• cümə axşamı, 05 dekabr, 07:38
  • Baku Bakı 6°C

Gözəllik salonları xəstəlik mənbəyidir - PROBLEM

24.12.22 02:30 11600
Gözəllik salonları xəstəlik mənbəyidir - PROBLEM

Həkimlər bildirirlər ki, gözəllik salonlarında, bərbərxanalarda gigiyena qaydalarına riayət olunmalıdır. Hər müştəridən sonra ümumi istifadə olunan alətlər sterilizasiya edilməlidirlər. Əgər bu şərtlərə əməl olunmazsa, yoluxucu xəstəliklər yayıla bilər. 

Hər birimiz gözəllik salonlarına və bərbərxanalara müraciət edirik. Lakin unutmaq olmaz ki, infeksiyaların yayıldığı yerlərdən biri də məhz gözəllik salonları və bərbərxanalardır. Əsasən infeksiyaların dırnaq manikürü və pedikürü zamanı yayıldığı bildirilir. Ona görə də insanlar çalışır ki, alətləri özləri ilə aparsınlar. Amma bu məkanlarda ümumi istifadə olunan alətlərdən biri də daraqlardır. Özü ilə salona daraq gətirən demək olar ki, çox azdır. Bəs axı baş dərimizdə də yaralar, sızanaqlar, cızıqlar ola bilir. Qanla keçən infeksiyalar baş yaraları zamanı da bir insandan digərinə yoluxa bilər?

Dermatoveneroloq Aqşin Kəngərli “Kaspi”yə açıqlamasında dedi ki, başın tüklü hissəsində bir çox xəstəlik ola bilər: “Onların çoxu yoluxucu deyil, amma yoluxucuları da var. Yoluxucu olanlar göbələk və parazitar xəstəliklər - bit, sirkədir. Göbələk xəstəliyinin bir insandan digərinə keçməsi halları çox az ola bilər. Başın tüklü hissəsində göbələk xəstəlikləri əsasən, uşaq bağçaları, uşaq evlərinə xasdır. Bilavasitə təmas vasitəsilə deyil, fərdi əşyalar - yataq, yastıq, papaqlarla keçə bilər. Daraq vasitəsilə nəzəri cəhətdən mümkün olsa da, çox az müşahidə olunur. Başda irinli xəstəliklər olarsa da, yoluxuculuq ehtimalı çox deyil”.

Xəstəliyin təzahürləri varsa, bərbər diqqətli olmalıdır

Həkim bildirdi ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi salonlarda yoxlamalar aparmalıdır: “Salonlarda əsasən, dəmir daraqlardan istifadə olunur. Bərbər başa baxıb görəndə ki, orada xəstəliyin təzahürləri var, sözsüz ki, ehtiyatla yanaşmalıdır. Bərbərxanalar, gözəllik salonlarında dezinfeksiya məsələlərinə riayət olunmalıdır. Amma əksər hallarda buna əməl edilmir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi rübdə bir, yaxud ildə iki dəfə obyektlərdə yoxlamalar aparmalıdır. İşçilər ildə bir dəfə yoluxucu xəstəliklərə qarşı xüsusi tibbi müayinədən keçirilməlidir”.  

A.Kəngərli qeyd etdi ki, cəmiyyətimiz inkişaf edib, təmizliyə riayət olunur: “Amma bu, arxayınlıq yaratmamalıdır. Hər zaman parazitar xəstəliklərin və göbələk xəstəliyinin artımı ola bilər. Bunun qarşısını almaq üçün ilk növbədə cəmiyyət özü gigiyena qaydalarını qorumalı, eyni zamanda dövlət orqanları, Gigiyena və Epidemiologiya Mərkəzi fəal olmalıdır”.

Bütün alətlər xüsusi sterilizasiyadan keçirilməlidir

Trixoloq Gültəkin Abdullayevanın sözlərinə görə, daraqdan hər hansı bir infeksiyanın keçmə ehtimalı digər alətlərə görə daha azdır: “Saçın dərisində açıq yaralar olarsa, daraqlardan da digərlərinə keçə bilər. Amma bu ehtimal o qədər də çox deyil. Normalda saç ustalarında olan bütün alətlər hər bir müştəridən sonra xüsusi sterilizasiyadan keçməli, dezinfeksiyaedici maddələrlə təmizlənməlidir”. 

İnfeksiya yalnız natəmiz yerlərdə keçə bilər 

İnfeksionist Nicat Əzimlinin fikrincə, infeksiya yalnız natəmiz yerlərdə keçə bilər: “Saç daraqlarının ortaq istifadəsi zamanı keçə biləcək infeksiyalardan ən çox rast gəlinəni qızartı, şişkinlik və qaşınma, bəzən də saç tökülməsi ilə müşahidə olunan baş dərisinin bakterial, fungal və parazit infeksiyaları, eyni zamanda saçqıran deyə adlandırılan dermatofit göbələk infeksiyalarıdır. Baş dərisində sızanaq və ya yaralar olan şəxsdən digərlərinə daraq vasitəsilə stafilokok bakteriyalarının ötürülməsi də mümkündür. Lakin bu qeyd etdiklərimiz gigiyenik qaydalara riayət olunmamaqla icra olunan prosedurlarda özünü göstərə bilər. Kosmetik vasitələr tələb olunan üsullarla dezinfeksiya olunduğu halda, bu ehtimallar aradan qalxır”.

Bərbər seçərkən bu məqama diqqət etmək lazımdır

Dermatoloq Vaqif Abdullayev dedi ki, yoluxucu infeksiyaların çoxu bir müştəridən digərinə keçə bilər: “Məsələn, Malassezia furfur və digər göbələk xəstəlikləri. Başda sızanaqlar varsa, onlar zədələndikdə qayçıdan və daraqlardan ikincili infeksiya da yarana bilər. Hepatitin belə, salonda, bərbərxanada yoluxma riski var. Daraqlar, qayçılar spreylər, dezinfeksiyaedici məhlullardan istifadə etməklə tez-tez təmizlənməlidir. Salonlarda 10-20 dəqiqəlik saxlama müddəti ilə alətləri dezinfeksiya etmək üçün ultrabənövşəyi şüalı xüsusi sterilizasiya kameraları olmalıdır. Belə olarsa, salonlarda hansısa xəstəliklərin yayılmasının da qarşısı alınar. Müştərilər salonu, bərbəri seçdikdə əl işlərinə güvənməkdən əlavə, onların gigiyenik qaydalara əməl etmələrinə də baxmalıdırlar”.  

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər