• cümə axşamı, 05 dekabr, 07:52
  • Baku Bakı 6°C

Hamısının şansı qalır

10.08.24 01:16 4204
Hamısının şansı qalır

Azərbaycanı avrokuboklarda təmsil edən klublarımızdan heç biri bu həftə keçirdikləri qarşılaşmalarda qələbə qazana bilmədilər. Amma klublarımızın üçünün də növbəti mərhələyə keçmək üçün yaxşı imkanları var. 

Klublarımız üçün avrokubok mövsümü enişli-yoxuşlu davam edir. Təmsilçilərimizdən “Sumqayıt” Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstan “Fehervar”ı ilə duellərdə istənilən nəticəni əldə edə bilmədi və qitəmiqyaslı yarışlarla erkən vidalaşdı. Lakin son illərdə Azərbaycan futbolunun Avropadakı yeganə təmsilçisi olan “Qarabağ”ın bu dəfə yoldaşları var. “Zirə” Avropa Liqasından başladığı yola Konfrans Liqasında davam edir, “Sabah” isə güclü Hayfa “Makkabi”sini mübarizədən kənarlaşdırmaqla KL-də irəli addım atıb.

İşini çətinə salan “süvarilər”

“Qarabağ” bu il də avrokuboklarda əsas uğur ümidimizdir. Çempionlar Liqasında yarışan Ağdam klubu ilk olaraq Cəbəllütariq “Linkoln”unu iki oyunun cəmində darmadağın edərək (7:0) növbəti mərhələyə adladı. Burada rəqib Bolqarıstanın “Ludoqorets” klubudur. Razqrad təmsilçisi də “Qarabağ” kimi öz ölkəsində hegemonluq edir.

Tərəflər arasında Bakıda keçirilən ilk görüşdə “atlılar” məğlubiyyətlə üzləşdilər (1:2). Ancaq oyunun gedişatı “süvarilər”in ən azı bir xala layiq olduğunu deməyə əsas verir. “Ludoqorets” gücünə görə “Qarabağ”ın ötən mövsüm avrokuboklarda məğlub etdiyi bir çox komandadan geri qalır. Qurban Qurbanovun “drujinası” isə keçən mövsümlə müqayisədə ən azı zəifləməyib. Yay transfer dönəmində əsas məsələ heyəti qorumaq idi ki, komanda bunu bacarıb. Əslində, Bolqarıstan klubunu mübarizədən kənarlaşdırmaq üçün bütün resurslar mövcuddur.
“Ludoqorets” ilk qarşılaşma göstərdi ki, “Qarabağ”ı çox yaxşı analiz etməyi bacarıblar. Azərbaycan təmsilçisi təşəbbüsü əlində saxlayan tərəf olsa da, rəqibin ağıllı müdafiəsi və yaxşı əks-hücumları komandamıza problemlər yaratdı. Lakin “Qarabağ” çoxlu qol fürsətləri yaxalamağı bacardı və bu, rəqibin zəif cəhətlərinin göstəricisidir. Bolqarıstanda “Ludoqorets”i nəinki məğlub etmək olar, hətta onlara böyük hesabla qalib gəlmək də mümkündür. Üstəlik, bolqarların iki əsas heyət üzvü cavab matçında meydana çıxa bilməyəcək. Biri Bakıda ağır zədə aldı, digəri isə qırmızı vərəqə cəzalısıdır. 

Mərhələni keçən kollektiv Çempionlar Liqasının pley-offunda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə qarşılaşacaq. Son illərdə zəifləyən bu komandanı keçmək, yeni formatda keçirilən turnirin əsas mərhələsinə yüksəlmək mümkünsüz deyil. Mərhələnin məğlubu isə Avropa Liqasının pley-offunda “Petrokub” (Moldova) - TNS (Uels) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların isə heç biri “Qarabağ” səviyyəsində görünmür. Əlbəttə, könül istərdi ki, “atlılar” ÇL-də irəli getsin, lakin AL-in əsas mərhələsi də pis səslənmir və əslində orada irəli getmək üçün yol da daha hamardır.

İnadkar “qartallar” üçün yaxşı fürsət

Mübarizəyə Avropa Liqasında başlayan “Zirə” bəxtsiz şəkildə Moldova “Şerif”inə uduzduqdan sonra yola Konfrans Liqasında davam edir. Orada komandanın çıxışı uğurlu alınır. Əvvəlcə Slovakiyanın “Dunayska Streda” klubunu hər iki qarşılaşmada məğlub edən “qartallar” turnirin III təsnifat mərhələsində Xorvatiya təmsilçisi “Osiyek”ə rəqibdir.

Səfərdə keçirilən ilk görüş təxminən bərabər səviyyədə keçdi. Yalnız ilk hissənin sonlarında yarımmüdafiə xəttindəki gözlənilməz top itkisi “Zirə”yə baha başa gəldi. Lakin “Osiyek” Bakıya minimal hesablı üstünlüklə təşrif buyura bilməyəcək. Çünki “qartallar” inadkarlıq göstərərək son saniyələrdə bərabərliyi təmin etməyi bacardılar. Ümumiyyətlə, ilk matç göstərdi ki, “Osiyek”i məğlub etmək “Zirə” üçün mümkünsüz tapşırıq deyil. Rəşad Sadıqovun komandası bu mövsüm olduqca möhkəm görünür. İlk qarşılaşmadan sonra tərəflərin şansları təxminən bərabərdir. Lakin “Zirə”nin Bakıda doğma meydan və azarkeş üstünlüyü olacaq. Ələ yaxşı fürsət düşüb və bundan maksimum yararlanmaq lazımdır.

Cütün qalibi pley-offda ya “Omoniya” (Kipr), ya da “Fehervar”la (Macarıstan) üz-üzə gələcək. Doğrusu, mümkün rəqiblər də münasibdirlər. Bu sədd aşılacağı təqdirdə, “Zirə” tarixində ilk dəfə avrokubokun əsas mərhələsində oynamaq hüququ qazanmaq şansına malik olacaq.

Ümidləri doğrultmayan “Sabah”

Düzdür, İrlandiyada “Sent-Patriks”ə minimal hesablı məğlubiyyət hər şeyin sonu deyil. Bakıda bu məğlubiyyətin əvəzini artıqlaması ilə çıxmaq və mərhələ adlamaq mümkündür. Lakin “Sabah”dan elə səfərdə də qələbə gözlənilirdi. Ümumiyyətlə, rəqiblər arasında ən münasibi “futuristlər”ə düşüb. “Sabah” bu raundda aşkar favoritdir. Lakin ilk görüşdə komanda qətiyyən statusuna uyğun çıxış etmədi. İrlandiyada Azərbaycan təmsilçisində demək olar ki, heç nə alınmırdı. Yaxşı ki cəmi bir qolluq məğlubiyyətlə qayıtmaq mümkün oldu. Səfərdə ümidlər doğrulmasa da, Bakıda bu rəqibi mütləq məğlub etmək lazımdır. “Sabah”ın potensialı buna kifayət edir.

Cütün qalibi pley-offda ya “İberiya” (Gürcüstan), ya da “Başakşəhər” (Türkiyə) ilə qarşılaşacaq. İlk matçda səfərdə 1:0 üstün olan qardaş ölkə klubu növbəti mərhələyə daha yaxındır və pley-offun da favoriti olacaq. Lakin futbolda mümkünsüz heç nə yoxdur. 

banner

Oxşar Xəbərlər