• cümə axşamı, 05 dekabr, 08:03
  • Baku Bakı 6°C

“Pandemiyaya görə Misir səfəri 3 dəfə baha başa gəldi” - SƏYYAH

12.06.21 10:00 16392
“Pandemiyaya görə Misir səfəri 3 dəfə baha başa gəldi” - SƏYYAH
"Pandemiya səyahətçisi” adlandırılan İbrahim Süleymanov: "Kabuldan qayıtdıqdan iki həftə sonra qaldığımız otelə terror hücumu oldu”
Son il yarımda Macarıstan, Misir, Türkiyə, Ukrayna və Serbiyaya səfər edib. Qeyd etdiyimiz müddət məhz pandemiya dövrünə təsadüf edir. Elə bu səbəbdən, dostları onu "Pandemiya səyahətçisi” adlandırırlar. Biz də onu pandemiya dövründəki səyahətlərindən danışmaq üçün müsahibəyə dəvət etdik. Söhbət İbrahim Süleymanovdan gedir. Müsahibimiz Vizam.az-da biznes inkişafı üzrə menecer vəzifəsində çalışır.

- Turizm sahəsində çalışırsınız. Gəzməyə marağınız sizi bu sektora gətirib, yoxsa bu sektorda çalışandan sonra səyahətlər mütəmadi hal almağa başladı?
- Karyerama maliyyə sahəsində çalışmaqla başlamışam. Maliyyə Nazirliyinin FARABI layihəsində maliyyə analitiki vəzifəsində idim. 5 il bu sektorda çalışdım, vəzifə yüksəlişi də gedirdi. Amma zamanla bu sahədə özümü görməməyə başladım. Həmin ərəfələrdə ölkədaxili səyahətlərə də başlamışdım. Dağlara, meşələrə yürüşlər edirdim, kamplarda qalırdım. Bazardüzü zirvəsi də daxil olmaqla Azərbaycanın bir neçə hündür zirvələrində olmuşam. Bunları etdikcə səyahət edən, gəzməyə marağı olan yeni dostlar qazandım. Belə-belə zamanla səyahətə marağım daha da artırdı. Həmin dostlardan biri də Vizam.az-ın rəhbəri Baba Ağayev idi. Vizam.az-da vakansiya yarananda, o, məni işə dəvət etdi. Həmin dövrdə bir neçə dövlət qurumundan rəhbər vəzifə təklifləri almışdım. Buna baxmayaraq, səyahət sevgisi məni turizm sahəsini seçməyi vadar etdi. Bu sahəyə keçəndən sonra - son 2 ildə aktiv xarici səyahətlərə başlamışam.


- Onun da çoxu pandemiya vaxtına düşdü...
- Bəli, bir az elə oldu. Buna görə dostlarım zarafatla deyirdilər ki, normal vaxtlarda az gəzirdin, pandemiya vaxtı bir yerdə dayanmırsan (Gülür).

- İlk xarici ölkə səyahətiniz turizm sahəsində işləyəndən sonra oldu?
- Xeyr, ondan əvvəl işlə bağlı Əfqanıstana səyahət etmişdim. Dünyada turistlər üçün təhlükəli sayılan şəhərlər siyahısında adı olan Kabul şəhərinə səfər etməyə razılıq vermişdim. Biz qayıtdıqdan iki həftə sonra qaldığımız otelə terror hücumu olmuşdu.

- Pandemiyadan öncə hansı ölkələrə səyahət etmişdiniz?
- Əfqanıstanı qeyd etdim. Bundan sonra Türkiyə, Gürcüstan, Rusiya və Livana getdim. Pandemiya yeni başlayanda, mənim Macarıstana səfərim oldu. Daha sonra Misir, Türkiyə, Ukrayna, Serbiyaya səyahət etdim. Serbiyadan yeni dönmüşəm.

- Pandemiyanın ilk günlərində etdiyiniz Macarıstan səyahətinizdən danışaq.
- Əslində, ötən il yayda İslandiyaya səfər planlaşdırırdım. İslandiyaya vizanı rahat almaq üçün Şengen vizasının olması üstünlük idi. Ona görə Şengen ölkəsinə səfər istəyirdim. Macarıstan da maraqlı yer olduğu üçün bu ölkəni seçdim. Macarıstan səfərinin biletlərini xeyli əvvəldən almışdım. Pandemiya xəbərləri gəldikcə, şübhə yaranmışdı ki, hər yer bağlansa, gedə bilməyəcəyəm. Həmin vaxt Azərbaycanda vəziyyət hələ yaxşı idi, ona görə uçuşlar ləğv olunmadı. Biz gedəndə, hər hansı ciddi yoxlama yox idi. 3 günlük səfəri başa vurub qayıdanda, ölkəmizdə pandemiya olduğunu elə hava limanında hiss etdim. Ondan sonra artıq bütün reyslər ləğv olunmağa başladı. İslandiya səfərimiz də təxirə düşdü.

- Həmin vaxt Macarıstanda pandemiya olduğunu hiss edirdiniz?
- Mən 3 günlük səfərimi ancaq Budapeştdə keçirdim. Budapeşt həftə sonu şəhəri sayılır. Həftə sonları əyləncə üçün bütün Avropadan gənclər ora gəlirlər. Mən də həftə sonu getmişdim. Çox gözəl əyləndim. Şəhərdə çox qaynar bir həyat var idi. Müxtəlif ölkələrdən çox sayda turist gəlmişdi. Pandemiya hiss olunmurdu. Hər şey öz axarı ilə gedirdi.
- Bəs növbəti səyahətiniz nə vaxta düşdü?
- Macarıstandan qayıdandan sonra qapanmalar oldu, planladığım səyahətlər də alınmadı. Turizm sektoruna olduğum üçün prosesləri izləyirdim. Qapanmaların nə vaxt səngiyəcəyini gözləyirdim. Yeni ilə yaxın turizm cəhətdən açılmalara gedən ölkələr oldu. Bir neçə yer var idi. Amma Misiri seçdik.

- Niyə Misir?
- Pandemiya dövründə səyahət zamanı əsas fikir verilən məsələ karantinə düşməmək idi. Bəzi ölkələrə səyahət edəndə 14 gün karantində qalırdın, sonra gəzə bilərdin, qayıdandan da Azərbaycanda 14 günlük karantin səni gözləyirdi. Bir həftəlik səyahətə görə buna heç kim getməz. Karantin tətbiq etməyən ölkələr içərisindən seçim etdim. Bu da Misir oldu.

- Bəs qayıdanda Azərbaycanda karantində qaldınız?
- Sənəd imzalayırsan ki, 14 gün müddətində özümü təcrid edəcəyim haqqında öhdəlik götürürəm. Yaşayış yerimi tərk etməmək haqqında öhdəlikdir.


- Qışda bizdə koronovirusla bağlı qaydalar daha sərt idi. Misirdə hansı qaydalarla rastlaşdınız?
- Biz Bakıda sosial məsafəyə, maska taxmağa çox ciddi riayət edirdik. Misir hava limanında da maska taxmaq tələbi var idi. Misirə dostlarla bir yerdə getmişdik. İcarəyə maşın götürüb maşınla gəzdik. Maşında da maska taxmışdıq. Amma baxdıq ki, insanlar maskasız gəzirlər, sosial məsafə gözləmirlər. Birinci çəkindik ki, burda virusa yoluxma ehtimalı daha çoxdur. Amma bir müddət sonra hamının maskasız olduğunu görəndə, alışırsan. Maskalarımızı çıxarıb səyahətə başladıq. Biz Qahirəyə endik, amma Hurqada şəhərində qaldıq. İlk gün yaxtada dəniz turu götürdük. Misirdə dağçılıq, snorkelinq, balon turları səfəri çox maraqlı etdi.

- Pandemiya dövründə doğum gününüzü də səyahətdə keçirmisiniz...
- (Gülür) Həmişə çalışıram ki, məzuniyyətimi ad günüm ərəfəsinə planlayım. Bu il də planlamam elə idi. 2 iyunda 30 yaşım tamam olurdu. Özümə hədiyyəm səyahət oldu. Dostlarla da planlarım üst-üstə düşdü. Bir yerdə getdik. Bu səyahətdə Türkiyə, Serbiya və Ukraynaya getdim. Doğum günümü isə Serbiyada qeyd etdik.

- Pandemiya dövründə olan səyahətlər maliyyə cəhətdən necə başa gəlirdi? Məsələn, Misirə səyahətdən danışaq.
- Məndən soruşanda ki, Misirdə olmusan? Deyirəm ki, 3 dəfə olmuşam. Amma Misirə bir dəfə getmişəm. Ona görə belə deyirəm ki, pandemiyaya görə Misir səfəri adi vaxtdakından 3 dəfə baha başa gəldi.

- Səyahət adamları büdcələrinə bir az həssas yanaşırlar. O məbləği nə yaxşı verdiniz?
- Əvvəldən yay üçün səyahət büdcəmi ayırmışdım. Amma yayda gedə bilmədim. Qapanma oldu, toylar dayandı, kafe-restoranlar bağlandı. Pul xərcləməyə elə də yer yox idi. Ona görə pul yığıldı və zaman keçdikcə səfər büdcəm artdı. Uzun müddət karantində olandan sonra səyahət ehtiyacım çox idi, ona görə o pulu həmin səfərə verdim. Ən çox pul bilet və PCR testlərə getdi. Bilet qiymətləri 3 dəfə baha idi. PCR test Misirdə bizə çox baha başa gəldi. İndi soruşsanız, 3 dəfə artıq pul vermərəm... Çünki hər yer açılıb. Səyahət büdcəmi əvvəlki qaydada toplamağa başlamışam.
- Bəzi səyahətçilər bu dövrdə səyahətlərə fasilə verdilər. Pandemiya dövründə niyə səyahət edirdiniz?
- Mütəmadi olaraq səyahət edən insanlarda səyahətlərə qarşı sevgi və tələbat yaranır. Hər il səyahət büdcələri ayırırlar. Mən də səyahətə yeni başlayan, o dadı yeni alan bir adam kimi dayana bilmirdim. Yeni yerlər görmək istəyirdim.

Həm də turizm işçisi olaraq üzərimizdə bir məsuliyyət var idi. Biz hər şeyin daha tez qaydasına düşməsini istəyiriksə, birinci özümüz gəzməliyik. İnsanlar görsünlər ki, gəzmək olar. Özümüz gəzməsək, amma adamlara "pandemiya dövründə də səyahət etmək mümkündür” desək, bu, səmimi alınmaz. Amma mən gəzirəm, paylaşıram bunu görən ətrafımda da motivasiya yaranır.

- Siz turizm sahəsində idiniz. Fürsət olan kimi səyahət edə bilmisiniz. Bəs insanlarımız necə, bu imkanlardan nə dərəcədə məlumatlı idilər?
- Misir səyahətim vaxtı sosial şəbəkədə şəkil paylaşdım. İnsanlara maraqlı gəldi, sual verirdilər ki, hər yer bağlıdır, siz necə getmisiniz? Bəzən düşünürdülər ki, xüsusi icazələrlə və sair yollarla gedirəm. Məlumatlı deyildilər. Amma Türkiyə üzərindən uçuşlar açılmışdı, Misir turist qəbul edirdi. Klinikalardan birində PCR testi verirsiniz, onlayn bileti alırsınız. Hava limanının girişində onları təqdim edirsiniz, 10 saniyə ərzində yoxlayıb deyirlər ki, keçə bilərsiniz. Heç bir icazə filan tələbə olunmurdu.

- Pandemiya dövründə səyahətlərdə fərq nədə olur?
- Turistlərin sayı az olur. Bu, bir tərəfdən pisdir, digər tərəfdən yaxşı. Ona görə pisdir ki, səyahət həyəcanını daha çox hiss edə bilmirsən. O mənada ki turistlər çox olanda, yeni insanlarla tanış olursan, bu da səfəri daha əyləncəli, maraqlı edir. Mən yeni insanlarla tanış olmağı, ünsiyyət qurmağı sevən insanam. Yaxşı tərəfi isə idi ki, turist az olanda, otellərin qiyməti daha münasib olur. Misirdə bütün turları götürə bildik, hər hansı problem olmadı. Amma Serbiyada turist sayı az olduğu üçün bəzi turlar ləğv olundu. Elə turlar idi ki, az adamla etmirdilər. Türkiyədə restoranların çoxu bağlı idi, axşam çox yer bağlı olurdu. Pandemiya dövründə səyahətlərin bu tərəfləri də var idi. Amma yenə də gəzdim və o zövq aldım.

Səyahətin ən maraqlı tərəflərindən biri də şəkil çəkdirməkdir. Tək getdiyim səyahətlərdə turist azlığı bu baxımdan da problem olurdu. Şəkil çəkdirməyə adam tapmırdım.


- Getdiyiniz ölkədə "virusa yoluxaram” kimi qorxu olurdumu?
- Səyahət üçün bilet alanda, düşünmürdüm ki, gedib orda yoluxaram və s. Amma hava limanında, yaxud başqa yerdə öskürən bir şəxs görəndə, özümü qorumağa, məsafə saxlamağa çalışırdım. Bəzi kasıb məhəllələrə gedəndə, görürdün ki, orda antisanitariya var, insanlar maskasızdır və s. orda narahatlıq olurdu, maskadan istifadə etməyə çalışırdım. Səfərdə virusa yoluxmamaq üçün diqqətli olurdum. Çünki həmin ölkədən çıxanda, yenə koronovirusla bağlı testdən keçməlisən. O testdə cavabın pozitiv olsa, o ölkədə qalırsan və geri dönməyində problem yaranır. Qorxu daha çox bununla bağlı idi.

- Yeni səfər gözlənilirmi?
- İyul ayında 10 günlük Ukrayna səfərim olacaq. Karpat dağlarında trekinq keçmək istəyirik. Çadırda qalacağıq. Uzun müddət təbiətdən də uzaq qalmışam. Əvvəllər ölkədaxili təbiət səfərlərim daha çox olurdu. Ona görə belə səfər planladım. Çöl şəraitində uzun müddət keçirəcəyim ilk təcrübə olacaq.

- Pandemiya dövrü hələ bitməyib. İndi səyahət etmək istəyənlərə nə məsləhət görərdiniz?
- Qorxmasınlar, səyahət etsinlər. Amma qaydalara riayət etsinlər, ölkələrin tələblərini daha diqqətlə araşdırsınlar.
Aygün Asimqızı
Foto:Firudin Səlimov/ Global Media Group










banner

Oxşar Xəbərlər