• cümə axşamı, 05 dekabr, 07:52
  • Baku Bakı 6°C

3 illik saytlar dərdi - ARAŞDIRMA

20.01.23 05:30 15606
3 illik saytlar dərdi - ARAŞDIRMA

Büdcədən maliyyələşdirilən layihələr hesabına ərsəyə gələn bir çox onlayn media resursları bu gün işlək vəziyyətdə deyil. Halbuki əhalinin maariflənməsində, informasiya müharibəsinin aktuallığını itirmədiyi indiki dövrdə həmin saytların fəaliyyət göstərməsi zəruridir.

Cəmiyyətdə yeni münasibətlər modelini formalaşdırmaq, vətəndaş təşəbbüsünü artırmaq, milli maraqların qorunmasını təmin etmək, Azərbaycan həqiqətlərini və haqlı mövqeyini dünyaya çatdırmaq üçün qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinə böyük ehtiyac var. Ona görə də QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən III sektor təmsilçilərinin ən müxtəlif layihələri maliyyələşdirilir. İnsafən, bu maddi dəstək müqabilində bir çox QHT-lər tərəfindən ortaya sanballı iş qoyulur.

Bu çərçivədə atılan addımlardan biri də müxtəlif sahələri əhatə edən, cəmiyyətin maariflənməsinə töhfə verən onlayn media resurslarının – saytların yaradılmasıdır. Bu, müsbət haldır və birmənalı olaraq təqdir edilir. Təəssüf doğuran məqam ondan ibarətdir ki, vaxtilə yaradılan belə saytların bir qismi hazırda işlək vəziyyətdə deyil. Halbuki əhalinin maariflənməsində, informasiya müharibəsinin aktuallığını itirmədiyi indiki dövrdə həmin saytların fəaliyyət göstərməsi zəruridir. Amma di gəl ki, bir-iki il mövcudluğunu qoruyan bu saytlar indi fəaliyyətsizdir. Əgər bir-iki ildən sonra bu saytlar mövcud olmayacaqsa, nə üçün dövlət səviyyəsində onların yaradılmasına dəstək göstərilməli, bu işə maliyyə vəsaiti xərclənməlidir? Buna bir nəzarət mexanizmi varmı?

Saytların yaradılması və onların saxlanılması

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Layihələr departamentinin müdiri Elnur Bağırlı mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, təmsil etdiyi qurum III sektor təmsilçilərinin müxtəlif istiqamətlərdə təqdim etdikləri saytların yaradılması və saxlanması istiqamətində layihələrə dəstək olur. Onun sözlərinə görə, saytların yaradılması və onların saxlanılması Agentlik və QHT arasında bağlanmış qrant müqaviləsi ilə tənzimlənir: “İnternet saytı yaradılması nəzərdə tutulan layihələr üzrə hazırlanmış saytlar müqavilə öhdəliyinə görə 3 il müddətində aktiv fəaliyyət göstərməlidir. Bu öhdəlik qrant müqaviləsinin müvafiq bəndində QHT-nin vəzifəsi kimi qeyd olunub. QHT-lər Agentliyin qrant müsabiqəsi çərçivəsində hazırlanmış saytların həm işləkliyini, həm də akvitliyini 3 il müddətində təmin etməlidirlər. Agentlik olaraq biz də ildə bir dəfə hazırlanmış saytların monitorinqini aparırıq. Burada əsas meyar saytın aktivliyi və yenilənməsi götürülür. Əgər sayt qeyd olunan kimi aktiv deyilsə və ya yenilənmirsə, bu haqda qeyri-hökumət təşkilatı rəsmi olaraq xəbərdar edilir. Bildiyimiz kimi Agentlik 2021-ci ildən fəaliyyət göstərir. 2021-ci il kiçik qrant müsabiqəsi çərçivəsində 20-dən çox saytın yaradılması və saxlanılması üçün vəsait ayrılıb. Layihələrin hesabatları qəbul edilib və hazırlanmış saytlar aktiv fəaliyyət göstərir”.

Davamlılıq və faydalılıq təmin olunmalıdır

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov qeyd edib ki, istər Şura, istərsə də Agentlik dövründə bir çox QHT-lərin təqdim etdikləri layihələr əsasında müxtəlif saytlar yaradılıb. O, Agentlik dövründə yaradılan saytların funksional olaraq hazırda işlək vəziyyətdə olduğunu diqqətə çatdırıb. Şura dövründə QHT layihələri əsasında yaradılan və hazırda fəaliyyət göstərməyən saytlara gəlincə, A.Allahverənov deyib ki, maliyyələşdirilən layihələrin davamlılığı arzu olunandır: “Müxtəlif layihələr əsasında yaradılan saytlar davamlılıq baxımdan daha geniş imkanlara və əsaslara malikdirlər. Təəssüflər olsun ki, 4-5 il, hətta daha əvvəl yaradılmış bəzi saytlar bu reallıqlara baxmayaraq hazırda fəaliyyətsizdirlər. Halbuki yeni yaradılan sayt normal fəaliyyət göstərdiyi təqdirdə qısa müddətdə populyarlaşır, oxucu auditoriyası toplayır, layihə sahibinə reklam gəlirləri gətirməklə özü-öz maliyyələşməsini təmin edə bilir. Bəzi QHT-lərin bu imkanlardan yararlanmaması məyusluq doğurur. Bu, ya saytların idarə edilməsini bilməməkdən, ya da uzunmüddətli konseptual baxışın olmamasından qaynaqlanır. Nəticə etibarilə görülən iş yarımçıq qalır. Bu, həm də dövlət vəsaitinin qeyri-rasional xərclənməsidir. Ortaya elə bir yanaşma qoyulmalıdır ki, auditoriya, hədəf qrupları düzgün müəyyənləşdirilsin, davamlılıq və faydalılıq təmin olunsun. Bu çərçivədə yaradılan hər hansı saytın uzunömürlü olması üçün kommunikasiyanın yüksək səviyyədə qurulması da vacib şərtlərdən biridir”.

Ayrılan vəsait düzgün idarə olunmur

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti” İctimai Birliyinin sədri İlqar Orucov da təəssüflə vurğulayıb ki, Şura dövründə bəzi QHT layihələri əsasında yaradılan önəmli saytların böyük əksəriyyəti hazırda işləmir. O bildirib ki, belə hallara indiki dönəmdə də rast gəlinir: “Bir çox QHT-lər layihə təkliflərilə çıxış edərkən müəyyən saytların yaradılması ideyasını irəli sürürlər. Biz buna çox həssas yanaşırıq. Belə layihələrin böyük əksəriyyəti maliyyələşdirilməyib. Səbəb budur ki, aparılan monitorinqlər vaxtilə hazırlanmış saytların ümumiyyətlə işlək olmadığını ortaya çıxarıb. Yaxud sayt yaradılarkən yerləşdirilən məlumatlar ötən vaxt ərzində yenilənməyib. Bu o deməkdir ki, həmin sayt heç bir əhəmiyyət daşımır, ayrılan vəsait düzgün idarə olunmur. Əgər bu sayt yenilənməyəcəksə, davamlılığı təmin olunmayacaqsa, onun yaradılmasına dövlət vəsaitinin xərclənməsi əbəsdir. Belə layihələr birmənalı olaraq maliyyələşməməlidir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər