• cümə axşamı, 05 dekabr, 08:02
  • Baku Bakı 6°C

Cavanlaşan koronavirus

03.10.20 14:20 7858
Cavanlaşan koronavirus
Mütəxəssislər gəncləri daha diqqətli və intizamlı olmağa səsləyirlər

COVID-19 diaqnozu qoyulmuş xəstələrin orta yaşı, əsasən yaşlı insanları vuran pandemiyanın ilk dalğa dövrü ilə müqayisədə daha aşağıdır. Bunu Macarıstanın baş həkimi Sesiliya Müller onlayn mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda testə müsbət reaksiya daşıyıcılarının əksəriyyəti 20-29 yaş qrupuna aiddir.
Həkim vurğulayıb ki, ikinci dalğanın "təbiəti” birincidən bir qədər fərqlidir, buna görə də pandemiyanın qarşısını almaq üçün indi bir az fərqli strategiya seçilməlidir: "İki dalğa zamanı bütün infeksiya hadisələrinin məcmu orta yaşı hələ 41, son 10 gündə isə 35 yaş təşkil edir”.
Virusun yayıldığı ilk günlərdə gənclərin əksəriyyətində simptomlar hiss olunmurdu, indi isə gənclərin ağırlaşmasına tez-tez rast gəlirik. Bu nədən irəli gəlir? Covid 19 daha qorxulu forma alıb yoxsa fərqli səbəblər var?
Hacəttəpə Universitet Xəstəxanasının həkimi Turanə Rəsulova"Kaspi”yə açıqlamasında bildirdi ki, gənclərin yaşlılara nisbətən daha çox xəstələnməsinə səbəb, onların "gənclər simptomsuz keçirir” sözlərinə arxayın olub kifayət qədər qorunmamasıdır: "Artıq dünya üzrə 1 milyondan çox insan koronavirusa yoluxub. Bəzi ölkələrdə vəziyyət kəskin pisləşib və dövlət rəhbərliyi səviyyəsində əhaliyə çağırış edilib. Avropanın aparıcı ölkələri Fransa, İngiltərə, okeanın digər tərəfində Kanada və bir çox başqa ölkələr artıq ikinci dalğanı yaşayırlar. Ümumi statistikaya baxanda görürük ki, virusun yayıldığı ilk günlərlə müqayisədə 20-29 yaş arasında xəstələnmə halı artıb. Yəni bu yaşda xəstələnən insanların sayı yaşlılara nisbətən daha çoxdur. Onların böyük əksəriyyəti yüngül keçirir və az qorunur. Amma hələlik virusda elə bir mutasiya yoxdur ki, gəncləri daha çox yoluxdursun. Gənclərin yoluxmasının səbəbi kifayət qədər qorunmamalarıdır”.
Həkimin sözlərinə görə, tarixə nəzər salsaq, bütün viruslar ikinci dalğada xarakter dəyişdirir. Amma hələ koronavirusda bu dəyişiklik nəzərə çarpmır: "Tarixdə virus infeksiyalar olub ki, ikinci dalğada xarakter dəyişdirib. Əvvəl daha yaşlı əhalini vururdusa, sonra daha gənc populyasiyanı vurmağa başlayıb. Koronavirusun genetika olaraq xarakterik xüsusiyyətlərini dəyişdirəcək ciddi bir mutasiyası yoxdur. Gənclər arasında daha çox rast gəlinməsinin və ağırlaşmasının səbəbi gənclərin saylarının çox olması və az qorunmalarıdır. Amma yaşlılarda ağırlaşma və ölüm ehtimalı hələ də yüksəkdir”.
Virusun daha təhlükəli hal almasına gəldikdə isə, həmsöhbətimiz deyir ki, mövsümə uyğun olaraq, virusun təhlükəlilik dərəcəsi də dəyişir: "Payız, qış mövsümündə koronavirusun təhlükəli hal almasını gözləyirdik və deyirdik. Çünki ikinci dalğa gözlənilir və bir çox ölkə artıq onu yaşayır. Havalar soyduqca qrip mövsümü gəlir. Virusla yanaşı, qrip də işə qoşulanda vəziyyət dəyişir. Qrip keçirən insanların immuniteti düşdüyü üçün, koronavirusa yoluxma halında daha ağır keçirirlər. Bundan əlavə, havalar soyuduqca günəşlə təmas azaldığı üçün immunitet nisbətən düşür və mövsümi xəstəliklərin əlavə olunması koronavirusu daha təhlükəli hala gətirir”.
Məlumat üçün bildirək ki, "Guardian”-nın verdiyi məlumata görə, hazırda Avropa ölkələrində yeni növ koronavirusa (COVID-19) yoluxma halları gənclər arasında artıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluqe deyib ki, qış fəslinin gəlişi ilə gənclər yaşlı əhali ilə daha yaxın təmasda olacaq və beləliklə, xəstəxanaya müraciətlərin və ölümlərin sayı artacaq. Hans Kluqe gənclərə çağırış edib ki, heç kəs yenilməz deyil və bu pandemiya tornado kimidir.
Regional direktorun fikrincə, indiyə qədər olan təcrübə göstərir ki, kütləvi testlərin aparılması və koronavirusla bağlı izləmə sistemi pandemiya ilə mübarizədə effektiv təsir göstərir: "Biz indi ölkələrin virusun yayılma sürətini və şiddətini təəccüblə qarşıladığı fevral ayındakı kimi deyilik. Bunun əvəzinə indi bizim üçün əsas olan sayıqlıqdır və vəziyyəti nəzarətdə saxlamaq üçün kifayət qədər məlumatlıyıq”.
Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev bildirib ki, Azərbaycan statistikasında gənclər arasında yoluxma halları daha çox qeydə alınır: " Əvvəl deyirdik ki, 60 yaşdan yuxarı insanlar daha çox bu xəstəliyə yoluxur, ağır keçirir. Hazırda mənzərə dəyişib, vəziyyət ciddidir. Yoluxma müxtəlif yaş qruplarında bir qədər fərqlə müşahidə olunur. Vəziyyəti ağır olanlar arasında gənclər daha çoxdur. Bu isə koronavirusun bilinməyən tərəflərini aşkara çıxarır. Virus paralel olaraq hamilələrə də eyni təsiri göstərir. Hamilələrdə orqanizmdə mühüm dəyişikliklər olduğu üçün onlar özlərini daha çox qorumalıdır”.
Baş infeksionist vurğuladı ki, hazırda bu xəstəliyə hər kəs eyni dərəcədə yoluxur: "Koronavirusa hər yaşda olan insan yoluxa bilər, hər kəs üçün həssas durumdur. Sadəcə yaşlılar həyatları boyu müxtəlif xəstəliklər qazanmış olur, orqanizmi, immuniteti zəifləyir. Ona görə də biz deyirdik ki, yaşlıları qoruyaq. Xroniki xəstəliyi olan insanlar koronavirusu ağır keçirir. Gənclərdə xroniki xəstəliklər olarsa, onlar da xəstəliyi ağır keçirir. Koronavirus artıq insanlar arasında fərq qoymur, yaşa baxmır”.
AygünƏZİZ

banner

Oxşar Xəbərlər