• çərşənbə, 16 Oktyabr, 01:02
  • Baku Bakı 16°C

İnvestorları düşündürən bahalaşma

16.03.24 03:02 4415
İnvestorları düşündürən bahalaşma

Həm qızılın, həm də “Bitcoin”in qiymətində artım müşahidə edilir. Bu artım bəzi psixoloji baryerləri belə adlayıb. Ekspertlər düşünürlər ki, hər iki bazar dəyişkən olduğu üçün istənilən an qiymət dəyişiklikləri yaşana bilər.

Son zamanlar dünya bazarında “Bitcoin”in qiyməti 70 min dolları keçib. Həmçinin qızılın qiyməti də yeni rekord qırmaqda davam edir, son bir ildə 19 faiz bahalaşma qeydə alınıb. İstər “Bitcoin”, istərsə də qızıl hazırda investisiya aləti kimi geniş istifadə olunur. Yatırım etmək istəyənlər bu qiymət artımlarından xeyirlə çıxmaq istəyirlər. Onları bu artımların səbəbləri və perspektivi də maraqlandırır. 

73.000 dollar ətrafında satılır

Kriptovalyuta eksperti Elnur Quliyevin sözlərinə görə, martın ilk ongünlüyündə “Bitcoin” son üç ildə ilk dəfə “Binance” birjasında 73.000 dollara qədər dəyər qazandı: “Hazırda isə “bitcoin” 1.4 trilyon dollar bazar kapitalizasiyası ilə 72.000 dollar ətrafında satılır. Bu qiymət ilə o, ümumi bazar kapitalizasiyasının 52.2 faizini təşkil edir. Qiymətin artmasına təsir edən əsas faktorlar korporativ şirkətlərin “Bitcoin”ə kəskin tələbatının yaranması və kriptovalyuta bazarına əlavə kapitalın daxil olması, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot faiz dərəcəsini vaxtından əvvəl azaldacağı ilə bağlı gözləntilərin artmasıdır”.

“Bitcoin”in növbəti hədəfi...

Ekspertin fikrincə, qiymətdə həm artım, həm də azalma mümkündür: “Analizə əsasən, “Bitcoin”in növbəti hədəfi 80.000 dollara qədər bahalaşmaqdır. Əgər hər hansı səbəbdən ciddi qiymət azalması baş verərsə, bu zaman dəyəri 55.170 və 50.500 dollar ətrafında olacaq. Bundan əlavə, qorxu və xəsislik indeksi hazırda 89 səviyyəsindədir. Bu amil investorlar arasında yüksək alış təzyiqi olduğunu göstərir. Bu göstərici 90 baldan çox olduqda, iri investorlar satış edərək qazanclarını fiksə edirlər. Çünki "həddindən artıq acgözlük" qiymətlərin düşməsi ilə müşayiət olunur”.

Müsahibimiz bildirdi ki, hazırda ölkəmizdə kriptovalyuta üzrə investorların sayını və ümumi investisiya məbləğini müəyyən etmək mümkün deyil. Azərbaycanda kriptovalyutaların istifadəsi və kriptoinvestisiyaların leqallaşdırılması üçün ilk növbədə müvafiq qanunvericilik aktları qəbul olunmalıdır. 

Bahalaşma investorlar üçün faydalıdır

E.Quliyev qızılın bahalaşmasının nəticələrinə də toxunub: “Adətən qızılın qiyməti bahalaşırsa, bu, qlobal iqtisadi böhranın yaxınlaşması və ya valyuta bazarına ciddi kapital axını əlaməti kimi qəbul olunur. İnvestorların bir qismi riskli, lakin yüksək qazanclı aktivlərə yatırım edirlərsə, digər qismi qızılı seçirlər. Bu tendensiya hələ bir müddət də davam edəcək. Qlobal makroiqtisadi mənzərədə investisiya tələblərinin formalaşmasında həlledici rolu FED oynayır. Böyük ehtimal ki, yaxın aylarda FED uçot dərəcəsini endirəcək. Uçot dərəcəsinin aşağı salınması maliyyə bazarında dolların likvidliyini artırır, kreditlər ucuzlaşır və bu, investisiya mühitinə müsbət təsir edir. Bunlar ümumilikdə iqtisadi artımı sürətləndirir, biznesə və vətəndaşlara aşağı faiz dərəcələri ilə daha ucuz pul əldə etməyə imkan verir. Ucuz pul investorları yeni texnologiyalara, startaplara və kriptovalyutalar da daxil olmaqla digər riskli aktivlərə investisiya etməyə təşviq edir”. 

Ekspertin sözlərinə görə, qızılın qiymətinin yüksəlməsi Azərbaycan iqtisadiyyatına iki istiqamətdə təsir göstərir: “Dünya bazarında qızılın qiymətinin artması ölkəmizin qızıl ixracından əldə etdiyi gəlirin artması ilə nəticələnir. İkinci amil isə, Dövlət Neft Fondunun aktivlərində təqribən 30 ton qızıl var, qiymətlərin artması onların da dəyərini artırır. Yəni biz ölkə olaraq qızılın bahalaşmasında maraqlıyıq”. 

Tələb və təklifdən yaranan artım

İqtisadçı Pünhan Musayev isə dedi ki, “Bitcoin”lə bağlı nikbinliyin səbəbi tələb və təklifdən irəli gəlir: “Tələblə bağlı məqam ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının tənzimləyici addımlarından qaynaqlanır. Təklif sarıdan isə “Bitcoin”i dəyərləndirən məqam onun təchizatı ilə əlaqədardır. Zaman keçdikcə dəyərinin aşınmaması üçün “Bitcoin” məhdud sayda təsis edilib. Hər yeni yaradılan blok üzrə “Bitcoin” mükafatı sayı dörd ildən bir 50 faiz azalır. Məsələn, başlanğıcda mükafat 50 “Bitcoin” idisə, 2012-ci ildə 25, 2016-cı ildə 12.5, 2020-ci ildə isə 6.25 “Bitcoin”ə qədər azalıb. “Halving” adlanan bu proses hazırda “Bitcoin”dəki tədarük şokunu daha da dərinləşdirir. Beləliklə, bəlli miqdar təklif qarşılığında geniş tələb aktivin sürətlə bahalanmasına şərait yaradır”.

Qızıl alışında son 50 ilin rekordu qeydə alınıb

P.Musayevin fikrincə, qızılın qiyməti də hələ maksimum həddə çatmayıb: “Qızılın qiymətindəki artım ABŞ dövlət istiqrazlarının gəlirliliyinin azalması, dolların zəifləməsi və yaranan iqtisadi problemlərə cavab olaraq Federal Ehtiyat Sisteminin pul siyasətini yumşaltması gözləntiləri ilə bağlı spekulyasiyaların (alış və satış qiymətləri arasındakı fərq sayəsində gəlir əldə etmək) birləşməsindən irəli gəlir. Ukrayna müharibəsi, 40 ilin ən yüksək inflyasiyası, rekord borc səviyyəsi, Qərb bank sistemində yaşanan müvəqqəti çalxalanma və Yaxın Şərqdəki münaqişədən əlavə, bir sıra ölkələrin qızıl alışını son 50 ilin maksimumuna çatdırmaları fonunda bahalaşma təbii görünür”. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər