirin də qəbri XVIII əsrdə Nadir şah tərəfindən açılmış və cəsədin salamat qalması aşkara çıxmışdı. Qəbir açılan zaman elə güclü külək əsir ki, Nadir şah qorxudan huşunu itirir. Özünə gələndən sonra Nadir şah əmr verir ki, Həbibin məzarı üzərində böyük məscid tikilsin. )
Axı iş orasıdır ki, heç kimin də Kamal müəllimə sual vermək ixtiyarı yoxdu axı necə oldu ki, bu qoyun otaran, müti bir adam bu qədər gözəl poeziya nümunələri yaradır, üstəgəl artıq bu “qoyun otaran”ın özünəməxsus təxəllüsü də var, ancaq bu niyə o vaxtacan heç məşhur olmayıb, şair kimi tanınmayıb və elə qoyun otaran olub. Yəni Kamal Abdullanın əsərdə də qabartdığı budur ki, guya Şah İsmayıl şeir filan yazmayıb. Guya o ancaq sərkərdə olub, döyüşlər aparıb və döyüşən adam da şeir yaza bilməz (?) Nəticədə Kamal Abdullanın yazdığına görə Çaldıran döyüşündə Şah İsmayıl ölür və ondan sonra məlum olur ki, sən demə İsmayılın adına yazılan nə qədər şeir varsa guya hamısının müəllifi onun oxşarı olan Xızır imiş. Döyüşə başlamazdan əvvəl guya tez – tez “O” ( yəni İmamzaman – 12 – ci İmam və bəlkə də Allah ) mənimlədir deyən Şah İsmayıl, döyüşü uduzandan sonra “O”na gileylənir ki, bəs sən bu dəfə niyə məni tək qoydun. Guya Çaldıran döyüşü baş verən gün Şah İsmayıl uduzduğunu görür və Xızıra deyir ki, artıq Şah sənsən, otur dövləti idarə et, mən də gedim meydana girim görüm Sultan Səlimi tapa bilirəmmi ondan qisas alım. Və elə oradaca ölür (?). Sonda monitordan da guya “O”nun səsi gəlir: “Ey İsmayıl, sən ki öz üfüqünə qovuşmuşdun, daha bu döyüş nəyinə lazım idi və.s” Yəni qısaca desək guya “O” da İsmayılın bu döyüşə girməsinə razı deyilmiş və burada yeganə günahkar guya Sultan Səlimə arvad yaylığı göndərib döyüşə “səbəbkar” olan İsmayıldır. Bəli əfəndilər, bax bu məhz Kamal Abdullanın cızdığı “Şah İsmayıl”dır.
Fasilədə millət vəkili, tarixçi Sabir Rüstəmxanlı ilə də söhbətləşdim. Sual verirəm ki, bir tarixçi kimi müəllifin bu “yanaşma”sını necə qarşılayırsınız? Deyir “olmaz belə. Tarixdə şah və eyni zamanda da şair olan çoxlu sayda hökmdarlar olub. Ancaq onların heç birinin bu ikili bacarığı sual altına alınmayıb. Yeganə Şah İsmayıldır ki, bu əsərdə - tamaşada eyni zamanda şah və şair olmanın mümkünsüzlüyü qabardılır. Üstəlik başqa məqamlar da var. Mən düşünürəm ki, bu tərz yanaşma tamaşaçılar və böyük auditoriya tərəfindən yaxşı qarşılanmayacaq”.
Fasilə zamanı çoxlu sayda insanın bu məsələyə, Şah İsmayılın belə kiçildilməsinə olan etirazları barədə dialoqlarına qulaq müsafiri oldum.
Bu mənim ən sevdiyim aktyorların rol aldığı, ancaq mənim sonda alqışlamadığım ilk tamaşa idi. Mənim ürəyimdə alqışladığım isə sadəcə bir şey idi – aktyorların mükəmməl oyunu. Ancaq yenə də deyirəm təəssüf ki, bu oyun məhz bu missiyaya xidmət etdi.
Foyedə gənc aktyor və rejissorlarla da bir xeyli müzakirə etdik. Fikirlər fərqli idi. Bir çoxları ancaq “Dədə Qorqud” missiyasını yerinə yetirərək obrazların həmahəngliyindən danışmaqla, ay nə bilim “qəşəng tamaşadır”, obrazı yaratdılar filan deməklə çullarını sudan çıxarırdılar. Çoxlu sualları olanlar da var idi, məni çox “emosional” olmaqda “qınayan”lar da. Bir yaxın dostumuz da deyir ki, sən nəyinə gərək filan şey nə deməkdir, sən buna rejissor kimi yanaş (mənim ikinci, yəni hazırda təhsil aldığım sahəm sənətim rejissorluqdur). Deyirəm əzizim, canim – gözüm yaxşı bax rejissor kimi ayrı, məlum idi ki, o tamaşada aktyor oyunlarına qətiyyən söz ola bilməzdi. İfalar olduqca canlı və mükəmməl idi. Ancaq bəs mənim vətəndaş mövqeyim, bəs şəxsi yanaşmam? Əgər teatr, onun ruhu cəmiyyətə sirayət etmirsə, teatr elə ancaq teatrın içində olub elə oradaca da ölürsə o teatr deyil, ya da teatrdırsa o teatr mənə lazım deyil. Axı belə deyildi. Bu tamaşa boyu, fasilədə və tamaşa bitəndən sonra hər kəs artıq buradan öz payını götürüb gedirdi. Allah eşqinə bəlkə bütün eqonuzu, sadəlövhlüyünüzü, mükəmməl teatr bilgilərinizi, “humanist” – tolerant duyğularınızı hələlik bir kənara qoyub diqqətlə düşünəsiniz. Sizcə, bəzi tarixi şəxsiyyətlərə olunan bu qədər basqılar, mühakimələr sadəcə “ədəbiyyat”, “təxəyyülün realizəsi”, “teatr”, xətrinə ola bilərmi? Niyə başqası yox Şah İsmayıl, niyə məhz hansısa əqidəni əsas tutaraq öz məmləkətinin insanını bir bayraq altında birləşdirən bir şəxsiyyət? Bəlkə hadisələr, mahiyyət daha böyükdür. Bəlkə bizim görməyə çətinlik çəkdiyimiz başqa məqamlar var…
Sonda bu böyük mütəfəkkirin sözlərini qeyd etməyə ehtiyac duydum.
Əgər bu qədər həngamədən sonra biriləri qalxıb yenə mənə bütün bu olanların “sadəcə” bir şey olduqlarını demək fikrinə düşərlərsə onlara məsləhət görürəm ki, “sadəcə” yanaşması haqqında məşhur rus deyimini (prosto muxa .....) xatırlasınlar... Yoxdu əfəndilər... bu həyatda elə - belə olan, (və ya olunan) heç nə yoxdu…
Kamal Yaşar

banner

Oxşar Xəbərlər