• çərşənbə axşamı, 09 iyun, 07:26
  • Baku Bakı 22°C

“Adətən, insanlarla qəfil ayrılıram…” - ANIM

10.01.26 03:58 924
“Adətən, insanlarla qəfil ayrılıram…” - ANIM

“Moskva göz yaşlarına inanmır” filminin Katerinası Vera Alentova tamaşaçıların yaddaşında əsasən elə bu obrazı ilə qaldı. O, 60 il teatrda çalışdı və ömrünün sonuna kimi sənətinə sadiq qaldı. 

“Moskva göz yaşlarına inanmır” filminin məşhur Katerinası - Rusiyanın Xalq artisti, Azərbaycan tamaşaçıları tərəfindən də tanınan Vera Valentinovna Alentovanın vəfatı xəbəri sənətsevərləri məyus edib. Aktrisa 83 yaşında sevənləri ilə vidalaşıb. O, 60 il Puşkin Teatrında çalışıb. Vera Alentova əri Vladimir Menşovun rejissorluğu ilə çəkilən filmdəki Kateriana Tixomirovanın rolu ilə daha çox tanınır. Film və Katerinanın taleyi, Vera Alentovanın ekranda inandırıcı şəkildə təcəssüm etdirdiyi obraz insan ləyaqətinə və daxili gücünə himn kimi izləyicilərin yaddaşında əbədi qaldı. Aktrisa ümumilikdə 30-dan çox film və televiziya serialında rol alıb. 

Aktrisa olmasaydım…

“Anam mənim aktrisa olmağımı istəmirdi... Amma aktrisa olmasaydım, dünyanın ən bədbəxt insanı olardım, həvəsim olmayan bir işi seçərdim. Teatrda uzun bir ömür keçirdiyim üçün hələ də inanıram ki, dünyada mənim üçün bundan yaxşı peşə yoxdur”, - deyə məşhur aktrisa sənətinə sevgisini ifadə edirdi. 

1960-cı illərin əvvəllərində Alentova Moskvaya köçür və 1965-ci ildə Moskva İncəsənət Teatr Məktəbində aktyor Vasili Markovun kursunu bitirir: “O vaxtlar biz tələbələrə eyni vaxtda təhsil almaq və aktyorluq etmək qadağan idi, institutdan xaric edilə bilərdik. Mən bunun ədalətsiz olduğunu hesab edirdim. Amma özümü ilk dəfə ekranda görəndə dəhşətə gəldim. Çəkiliş zamanı sərbəst hərəkət etdiyimi düşünürdüm, amma əslində kürəyimə sancaq bağlanmış kimi gəzirdim”,- deyə aktrisa ilk çəkilişləri haqqında danışırdı.

Bir sevgi hekayəsi

Aktrisa bütün həyatını Bakıda anadan olan rejissor Vladimir Menşovla keçirib. Lakin onların ailə həyatı həmişə asan olmayıb. Vera Alentova ilə Vladimir Menşov aktyorluq təhsili alarkən Moskva İncəsənət Teatr Məktəbində tanış olublar. Onların dostluğu tez bir zamanda dərin sevgiyə çevrilib. “Adətən, insanlarla qəfil və əbədi olaraq ayrılıram. Amma qastrol səfərində olduğumuz zaman hər gün bir-birimizə məktub yazırdıq. Mən bu mesajları diqqətlə oxudum və özümü güclü, böyük bir sevgi atmosferinə qərq etdim. Qalan hər şey isə qəribə və əhəmiyyətsiz görünürdü - bu, həyatda ən qiymətli şeydir” - aktrisa xatırlayırdı.

Müəllimlər Vladimirin perspektivsiz olduğunu düşünərək Veraya onunla münasibət qurmaması barədə xəbərdarlıq edirlər. Vera isə onlardan fərqli olaraq dostunun uğuruna inanırdı: “Mən hələ Volodyaya aşiq deyildim. Biz yeni oxumağa, məşq etməyə və dostlaşmağa başlayırdıq”, - deyə Vera Valentinovna danışıb: “Amma hətta o zaman da bu oğlanın həm səmimiyyətə, həm də güclü ruha malik olduğunu hiss edirdim”.

Son 20 rubllarını toylarına xərcləyirlər

1962-ci ildə onlar evlənirlər və son 20 rubllarını tələbə yataqxanasındakı toylarına xərcləyirlər. Veranın gəlinlik paltarı yox idi. O, qarderobundakı ən yaxşı paltarını geyinir. Altı il sonra cütlüyün Yuliya adlı qızı doğulur. Onların hələ də öz evləri yox idi, amma sonra Alentova mənzil almağı bacarır. Onların gündəlik həyatı yaxşılaşır, lakin əri ilə şəxsi münasibətlərində münaqişə yaranır və bir müddət ayrılırlar. Vera özünü Moskvadakı Puşkin Teatrında, Vladimir isə Stavropol Teatrında tapır. Dörd ildən sonra yenidən bir araya gəlməyə qərar verirlər. 2012-ci ildə, 50 illik evlilik ildönümlərində Vera ilə Vladimir kilsədə evlənirlər.
Ər-arvad Puşkin Teatrında qızları Yuliya Menşovanın rejissorluq debütü olan “Sevgi. Məktublar”da tamaşasında səhnəyə də çıxırlar.

Dünya miqyasında şöhrət və tamaşaçı sevgisi

Veranın “Moskva göz yaşlarına inanmır” filmindəki baş rolu ona dünya miqyasında şöhrət və milyonlarla sovet tamaşaçısının sevgisini qazandırır. 1978-ci ildə əri Vladimir Menşov həm özünün, həm də Alentovanın həyatını dəyişdirəcək bir film çəkməyə başlayır. Rejissor uğur qazanan sadə bir əyalət qadınının həyatından bəhs edən “Moskva göz yaşlarına inanmır” melodramını yaradır.

Əvvəlcə o, həyat yoldaşını Katerina Tixomirova roluna seçməyi planlaşdırmırdı: Menşov bu rolda o dövrün kino divalarından olan İrina Kupçenko və ya Marqarita Terexovanı təsəvvür edirdi.

Yekunda Alentova əslində özünü - təkbaşına uşaq böyüdən və uğur üçün çalışan bir qadını ustalıqla canlandıra bilir. Çəkiliş meydançasında ona heç bir güzəşt edilmirdi: Menşov həyat yoldaşına ən sərt tələblər qoyur, maksimum orijinallığa can atırdı. Daha sonra o, əri ilə işləməyin nə qədər çətin olduğunu danışırdı. “Çəkiliş meydançasında nəsə səhv gedəndə rejissor həmişə məni tənqid edirdi. Mən onun ədalətsiz iddialarına cavab verə bilmirdim, çünki bilirdim ki, bu, ər-arvad arasında mübahisəyə bənzəyir”, - deyə aktrisa “Hər şey təsadüfi deyil” kitabında yazırdı.

“Oskar”  və 1 aprel zarafatı

Filmin premyerası 1979-cu ilin qışında baş tutdu. Alentova xatırlayırdı: “Rusiyanın hər şəhərində kassada kilometrlərlə növbələr yaranırdı”. İki il sonra film “Ən yaxşı xarici dil filmi” nominasiyasında “Oskar” mükafatına layiq görüldü. Xəbəri “Zaman” proqramında eşidən Menşov və Alentova əvvəlcə bunu 1 aprel zarafatı hesab edirlər…
Film ekranlara çıxandan sonra 85 milyon insan tərəfindən izlənildi və sovet kinosu tarixində ən çox izlənilən ikinci filmə çevrildi. Senzura zamanı “həddindən artıq açıq səhnələri” kəsmək istədilər, lakin ekran əsəri filmdən zövq alan ölkə rəhbəri Leonid Brejnev tərəfindən xilas edildi.

ABŞ Prezidenti Ronald Reyqan vaxtilə Mixail Qorbaçovla görüşündən əvvəl rus ruhunu daha yaxşı anlamaq üçün bu filmə səkkiz dəfə baxır.

2021-ci ildə Vladimir Menşov vəfat etdi. Bu, Vera Alentova üçün ağır zərbə oldu. “Yaxşı ki, həyatımda teatr var. Onsuz da biz onunla görüşəcəyik…”, - deyə aktrisa təsəlli tapırdı…

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər