Rəsmi görüşlərin qeyri-rəsmi çalarları
“Bir səfərin izi ilə” layihəsi çərçivəsində hazırlanan filmlər Ulu Öndər Heydər Əliyevin müxtəlif ölkələrə rəsmi səfərlərinin qeyri-rəsmi tərəflərinə də işıq tutur. Çəkiliş qrupu Ulu Öndərin səfər etdiyi şəhərlərə gedir, olduğu məkanları ziyarət edir və maraqlı anları təqdim edir.
Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin İtaliya və ABŞ-yə rəsmi səfərlərinə həsr olunan “Bir səfərin izi ilə” filmlərinin nümayişi böyük maraqla qarşılandı.
Layihə Azərbaycanın müasir xarici siyasətinin formalaşmasında Ulu Öndərin fəaliyyətini geniş auditoriyaya çatdırmağı, gənclərin Ümummilli Liderin siyasi irsi ilə daha yaxından tanış olmasını və vətənpərvərlik ruhunun gücləndirilməsini hədəfləyir. Filmlərdə yalnız rəsmi səfərlərin protokol çərçivəsindəki məqamları deyil, eyni zamanda protokoldan kənarda qalan detalları da peşəkarlıqla işıqlandırılıb.
Layihənin həyata keçirildiyi müddətdə yaradıcı heyət Heydər Əliyevin İtaliya, Çin, Yaponiya, Türk dünyası, Böyük Britaniya, Fransa, Belçika və Lüksemburq səfərləri haqqında sənədli filmlər hazırlayıb.
İncə diplomatiya və mesajlar
Layihə rəhbəri, tanınmış səyyah Azər Qərib bildirdi ki, layihə çərçivəsində indiyə qədər çəkilən ekran əsərləri tamaşaçılara Heydər Əliyevin rəsmi səfərlərinin qeyri-rəsmi tərəflərini nümayiş etdirir: “Filmlərdə biz Ulu Öndərin rəsmi səfərlərinə fərqli rakursdan baxmağa çalışmışıq. Həmçinin onun təkcə bir lider kimi deyil, bir insan kimi xüsusiyyətlərini göstərmək istədik. Biz Ulu Öndərin fəaliyyəti ilə bağlı arxivlərə baxır, tamaşaçı üçün maraqlı ola biləcək məqamları seçirdik. Əlbəttə, siyasəti unutmurduq. Çünki hər bir səfərin arxasında siyasət dayanırdı. Filmlərdən də görünür ki, Ulu Öndərin hər bir sözündə incə diplomatiya və mesajlar vardı”. Layihənin 8-ci filmi - “Bir səfərin izi ilə - ABŞ” filminə gəlincə, A.Qərib bildirdi ki, ekran əsəri “Heydər Əliyev və diplomatiya məktəbi” layihəsi çərçivəsində hazırlanıb və Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği məqsədi daşıyır: “Filmdə, eyni zamanda, Ulu Öndərin Azərbaycanla ABŞ arasında dostluq əlaqələrinin formalaşmasında oynadığı xüsusi rol barədə tarixi faktlar təqdim olunub. Filmdə kadr arxasında qalan məqamlar və Heydər Əliyevin qeyri-formal görüşləri də yer alıb”.
Layihə rəhbəri bildirdi ki, filmlər tamaşaçıya səfərlərin həm mahiyyətini, həm də məqsədini daha dolğun şəkildə çatdırır: “Bu məqsədlə çəkiliş qrupu Ulu Öndərin səfər etdiyi şəhərlərə gedir, həmin məkanları ziyarət edir və onların tarixini təqdim edir. Bu yanaşma izləyicinin mövzuya daha dərindən bələd olmasına imkan yaradır, Ulu Öndərin şəxsiyyətini daha yaxından tanıtmağa kömək edir”.
Gələcək nəsillər üçün əsl vizual ensiklopediya
Filmin redaktoru Ayaz Mirzəyev bildirir ki, layihə ilə bağlı dövlət televiziyasının arxivində səfər kasetlərini nəzərdən keçiriblər: “İlk baxdığımız da ABŞ səfəri ilə bağlı kasetlər idi. Biz bu kasetlərə “maraqlı bir tarixi kəşf edəcəyik” ehtirası ilə baxırdıq. Çünki bir çox kadrları ilk dəfə görürdük. Media sahəsindəki şəxsi təcrübəmdən bilirəm ki, səthin altında həmişə daha böyük bir həqiqət, məna olur. Biz də tamaşaçıların görmədiyi və ya diqqətindən yayınan o maraqlı həqiqətləri üzə çıxarmaq istəyirdik”. A.Mirzəyev bildirir ki, “Bir səfərin izi ilə - ABŞ” sənədli filmi təkcə bir səfərin xronikası deyil: “Tam cəsarətlə deyə bilərəm ki, bu film müstəqil Azərbaycanın formalaşmasının mühüm bir mərhələsinə baxışdır və gələcək nəsillərimiz üçün əsl vizual ensiklopediyadır”.
Unudulmaz və nadir kadrlar
“Bir səfərin izi ilə. İtaliya” filminin yenidən nümayişi İtaliya Respublikasının baş naziri Corcia Meloninin ölkəmizə rəsmi səfəri zamanına təsadüf etdi. Ulu Öndərin 1997-ci ildə bu ölkəyə rəsmi səfəri yaddaqalan olub. Film tamaşaçıları Heydər Əliyevin səfər etdiyi İtaliyanın tarixi şəhərlərinə aparır və rəsmi səfərin qeyri-rəsmi tərəfləri ilə tanış edir. Unudulmaz və nadir kadrlar bir-birini əvəzləyir. Tamaşaçı səyahətçi ilə birlikdə səfərin qeyri-adi anlarına nəzər salmaqla Roma, Neapol, Pompey və Kapri adasına heyrətamiz səyahətə çıxır. Ulu Öndər İtaliyada rəsmi görüşləri ilə yanaşı, muzeyləri ziyarət edir, şərəfinə verilən ziyafətlərdə iştirak edir, Kapri adasına səfəri zamanı yerli adət-ənənə ilə tanış olur, kilsənin qarşısında yeni evlənənlərin nikah mərasimi ilə rastlaşır, onlarla söhbətləşir, təbrik edir və cütlüyə hədiyyə verir. Nadir kadrlar tamaşaçıya Ulu Öndərin mehriban, ünsiyyətcil rəftarını, sadə insanlara xoş münasibətini aydın nümayiş etdirir.
Amerikada ilk tarixi görüş
“Bir səfərin izi ilə - ABŞ” sənədli filmi isə Heydər Əliyevin səfərlərinə həsr olunmuş filmlər toplusundan 8-cisidir. Filmdə 1997-ci il avqustun 1-də Ümummilli Liderin ABŞ prezidenti Bill Klintonla tarixi görüşündən olan kadrlar öz əksini tapıb. Ulu Öndər Ağ Evin Xatirə Kitabında “Azərbaycan xalqı adından Amerika xalqını salamlayıram”, - deyə yazır.
Bill Klinton Amerika liderlərinin görüşdüyü zalda Heydər Əliyevi və Azərbaycan nümayəndə heyətini qarşılayır. Müxtəlif sahələrlə bağlı protokolların imzalanması, Birləşmiş Millətlər Təşkilatında çıxışı zamanı Azərbaycan həqiqətlərini dünyaya çatıdırılması da bu görüşün əhəmiyyətli nəticələrindən olur. Bu görüş dövlətlərimiz arasında münasibətlərin inkişaf etdirilməsi üçün yeni bir səhifə açır. Ulu Öndərin ABŞ-nin başqa şəhərlərinə səfəri zamanı maraq göstərdiyi memarlıq nümunələri və məkanların tarixinə, mədəniyyətinə böyük marağı xüsusilə ön plana çıxarılır.
Təranə Məhərrəmova