“Sev”məyə çağıran roman
Natiq Məmmədlinin “Sev” romanı dünyada insanlar arasında sevgiyə, mərhəmətə, xeyirxahlığa böyük ehtiyac olduğunu çatdırmağa çalışır. Roman özündə həm də müasir dünyanın əhvalını və düşüncə çalarlarını nümayiş etdirir.
İnsanların sevgiyə ehtiyacı olduğu bir zamanda yarandı “Sev” romanı. Payızın çiskinli, boz havasına da istilik qatdı, qəlblərə işıq çilədi.
Yazıçı-publisist, Əməkdar jurnalist Natiq Məmmədlinin “Sev” romanının təqdimatında əsər haqqında səslənən fikirlər də insanlar arasında sevgiyə, mərhəmətə, xeyirxahlığa çağırışa çevrildi.
Sevənlər və sevməyənlərin dünyası
Təqdimatın aparıcısı Fərid Hüseyn kitab haqqında məlumat verərək bildirdi ki, əsər 21-ci əsr hadisələrindən bəhs edir və üç ayrı-ayrı coğrafiyanı əhatə edir: “Romanı oxuduqca əsərin qəhrəmanları ilə müxtəlif coğrafiyalara və zamanlara səyahət edirsən. Roman müasir dünyanın əhvalını və düşüncəsinin çalarlarını nümayiş etdirir. Əsərin maraqlı xüsusiyyətlərindən biri də odur ki, müəllif əsrləri romanda birləşdirməklə dünyanı ayrı-ayrı dinlərə, düşüncələrə bölmür, sevənlərə və sevməyənlərə bölür. Süjetdəki konflikt də o nöqtədə həll olur: dünya həqiqətən sevənlərdən və sevməyənlərdən ibarətdir. Kitabı oxuduqca həm də onun yazılma prosesini görürsən. Bu roman həm mövzunun, həm də nəzəriyyənin izinə düşən insanlar üçün son dərəcə maraqlı olacaq”.
Gənclər üçün cəlbedici
Mətbuat Şurasının sədri Rəşad Məcid müəllifin bir neçə ay öncə təqdimatı keçirilən ”150 ilin söhbəti” kitabını xatırladı: “Aprel ayında cənab Prezident Milli Mətbuatın 150 illiyi ilə bağlı Sərəncam imzaladı. Bu münasibətlə çoxlu tədbirlər keçirildi, kitab təqdimatları oldu. Bunların içərisində ən sanballılarından biri Natiq Məmmədlinin “150 ilin söhbəti” adlı kitabı idi”.
Təqdimatı keçirilən “Sev” romanından danışan R.Məcid qeyd etdi ki, əsər adına görə xüsusən gənclər üçün cəlbedicidir: “Sev” bir neçə qatlı romandır. Süjetdə müxtəlif dini konfensiyaların bir-birini sevən iki nümayəndəsinin öz ölkələrindəki qadağalara görə ən rahat məkan kimi Azərbaycanı seçməsindən bəhs olunur. Müəllif eyni zamanda, Azərbaycan ədəbiyyatının, folklorunun bilicisi kimi Sarı Aşıq dastanına paralellər aparır. Sarı Aşığın hamımızın dillər əzbəri olan gəraylılarını, insan sevgisini, hiss və duyğularını əhəmiyyətli dərəcədə göstərir”.
Dil və üslub missiyası
Professor Qulu Məhərrəmli dedi ki, ədəbiyyata jurnalistikadan, publisistikadan gələnlər tam hazır olur, cilalanmış ruhu, həm də mövzu qalereyası ilə seçilirlər: “Natiq Məmmədlinin bir çox hekayələrini oxumuşam. Nəqletmə, xarakteri göstərmək, konflikti ifadə etmək, obrazlara emosional gücü vermək baxımından müəllifin çox böyük imkanları var”. Q.Məhərrəmli yazıçının dil və üslubuna da toxundu: “Yazıçı üçün dili yaratmaq bir missiyadır. Bizim çox görkəmli yazıçılarımız həm də dilləri ilə tanınıblar. Azərbaycan orfoqrafiya lüğətində yer alan sözlərin əksəriyyəti demək olar ki, bədii ədəbiyyatdan qaynaqlanır. Yazıçın bir missiyası da insanların könlünü açmaq və oxşamaqdır. Natiq Məmmədlinin yaradıcılığında bu məqamlar da çox güclüdür”.
Ədəbiyyatın kodları
Millət vəkili Elçin Mirzəbəyli bildirdi ki, əslində bu gün cəmiyyət olaraq sevgiyə çox böyük ehtiyacımız var: “İnsana, vətənə olan sevgiyə ehtiyacımız var. Pıçıltı ilə, çığırmadan, hay-küy salmadan, kitabın özü kimi... Natiq Məmmədlinin digər əsərlərində də heç bir pafos yoxdur. Müəllifin insanlara, dostlarına münasibəti necədirsə, əsərlərində bu əks olunur”. E.Mirzəbəyli qeyd etdi ki, biz Cümhuriyyət dövründə baş verənləri “Əli və Nino”dan necə oxuyuruqsa, zaman gələcək, 21-ci əsrin əvvəlindəki proseslər də gələcək nəsillər üçün həmin ovqatı yaradacaq: “Ədəbiyyat emosional şəkildə tarixi münasibətlərin, reallıqların, insan sevgisinin gələcəyə ötürülməsi üçün sevgi kodlarından ibarətdir. “Sev” romanının da oxucular tərəfindən seviləcəyinə şübhə etmirəm”.
İnsanı sevgiyə səsləyən əsər
“Sev” adı müəllifin kim olduğunu göstərir” - deyə Əməkdar jurnalist Sahil İsgəndərli çıxışında bildirdi ki, sevgi çox geniş məfhumdur: “İnsan o hissi yaşamırsa, əsərini belə adlandıra bilməz. Bu, əslində sevgiyə, həyatı gözəlləşdirməyə çağırışdır. “Sev” başdan-başa insanı sevgiyə səsləyən əsərdir”.
Tədbirdə çıxış edən APA Media Qrupun rəhbəri Vüsalə Mahirqızı “müəllifin tarixlə müasirlik arasında paralellər aparması əsəri gənclər üçün oxunaqlı edəcək”, - deyə roman haqqında fikirlərini bölüşdü.
Əməkdar jurnalist Fuad Babayev Natiq Məmmədlini ən çox izlədiyi müəllif kimi dəyərləndirdi.
Yalnız sevənlər anlayar
Kitabın müəllifi Natiq Məmmədli əsərin ad seçiminin sirrini açdı: “Romanın birinci hissəsində “Allah kitabı göndərəndə insanlara buyurub ki, sev” yazılıb. Bu, Allahın bir müjdəsidir. Kitaba ad seçərkən fikirləşdim ki, Allahın göndərdiyi kəlmə ən gözəlidir”. N.Məmmədli romanı pandemiya vaxtında - beş il əvvəl yazdığını dedi: “Fikirləşdim ki, bu romanı gənclər üçün yazmaq lazımdır. Amma elə yazmalıyam ki, 21-ci əsr insanının psixoloji portreti burada əksini tapsın. Ona görə əsəri “Sev” adlandırdım. Süjet xətti mürəkkəbdir. “Sev” süjetin üst tərəfidir, aşağı qatlarını isə oxuduqca oxuyanlar anlayar. Ona görə kitabın üstünə yazdım ki, “Ancaq sevənlər anlayar!” N.Məmmədli bildirdi ki, bir ilə yaxın üzərində işlədiyi Qarabağ haqqında romanı da artıq başa çatdırıb və təqdimatını gözləyir: “Sevmək lazımdır ki, Qarabağın da qədrini bilək. Sevmək lazımdır ki, noyabrın soyuğunda əliyalın qayalara dırmaşan insanların şücaətini başa düşə bilək. İndiyə qədər bu psixoloji məqamı heç kəs aça bilməyib. Heç kəs deyə bilməz ki, o gənclər kitab, şeir oxuyaraq gedib Şuşanı alıblar. O genetik yaddaşdır”.
Təranə Məhərrəmova