• çərşənbə axşamı, 09 iyun, 08:33
  • Baku Bakı 22°C

Ən yaxşı turizm filmləri mükafatlandırılıb

06.12.25 02:40 1445
Ən yaxşı turizm filmləri mükafatlandırılıb

İl ərzində 50-dən çox ölkədən 4000-dən çox video dünyanın aparıcı turizm və korporativ film festivallarında yarışaraq sənayenin ən məşhur filmləri arasında yer almağa çalışıb.

Portuqaliyanın tarixi Gimarayeş şəhərində Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CİFFT) 37-ci yekun mərasimi keçirilib. 4-5 dekabr tarixlərində keçirilən tədbir CİFFT və Gimarayeş Bələdiyyəsinin təşkilatçılığı tərəfindən dəstəklənir. 

Kimlər qatılıb?

Mərasimdə ən yaxşı dünya turizm filmləri (World Tourism Film Award 2025) mükafatlandırılıb. İki gün davam edən tədbirdə dünyanın müxtəlif ölkələrindən turizm mütəxəssisləri, yaradıcı agentliklərin nümayəndələri, istehsal şirkətlərinin təmsilçiləri, jurnalistlər, eləcə də Birləşmiş Krallıq, İspaniya, Kolumbiya, Mərakeş, Almaniya, Yunanıstan, Polşa, İsveç, İsveçrə və s. ölkələrdən qonaqlar iştirak ediblər.

4000-dən çox video

Tarixi Hersoq Braqanza sarayında keçirilən açılış mərasimində çıxış edən təşkilatın direktoru Alexander V.Kammel qonaqları salamlayaraq qeyd edib ki, il ərzində 50-dən çox ölkədən 4000-dən çox video dünyanın aparıcı turizm və korporativ film festivallarında yarışaraq sənayenin ən məşhur filmləri arasında yer almağa çalışıb: "İndi həmin səyahətin nəticələrini qeyd etmək üçün "Portuqaliyanın beşiyi"ndə toplaşmışıq. Dünyanın ən yaxşı turizm filmləri, onları ərsəyə gətirən peşəkarlar mükafat qazanıblar. Bu anları sizinlə bölüşməkdən şərəf duyuruq".

Filmlər beş əsas kateqoriya - şəhər, region, ölkə tanıtımı, turizm məhsulları və turizm xidmətləri üzrə mükafatlandırılıb. Bu il iki xüsusi mükafat - "Turizm Mətbuatı Mükafatı" və "GreenWorking Awards" mükafatları da sahiblərini tapıb.

"Portuqaliyanın beşiyi"

Gimarayeş Bələdiyyəsinin məsləhətçisi İsabel Ferrura bildirib ki, dünya turizm filmlərinin mükafatlandırma mərasiminin bu şəhərdə keçirilməsi təsadüfi deyil: "Bu tarixi şəhər UNESCO-nun Dünya İrsi Siyahısındadır və "Portuqaliyanın beşiyi" kimi tanınır: " Gimarayeş irsin, yaradıcılığın və innovasiyanın bir araya gəldiyi unikal bir mühitdir. Şəhərimizdə ilk dəfə keçirilən bu tədbir bələdiyyə üçün olduqca mədəni, iqtisadi və strateji fürsətdir".

Tədbir çərçivəsində iştirakçılar şəbəkə sessiyalarında, ekspert panellərində iştirak edib, təyinat marketinqi, yaradıcı sənaye və kommunikasiya sahəsində liderlər arasında mübadiləni təşviq edən mədəni təcrübələrə qoşulublar. İsveçrə, Almaniya, Monteneqro, Bosniya-Herseqovina, Portuqaliya və s ölkələrin turizm nümayəndələri təcrübələrini bölüşüb, turizm sənayesində inkişafın yollarından danışıblar. 

Mükafatlandırma mərasiminə qatılan qonaqlar üçün tarixi şəhərə mediatur təşkil olunub.

Festivalın ikinci günü mükafatlandırma mərasimində qaliblər elan olunub.

Qeyd edək ki, “Global Media Group”a daxil olan “Kaspi” qəzetinin əməkdaşı Təranə Məhərrəmova mükafatlandırma mərasimində festivalın münsiflər heyətinin üzvü kimi iştirak edib.

banner

Oxşar Xəbərlər