• cümə axşamı, 05 dekabr, 07:40
  • Baku Bakı 6°C

“Orkestr çoxdanışan dirijoru sevmir” - SƏNƏT

17.08.24 04:30 4360
“Orkestr çoxdanışan dirijoru sevmir” - SƏNƏT

Əməkdar artist Əyyub Quliyev: “Konsert zamanı orkestrin quruluşuna, dirijorun funksiyalarına diqqət edirdim. Anladığım da olurdu, anlamadığım da. Amma marağım hədsiz idi. Atam bunu görüb meylimin nəyə olduğunu başa düşdü”. 

Azərbaycanın yeni nəsil dirijorları musiqimizə töhfələrini verirlər. Bugünkü həmsöhbətimiz Azərbaycan Dövlət Akademik Opera ve Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Bakı Musiqi Akademiyasının dosenti, Respublikanın Əməkdar artisti Əyyub Quliyevdir.

– Tar ifaçısı kimi tanıdığımız Əyyub Quliyevi sonradan dirijorluq sənətində gördük. 

– Xüsusi bir seçim qarşısında qalmadım. Bu, təbii proses kimi baş verdi. Uşaqlıqdan simfonik musiqini çox sevirdim. Şahmat fiqurlarını orkestrin quruluşuna uyğun düzürdüm və “at”ı mərkəzdə dirijor kimi qoyurdum. Musiqi səsləndirirdim və onu bu fiqurların ifa etdiyini təsəvvür edirdim. Simfonik orkestrlə həm atam Ramiz Quliyevlə, həm də solo konsertim olurdu. Konsert zamanı orkestrin quruluşuna, dirijorun funksiyalarına diqqət edirdim. Anladığım da olurdu, anlamadığım da. Amma marağım hədsiz idi. Atam bunu görüb meylimin nəyə olduğunu başa düşdü.

“Bizim məsuliyyətimiz ikiqatdır”

– Dirijor musiqiçilərlə necə dil tapmalıdır?

– Pianoçu pianoda, fleytaçı fleytada ifa edir. Dirijorun aləti isə orkestrdir. Dirijor özü bilavasitə ifa etməsə də, səsləri başqa ifaçıların vasitəsilə dünyaya gətirir. Səhnəyə qədər günlərlə məşq gedir, burada orkestr və dirijor arasında ünsiyyət qurulur. Necə ki, iki insan arasında münasibətin qurulması üçün ünsiyyət vacibdir, bizdə də belədir. Amma bizim məsuliyyətimiz ikiqatdır. Çünki insanlar arasında şəxsi münasibət alınmasa, onlar ayrılırlar. Mənim isə belə bir şansım yoxdur, nəticə göstərməliyəm. Musiqiçilər müxtəlifdir və hər birinin fərqli xarakteri var. Bəzən orkestrdə yaşlı, təcrübəli, tanınmış dirijorlarla işləmiş musiqiçilər olur. Onların xətrinə dəyəcək, qəlbini qıracaq heç nə deməməli, asta, yavaş addımlarla özünə yaxınlaşdırmalısan. Bunun üçün işgüzarlıq, intellekt, səbir lazımdır. Həmçinin dirijor sənətinin texnikasını bilməli, yaxşı psixoloq olmalısan. Burada səmimiyyət çox vacibidir. Sənin bir ideyan var. Onu musiqiçilərə təqdim etməli, inandırmalısan. Dirijor orkestri inandırmasa, orkestr onu qəbul etmir. Bu da ünsiyyət problemindən yaranır. Orkestr çoxdanışan dirijoru sevmir. 

“Dirijorun hətta addımlarında da xarizma olmalıdır”

– Peşəkar dirijor nə ilə fərqlənir?

– Alman bəstəkarı Rixard Ştrausun atası Münhen Opera Teatrında valtorn ifaçısı olub. O deyirdi ki, biz dirijorun keyfiyyətini addımlarından bilirik. Yəni dirijorun hətta addımlarında da xarizma, aristokratlıq, mədəniyyət olmalıdır. Əsərin ifasına hazırlıq, erudisiya olmalıdır. 

– Eyni müəllimdən, eyni proqram üzrə dərs alan dirijorların içindən öz individuallığını necə büruzə vermək olar? Məsələn, İlya Musinin tələbələrinin hər biri ayrı-ayrılıqda parlaq dirijorlar oldular və hər birinin öz üslubu var. 

– Müəllimlərdən çox şey asılıdır. Elə müəllim var ki, bir şablon yaradır və bütün tələbələrə eyni cür dərs deyir. Məcbur edir ki, hamısı buna riayət etsinlər. Ona görə də o dirijorlar sonradan bir-birilərinə bənzəyirlər, öz yerlərini tapa bilmirlər. Müxtəlif məktəblərdə müxtəlif müəllimlərdən təhsil almışam. Çalışmışam hərəsindən özümə lazım olanı götürüm. İlya Musinin adını çəkdiniz, o rus dirijorluq məktəbinin təməlini qoyanlardan biridir. Bir neçə nəsil dirijor yetişdirib. Onun tələbələri bir-birindən fərqlənir. Çünki onların individual keyfiyyətlərini öldürmür, əksinə, tapıb inkişaf etdirirdi. Mən Musinin nəvəsi sayıla bilərəm. Çünki onun ən sevimli tələbəsi və assistentinin tələbəsi olmuşam. 

“Onun həyəcanı və gözləntisi ilə yaşayıram”

– Fikrət Əmirovun “Min bir gecə” baleti yeni quruluşda Pekində sizin rəhbərliyinizlə ilk dəfə təqdim olunacaq.

– “Min bir gecə” baleti Pekin Milli İfaçılıq Mərkəzinin səhnəsində Sankt-Peterburqdakı Mariinski Teatrı Primorski səhnəsinin (Vladivostok) balet truppasının ifasında ilk dəfə nümayiş olunacaq. Səhnə əsəri Rusiyanın Əməkdar artisti Eldar Əliyevin yeni quruluşunda, müasir texnikanın köməyi ilə 3D formatda yeni dekorasiyalarla hazırlanıb. Baleti mənim rəhbərliyimlə Çin Milli Baletinin simfonik orkestri müşayiət edəcək. Çin hər kollektivi, hər tamaşanı nümayiş etdirmək arzusunda deyil. Çox seçicidirlər bu anlamda. Bizim əsərin o möhtəşəm sarayda təqdim olunması çox böyük uğurdur. Hazırda onun həyəcanı və gözləntisi ilə yaşayıram. 

“Çalışıram ki, əsərləri orijinaldan oxuyum”

– Deyilənlərə görə, peşə sahibləri arasında ən uzunömürlüləri dirijorlardır...

– Doğrudan da, belə bir deyim var. Amma mənə elə gəlir ki, bu, xüsusilə bizdən əvvəlki nəslə aiddir. Onlar sırf bir işlə məşğul olub, başqa heç bir ailə-məişət problemləri ilə özlərini yormayıblar. Hətta ailə quranda alınmayanda tez ayrılıb, yenidən evləniblər. Beləcə öz rahatlıq və xoşbəxliklərini qoruyublar. 

– Bu gün teatrlarımızda nə çatmır?

– Pandemiyadan sonra tamaşalar anşlaqla keçir. Amma yenə də müəyyən problemlər var. Düşünürəm ki, PR lazımdır. İctimai nəqliyyatda, ticarət mərkəzlərində afişaya, reklama ehtiyac var. Cəmiyyəti, xüsusən də gəncləri cəlb etmək lazımdır. Rusiyada “Puşkin kartı” var. Müəyyən məbləğ ödəyib kartı alırsan və tamaşalara endirimli qiymətə gedirsən. Bunu da tətbiq etmək olar. Mədəniyyətimiz çox zəngindir. Dövlətimiz onun inkişafı və təbliği üçün əlindən gəlir edir.  Amma kütləvi informasiya vasitələrinin də dəstəyinə ehtiyacımız var. İnsanlar da mədəniyyətimizə qayğı ilə yanaşmalıdır. Məşhur italyan bəstəkarı Cüzeppe Verdi xəstə olanda qaldığı hotelin yanından keçən yola saman səpiblər ki, karet keçəndə səsindən narahat olmasın. Mədəniyyət cəmiyyətin üzüdür. Ona belə qayğı ilə yanaşmaq lazımdır. 

Xanım Aydın

banner

Oxşar Xəbərlər