• cümə axşamı, 05 dekabr, 07:47
  • Baku Bakı 6°C

Faydalı bilib yediyimiz zəhər - ARAŞDIRMA

06.05.23 02:00 17103
Faydalı bilib yediyimiz zəhər - ARAŞDIRMA

Hazırda bazarlarda, marketlərdə mövsümündən əvvəl satışa çıxarılan meyvələrə tez-tez rast gəlirik. Bir çoxlarımız baha olmasına rəğmən, onları alıb qida rasionumuza daxil edirik. Lakin mütəxəssislər bu cür meyvələrin kimyəvi zəhərlənmə, allergiya, dəridə qaşınma, gözdə sulanma, səpmə, hətta huşun itirilməsi kimi fəsadlara yol açacağı qənaətindədir. 

“Adamın evdə xəstəsi, uşağı olanda, məcbur alır. Amma dadı yoxdur. Birinin dadına baxdım, xalis zəhərdir”.

“Dünən iş yoldaşım çiyələkdən zəhərlənib”.

Bu fikirlər sosial şəbəkələrdə mövsümü olmayan meyvələr haqqında paylaşılan rəylərin sadəcə bir qismidir. Küçədə, bazarda piştaxtalarda artıq yay meyvələrini görmək mümkündür. İnsanlar isə bildirir ki, bu meyvələr yaydakı kimi dadmır. Məcbur alsalar da, zərərindən qoruna bilmirlər. Bəs mövsümü olmayan meyvələrin zərərlərindən özümüzü necə qoruyaq?

Meyvənin üzünə baxanda da görmək mümkündür

Terapevt-həkim Fəxriyyə Əhmədova bildirdi ki, mövsümündən qabaq bu meyvələri istifadə etmək faydalı deyil, əksinə, çox təhlükəlidir: “Xüsusilə uşaqlar bu meyvələrə daha çox maraqlıdır. Valideynlər çalışmalıdır uşaqları qorusunlar. Çünki hazırda bu meyvələrin vaxtı deyil. Sadəcə, üzünə baxanda da təbii olmadıqlarını görmək mümkündür. İndi satışda olan meyvələrin əksəriyyəti ya geni dəyişdirilmiş, ya da istixanalarda yetişdirilib həddən artıq dərman istifadə olunan məhsullardır. Bu dərmanlar orqanizm üçün ciddi problemlər yarada bilər. Belə meyvələr xərçəng riskindən tutmuş ciddi mədə-bağırsaq pozğunluqlarına qədər gətirib çıxara bilər. Bir sözlə, hazırda bu meyvələrin istifadəsi məsləhət görülmür”.

“Əgər bir faydası olsa, eybi yox, alıb yeməyə dəyər”

Qida məsələləri üzrə ekspert Ağa Salamov dedi ki, mövsümündən əvvəl yetişdirilən meyvələri almaq insanların büdcəsinə də ziyandır: “Meyvələrin mövsümündən əvvəl yetişdirilməsi həm də qiymətinin baha olmasına səbəb olur. Bir az səbir etsələr, mövsümündə bu meyvələrdən həm bol olur, həm də daha ucuz. Yəni iqtisadi tərəfdən də büdcələrinə qənaət etmiş olurlar. Mövsümündə yetişəndə meyvələr daha faydalıdır. Əgər bir faydası varsa, baha da olsa alıb yeməyə dəyər. Mövsümündən əvvəl yetişən meyvələrin heç bir faydası yoxdur”.

“O meyvələr hibrid sayılır” 

Ekspertin sözlərinə görə, bu meyvələrin zərərli olduğu dərmanlanmasından bəllidir: “O meyvələr hibrid sayılır. Onların yetişdirilməsində 2 pestisiddən istifadə olunur. Bunun biri yabanı otlara, digəri isə qurdlara qarşıdır. Pestisid kimyəvi dərmanlama prosesidir. Yabanı otlara qarşı olan dərmanlama bitkinin kənarından, kökündən çıxan alaq otlarına qarşıdır. Çünki bu otlar meyvənin kökünü zəiflədir və bol məhsul əldə etməyin qarşısını alır. Digər pestisid isə böcəklərə qarşıdır. Hansı ki, həmin zərərli böcəklər bitkini yeyir, qurd salır. Hər iki dərmanlama prosesində xüsusi geyimdən istifadə olunur. Dərmanlayan insanların hətta ağızları da bağlı vəziyyətdədir. Bu da ondan ötrüdür ki, dərman nəfəs borularına gedib ağciyərlərini zədələməsin. Bu cür dərmanlanan meyvələrin yeyilməsi kimyəvi zəhərlənmələrə də yol açır. Allergiya, dəridə qaşınma, gözdə sulanma, səpmə, hətta huşun itməsinə qədər gətirib çıxara bilər”.  

Sirkə zəhərlənməni ikiqat artırır

Qida ekspertinin fikrincə, bu meyvələr düzgün şərtlər altında yuyulmayanda da ayrıca zərər verir: “Çox adam meyvə və tərəvəzləri sirkə ilə yuyur. Amma bu cür hibrid -mövsümündən əvvəl yetişən meyvələrin yuyulma texnologiyası sirkə ilə deyil. Sosial şəbəkədə qeyri-mütəxəssislər meyvələri sirkə ilə yuyur və insanlar da onlara baxıb təkrarlayır. Elmi araşdırmalar isə sübut edir ki, dərmanlanan və mövsümündən əvvəl yetişdirilən meyvə və tərəvəzləri sirkəli suda yumaq olmaz. Çünki sirkə ilə reaksiyaya girən pestisidlər zəhərlənməni, allergiyanı 2 qat artıra bilər”.  

Ən yaxşı üsul çay sodasında yuyulmadır

A.Salamov bildirdi ki, meyvə və tərəvəzlərin ən doğru yuyulma üsulu soda ilədir: “Bəzən insanlar adi su ilə yuyur, bu da qadağandır. Ən yaxşı üsul çay sodasında yuyulmasıdır. Çünki çay sodası heç bir kimyəvi maddə ilə reaksiyaya girmir. 10 litr suya bir xörək qaşığı çay sodası əlavə edib 5-10 dəqiqə saxlamaq lazımdır. Meyvəni sodalı suyun içində saxladıqdan sonra axar suyun altında durulayıb, sonra yemək mümkündür. Saxladıqları suya baxsalar, meyvənin toz-torpağını öz gözləri ilə görəcəklər. Sodalı su pestisidlərin hamısını tökür. Həm kimyəvi zəhərlənmədən qoruyur, həm də üzərində olan gözlə görünməyən mikroorqanizmlərin yox olmasına gətirib çıxarır”.

Zərif Salmanlı 

banner

Oxşar Xəbərlər