• cümə axşamı, 05 dekabr, 07:53
  • Baku Bakı 6°C

Mehdiabad sakinlərinin ildən-ilə ötürülən PROBLEMİ

29.10.22 05:00 11071
Mehdiabad sakinlərinin ildən-ilə ötürülən PROBLEMİ

Qəsəbənin bəzi küçələrində müstəqilliyimizin ilk illərindən məskunlaşma olsa da, indiyə qədər kanalizasiya problemi həllini tapmayıb. Cavabdeh qurumlar problemdən agah olduqlarını deyir və gözləməyi məsləhət görürlər.

Abşeron rayonu Mehdiabad qəsəbəsi Bəxtiyar Vahabzadə, Gülçin Mehrəliyev küçələrinin, həmçinin Digah yoluna çıxışı olan digər küçələrin kanalizasiya xətti yoxdur. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, bu küçələrdə məskunlaşma müstəqilliyimizin ilk illərindən başlayıb. Həmin vaxtdan indiyə qədər 30 ildən çox vaxt keçib, məskunlaşma son 10 ildə daha sıx xarakter alıb, amma kanalizasiya problem indiyə qədər həllini tapmayıb.

Torpaq çirkab sulardan “doyub”

Vətəndaşlar vəziyyətdən çıxış yolu kimi şəxsi həyətlərində, eləcə də darvazalarının qarşısında quyu – şambo qazdıraraq çirkab suları ora axıdırlar. Bu da torpaq qatının, yeraltı su mənbələrinin çirklənməsinə, digər ekoloji problemlərə səbəb olur. Ən nəhayət, ötən illər ərzində torpaq çirkab sulardan “doyduğu” üçün kanalizasiya quyuları – şambolar tez-tez dolur, ətrafa üfunət, çirkab su yayılır. Üfunət qoxu, çirkab su axıntısı yaranmasın deyə, B.Vahabzadə, G.Mehrəliyev və digər küçələrin sakinləri 60-90 manat müqabilində mütəmadi olaraq o şamboları təmizlətdirmək məcburiyyətində qalırlar. Bu da sakinlərə əlavə qayğı və xərcdir. Sakinlər bildirir ki, Mehdiabad qəsəbəsinin Digah yolundan başlayan küçələr kanalizasiya xətti olan Sabir Muradov küçəsi ilə kəsişir. Onların iddiasına görə, qeyd olunan bütün küçələri bu xəttə qoşmaq üçün hər küçə üzrə cəmi 400-500 metr məsafədə kanalizasiya şəbəkəsi yaratmaq gərəkdir. Bununla da vətəndaşların bu məişət qayğısını birdəfəlik həll etmək mümkündür.

Problemlərə etinasız yanaşılır

Sakinlərin söylədiyinə və bizə təqdim etdikləri sənədlərə görə, bu problemin həlli ilə bağlı 29 sentyabr 2019-cu il tarixdə “Azərsu” ASC-yə ərizə ilə elektron müraciət edib, poçt vasitəsilə məktub ünvanlayıblar. Vətəndaşların müraciətinə “Bağlar Sukanal” İdarəsinin rəisi Bəhlul Ramazanov “yaxın gələcəkdə məsələ həllini tapacaq” deyə, 19 noyabr 2019-cu il tarixdə elektron cavab verib. Amma indiyə qədər həmin o “yaxın gələcək” B.Vahabzadə, G.Mehrəliyev və digər küçələrin sakinləri üçün gəlib çıxmayıb. Şifahi şəkildə telefon əlaqəsi yaradıb “Azərsu”ya problemi çatdıranda Mehdiabad bələdiyyəsinə, qəsəbə icra nümayəndəliyinə müraciət etmək tövsiyə olunub. Bələdiyyə və İcra nümayəndəliyi isə məsuliyyəti üzərindən ataraq vətəndaşları “Azərsu”ya istiqamətləndirib. Nəticə etibarilə aidiyyəti qurumlar məsuliyyəti bir-birinin üzərinə atıb, qəsəbə sakinlərini qayğılandıran problemlərə etinasız yanaşıblar.

Mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur

Prezident İlham Əliyevin 4 may 2021-ci  il və 19 yanvar 2022-ci il tarixli sərəncamları ilə “Azərsu” ASC-nin rəhbəri dəyişəndən, Abdin Fərzəliyev Abşeron rayon icra hakimiyyəti başçısı təyin olunandan sonra sakinlər cari ilin 11 may tarixində yenidən rəsmi qurumlara müraciət edərək problemlərinin həllinə dəstək istəyiblər. İcra Hakimiyyətinə, “Azərsu” ASC-yə, Mehdiabad Qəsəbə Bələdiyyəsinə, Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinə ünvanlanan rəsmi müraciətə yalnız icra başçısının müavini Gülnar Rəhimovanın imzası ilə 17 iyun tarixdə cavab məktubu gəlib. Məktubda qeyd olunub ki, Abşeron rayonunun Xırdalan şəhərindən başqa heç bir yaşayış məntəqəsində mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur. Bildirilib ki, Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixdə imzaladığı 500 nömrəli fərmanla təsdiq olunmuş “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Abşeron rayonunun bütün yaşayış məntəqələrində, eləcə də Mehdiabad qəsəbəsində su və kanalizasiya şəbəkələrinin qurulması işinin “Azərsu” ASC tərəfindən aparılması nəzərdə tutulub. Başçının müavini vurğulayıb ki, bu işin sürətləndirilməsi üçün Abşeron rayon icra Hakimiyyəti tərəfindən Nazirlər Kabinetinə və “Azərsu” ASC-yə rəsmi müraciət edilib.

Abşeron rayonunun master planı

Vətəndaşların problemlərinə aidiyyəti qurumların göstərdiyi münasibəti nəzərə alsaq, deyə bilərik ki, 3 il ərzində Mehdiabad qəsəbəsindəki Bəxtiyar Vahabzadə, Gülçin Mehrəliyev və digər küçələrin sakinlərinə problemin həlli ilə bağlı yalnız quru vədlər verilib, heç bir əməli tədbir görülməyib. Maraqlıdır, niyə? “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı mövzu ilə bağlı “Kaspi” qəzetinə bildirib ki, Abşeron rayonunun master planında hər bir yaşayış məntəqəsində, o cümlədən yeni massivlərdə kanalizasiya infrastrukturunun yenilənməsi və yenidən qurulması öz əksini tapıb. Onun sözlərinə görə, master planda Abşeron yarımadası 14 hövzəyə bölünüb və bu hövzələr üzrə həm də yeni tullantı su təmizləyici qurğuların tikilməsi, yenidən qurulması planlaşdırılıb: “Abşeron yarımadasında ümumi məhsuldarlıq gücü sutka ərzində 1 milyon 400 min kubdan çox olan 11 ədəd yeni qurğunun tikintisi və yenidən qurulması nəzərdə tutulub. Kanalizasiya şəbəkəsinin yaradılması üçün ilk növbədə təmizləyici qurğular tikilməli, ardınca çirkab suları gətirici əsas kollektorlar inşa olunmalı, sonuncu mərhələdə isə şəbəkələr yaradılmalıdır”.

Yeganə çarə gözləməkdir

Mehdiabad ərazisinin Pirşağı tullantı su təmizləyici qurğular zonasına daxil olduğunu xatırladan A.Cəbrayıllı deyib ki, artıq Pirşağıda sözügedən qurğu tikilib və istismara hazırdır: “Hazırda bu qurğunun iki müxtəlif istiqamətdən tullantı su gətirici xətlərinin tikintisi həyata keçirilir. Bu proses yekunlaşandan sonra növbəti mərhələdə Mehdiabad istiqamətində üçüncü tullantı su gətirici kollektorun tikintisinə və kanalizasiya şəbəkələrinin yaradılmasına başlanılacaqdır. Bütün bu işlər dövlət investisiyası hesabına başa gəlir. Yəni işin həyata keçirilməsi, planlaşdırılan layihələr dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına mərhələ-mərhələ icra olunur. Düşünürəm ki, artıq qarşıdakı bir neçə il ərzində Mehdiabad qəsəbəsinin də tullantı sularını toplayıb kənarlaşdıracaq, Pirşağıdakı su təmizləyici qurğuya ötürəcək kollektorun və şəbəkələrin tikintisinə başlanılacaqdır”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər