• cümə axşamı, 05 dekabr, 07:50
  • Baku Bakı 6°C

“Tar mənə, mən də tara başucalığı gətirdik” - MÜSAHİBƏ

30.11.24 02:48 692
“Tar mənə, mən də tara başucalığı gətirdik” - MÜSAHİBƏ

Möhlət Müslümov: “Televiziyalarda musiqini bilən redaktor yoxdur. Ona görə efirlərdən qaçmağa çalışıram. İdman şərhçisini və ya bir başqa sahənin adamını musiqi redaksiyasına rəhbər təyin edirlər”.

Bu il Xalq artisti, Milli Konservatoriyanın professoru Möhlət Müslümovun 70 yaşı tamam olub. Dekabrın 2-də Beynəlxalq Muğam Mərkəzində yubileyini sənət dostlarının əhatəsində qeyd edəcək. Görkəmli tarzən “Kaspi”yə müsahibəsində musiqiyə sevgisindən danışdı, görkəmli sənətkarlarla xatirələrini vərəqlədi, arzularından söhbət açdı…

"İllər uçub getdi…"

- Möhlət müəllim, yubileylər, xüsusən 70 illik ömür yolu geri dönüb illəri vərəqləmək üçün əsl fürsətdir. Bədahətən “Bəstənigar” yaratdığınız vaxtdan çox keçib. O uşaq sevginiz, sənətə marağınız necə, dəyişibmi?

- 70 yaş heç bilmirəm necə gəlib çatdı. Özüm-özümə də bu sualı verirəm. Düzdür, öz həyatımı yaşamışam, xalqımın qulluğunda durmuşam, musiqisinə, incəsənətinə xidmət etmişəm. Amma başım qarışdı tara, musiqi və muğamları öyrənməyə… Günün 12 saatını məşq edərdim. Deyirəm, heç mən yaşamamışam ki… Gənclik vaxtı nə əyləncə yeri, nə kinoteatr tanıyırdım. Boş vaxtım olan kimi, tarda məşq edirdim. Asəf Zeynallı adına məktəbdə təhsil alanda oranın su basmış zirzəmisi  vardı. Orada dərs keçməyə qoymurdular, işığı da yox idi. Evdən neft lampası gətirib, boş dərs saatlarında zirzəmiyə düşüb lampanı yandırır, məşq edirdim. Halbuki ətrafda “Araz” kinoteatrı vardı, kinoya baxmağa gedə bilərdim. Amma bu sənətə o qədər sevgim vardı ki, vaxtımı tara, musiqiyə sərf edirdim. Ona görə də mənə elə gəlir ki, 70 ilin bəlkə 10 ilini ailəm, valideynlərim üçün yaşamışam. İllər uçub getdi…

- İllər uçdu, amma sizə az şey qazandırmadı…

- Qazancım o oldu ki, tar mənə, mən də tara başucalığı gətirdik. Böyük bir tarçalanlar ordusu yetişdirdim. İndi çoxu əməkdar, xalq artsitləridir. Qiyabi tələbələrim də çoxdur. Sosial şəbəkələrdə gənc oğlan və qızlar var ki “ifamdan razısınızmı?”, “necə gəlib Azərbaycanda təhsil alım?” deyə ifalarını mənə göndərirlər. Baxıb görürəm ki, onlar bircə gün də məndən dərs almayıblar, amma məni təqlid edirlər. Burada Cənubi Azərbaycandan təhsil alan tələbələrim oldu, indi İranda böyük məktəb açıblar. Hətta mənim adıma muğam üçlüyü də yaradıblar. İranda muğamı çox sevirlər. Orada tarın xəstələri var. Məşhur cərrah var ki, tar çalır. Evdə başlarının üstündə tar asırlar. Mən oraya gedəndə küçədə rahat gəzə bilmirəm. “Gəl, arzumuzdu, toyda ifa et…” deyirlər. Bu da məni sevindirir ki, əməyim boşa getməyib. 70 ildə bunları da gördüm…

"Sən qorxma, gedək məşq edək..."

- Siz görkəmli xanəndələrlə, ifaçılarla çiyin-çiyinə işləmisiniz, onları müşayiət etmisiniz, birgə səhnəyə çıxmısınız… 

- Hərdən fikirləşirəm: yəqin o insanlar gənclərə inanırdılar. 21 yaşım vardı, konservatoriyaya qəbul oldum. Rəhmətlik Elman Bədəlov mənimlə bir kursda oxuyurdu. Məndən yaşca çox böyük idi, amma gec qəbul olmuşdu. Bir gün dedi ki, Əbülfət Əliyev ifana televizorda baxıb, sənlə “Humayun” oxumaq istəyir. Dedim, nə danışırsan, o hara, mən hara, qorxuram, ayaqlarım əsər. Üstündən bir ay keçdi, gəlib məni apardı. O görüş heç yadımdan çıxmır. Əbülfət müəllim “Şəhriyarı tanıyırsan” deyə soruşdu. Dedim, yox. “Onun bir qəzəli var: “Sızlayır əhvalıma sübhə qədər tarım mənim…” Mən səninlə “Humayun” oxuyacağam, bu qəzəli də ifa edəcəyəm. Sən qorxma, gedək məşq edək, qoy görsünlər ki, mən gənc bir oğlanla oxuyuram…” Bəlkə də o təklif mənim yolumda işıq yandırdı. Təəssüf ki, o lentlər qalmayıb. İlk müşayiət etdiyim böyük xanəndə Əbülfət Əliyev oldu. Sonra məni yavaş-yavaş tanıdılar. Hacıbaba Hüseynovu, İldırım Həsənovu, Yaqub Məmmədovu, Canəli Əkbərovu, Arif Babayevi, Şövkət xanımı, Sara xanımı, Tükəzban xanımı müşayiət elədim. Səxavət Məmmədovla 15 yaşımızdan bir yerdə oxumuşuq. Onda biz heç kim idik, sonra o Səxavət oldu, mən də Möhlət. Əsas bizi xalq sevirdi, el şənliklərinə gedirdik. Televiziya da bir dənə idi, bütün xalq bizi tanıdı. O insanları ki, görmüşəm, onlarla efirə çıxmışam, indiki efirlərə getməyə ayağım gəlmir. Qoy tənqid edim: televiziyalarda musiqini bilən redaktor yoxdur. Ona görə efirlərdən qaçmağa çalışıram. Heç olmasa, azca da olsa xəbərdar olsunlar bu dəryadan. İdman şərhçisini və ya bir başqa sahənin adamını musiqi redaksiyasına rəhbər təyin edirlər. Çox istərdim o yerlərdə musiqi təhsilli insanlar olsun ki, bu kontingenti tanısınlar! Bu sənət dəryadır. Deyə bilmərəm ki, mən bu dəryanın gözəl üzgüçüsüyəm, bu sözü deməyə qorxuram. Bu gün öyrənib ifa etdiyimi beş ildən sonra bəyənmirəm. Bir insan ömrü bunu öyrənməyə çatmır.

- Müşayiət niyə çətindir?

- Müşayiət edən tarzənin o qədər ehtiyatı olmalıdır ki, xanəndə bədahətən oxuyanda ona cavab versin. Tarzən həm özünə, həm xanəndəyə, həm də kamança ifaçısına cavabdehdir. Mən heç vaxt aylarla məşq edib səhnəyə çıxmağı xoşlamamışam. Muğamı məşq edəndə elə bilirəm ki, əzbərçilik olur. Ansamblla məşqlər etməyə məcbursan. Amma “üçlük”də muğam yerlərini məşq etdmirdim, beynimə nə gəlirdisə, onu da edirdim. O da effekt verirdi. Bədahətən ifa edəndə lap barmağın ilişsə, çaşsan belə, yenə də şirindir... 

"Habil Əliyevlə Əlibaba müəllim məni çağırdı…"

- Hərdən yaşlı sənətkarlar deyirlər ki, sağımız, solumuz boşdur, dostlarımız, həmkarlarımız, sənət yoldaşlarımız gedib. Siz ətrafa baxanda nə düşünürsünüz, hansı fərqi hiss edirsiniz? Artıq ətrafınızda o nəsil yoxdur…

-    Mən bunu bu yaxınlarda hiss etdim. Görün, kimləri itirdik… Bu yaxınlarda haqqımda bir videoçarx çəkdilər. Mən istərdim ki, haqqımda Habil Əliyev, Əlibaba Məmmədov, Ağaxan Abdullayev, Yaqub Məmmədov, Məmmədbağır Bağırzadə, Vahid Abdullayev danışsın. Düzdür, indi də qiymət verənlər, bilənlər var, amma o deyil. Bir dəfə tələbələrlə görüşdə Habil Əliyevdən soruşdular ki, birdən tar ifa etsəydiniz, kimin kimi çalardınız? Zaldakılar yəqin gözləyirdi ki, o, Qurban Pirimovun, Hacı Məmmədovun adını çəkəcək. Amma Habil müəllim ”mən tar çalsaydım, çalışardım Möhlət Müslümov kimi ifa edim…” dedi. Mən utandım, qoymadım o fikirlər efirə getsin. Sonra o fikirlər necəsə “youtube”də yayılmışdı. Hətta Cənubi Azərbaycandan mənə göndərirdilər. İndi deyirəm ki, daha 70-dir də, qoy bu fikirlər getsin. Bəlkə heç 75-i, 80-i qeyd etməyəcəm… Düzdür, o kişilər məndən yaşca böyük idilər. Mənim 24-25 yaşım vardı. Yaşlı sənətkarlar məni çağırıb tənqid edirdilər. 22 yaşım olanda Asəf Zeynallı adına Musiqi Məktəbində müəllim olmuşam. Milli Musiqi Konservatoriyası açılanda ilk muğam müəllimi kimi məni dəvət etdilər. Klassikanı da bilirəm, öz dəst-xəttim də var. Məni nə qədər tənqid edirdilərsə, həvəsdən düşmürdüm, öz dəst-xəttimi ifa etməyə məcbur idim. Çünki gitaranın tüğyan etdiyi bir vaxt idi, tarı sevdirmək lazım idi. Mən öz tərzimdə bədahətən yeniliklər tapırdım, amma tənqidlərlə qarşılaşırdım. Bir gün Habil Əliyevlə Əlibaba müəllim məni çağırıb “heç kimə qulaq asma, bu yolu davam elə, vaxt olar, bunun xeyrini görərsən, biz sənə xeyir-dua veririk” dedilər. Doğrudan da, üstündən 5 il keçdi, gördüm mənim onda elədiklərimi indi edirlər…

7 gün 7 muğam

-    “Ən böyük arzum idi ki, Qarabağ azad olunsun, gedim orada 7 gün 7 müqəddəs muğamımızı ifa edim…”

- Hə, bunu çoxdan demişəm… Bilirsiniz, hər sənətkarın bir püxtələşmə dövrü var. Biz rəhmətlik Səxavətlə tələbə, sonra sənət yoldaşı, daha sonra ailəvi dost olduq. Səxavətlə Qarabağın elə bir yeri yox idi ki, orada olmayım. Məni oralarda o qədər sevirdilər ki, bir dəfə getməyəndə Səxavətdən “niyə gəlməyib?” deyə soruşurdular. Sonra torpaqlar işğal oldu. O insanlar ki, orada onların çörəyini yedim, suyunu içdim, özümün də, tarımın da onlara borcu vardı. Arzu edirdim ki, Qarabağ alınaydı, gedib yeddi gün muğam axşamı təşkil edə, yeddi əsas muğamımızı hər gün ifa edəydim. Torpaqlar azad olunandan sonra Qarabağda çox olmuşam. Şuşada, Laçında olmuşam. Laçında “Ata-oğulların çıxışı” layihəsində oğlum Rüstəmlə çıxış elədim. Konsert arzumu da yəqin ki, həyata keçirəcəyəm.

- Milli Konservatoriyanın professoru kimi tələbələr haqqında fikirləriniz maraqlıdır. Özünüzün oxuduğunuz illərdəki kimi onlarda da entuziazm varmı?

- Təəssüf ki, yoxdur…İndiki tələbələr dərsə güclə gəlirlər. 10 nəfərdən birində bizdə olan həvəsin 30 faizi olsa, sevinərəm. Mən dərsdən gəlirdim, yeməyimi yeyib tar çalırdım. İstədiyimi ala bilmirdim, yatırdım, yuxuda görüb gecə saat 3-4-də durub yenə ifa edərdim. Anam atama deyirdi ki, bu uşaq xəstələnib, onu bir həkimə göstər. İndi bu həvəsi tələbələrdə görmürəm. Bu yaxınlarda “Ustad dərsi” elədim. Efirdə yayımlandı. Efirə çıxarmağa 10 il əvvəlki tələbələrdən tapa bilmədim. Tələbəyə görə hərəkət elədim, özümə görə yox…

- İllər öncə 100 yaşlı tarınızın itməsi xəbəri yayıldı. O tarın taleyi necə oldu?

- O tar tapılmadı ki... Onu alanda 90 yaşı vardı. Qəmərlinski adlı tar ifaçısı vardı. Onun oğlu bir gün dedi ki, atamızın tarını satırıq, 90 yaşı var. O tarı aldım, öz əlimə uyğunlaşdırdım, sökdürüb-yığdırdım. Oğlum Asəf Zeynallıda oxuyanda tarı mühafizəçinin yanında qoyub. Tarın futlyarı qalıb, özünü götürmüşdülər. O vaxt kamera da yox idi. Çox səsə salmağa da utandım. Polad Bülbüloğlu haradansa eşitmişdi. Zəng vurdu ki, niyə deməmisən, axtarışa verərdik. DİN-dən də zəng elədilər. Dedim, lazım deyil, kimsə tanımadığım adam gəlib götürüb. Şikayət eləmək istəmədim, ortada mühafizəçi vardı. Amma o tarı görsəm tanıyaram. Tarın sədəfləri məndə qalıb.

"Allah mənə güc versə..."

- 70 yaşınıza arzunuz...

- İfa eləmədiyim musiqi qalmayıb, hamısını ifa eləmişəm. Amma Allah mənə güc versə və mənə vəhy gəlsə, bir neçə ifa olunmayan bəstəkar və xalq mahnıları var, onları ifa edib lentə yazdırmaq istəyərəm. Arzu edirəm, bir daha müharibə olmasın! Xalqımızın ehtiyacı ancaq musiqiyə olsun. Bir də xalqımız keçmiş adət-ənənəmizə qayıtsın. Toylarımıza fikir versinlər. Bəy-gəlinlər “Vağzalı” ilə məclisə daxil olsunlar. Özümə arzum budur ki, 90 yaşımda olsam da, tar əlimdə olsun. Tar elə alətdir ki, uşağa da yaraşır, yaşlıya da. Tara “ulu alət” ona görə deyirlər…

Söhbətləşdi
Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər