• çərşənbə axşamı, 09 iyun, 07:28
  • Baku Bakı 22°C

2025-ci ilin mədəniyyət panoraması

30.12.25 03:04 1300
2025-ci ilin mədəniyyət panoraması

Başa çatmaqda olan il müxtəlif təqdimatlar, sərgilər, festivallarla yadda qaldı. İl ərzində böyük layihələr və beynəlxalq tədbirlər də keçirildi. Bu il bir çox tanınmış mədəniyyət xadimlərini də bizdən aldı. 

“Konstitusiya və Suverenlik İli” ölkəmiz üçün nüfuzlu beynəlxalq hadisələr, böyük layihələr və beynəlxalq tədbirlərlə yadda qaldı. Mədəniyyət sahəsində də Azərbaycanı dünyaya tanıtmaq istiqamətində təqdimatlar, sərgilər, festivallar keçirildi, ölkəmiz nüfuzlu tədbirlərdə təmsil olundu. 

İlin başlanğıcından - yanvardan start götürən tədbirlər rəngarəngliyi ilə fərqlənir. Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) sifarişi ilə lentə alınan, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr edilmiş “Nizami: daxili aləm” sənədli filmi ilk dəfə televiziyada nümayiş olunub. 

“Yubileylər ili”

2025-ci il “Yubileylər ili” kimi də yadda qalıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd edilib. Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Fikrət Qocanın 90 illiyinə həsr olunan konsert proqramı, Rəşid Behbudovun 110 illik yubileyinə həsr olunan “Səsin rəngi” adlı sərgi, Beynəlxalq Muğam Mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə hazırlanan ikicildlik nəşrin təqdimatı da bu silsilədən həyata keçirilən tədbirlərdəndir.
Ankaradakı TÜRKSOY-un Baş katibliyinin binasında “Bəxtiyar Vahabzadə İli” proqramının açılış mərasimi, Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə böyük mütəfəkkir şair Seyid Əzim Şirvaninin 190 illiyi münasibətilə ədəbi-bədii gecə də keçirilən yubileylərə layiqli töhfədir.

Şanlı Zəfərimizin mədəni izləri 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Vətən müharibəsinə həsr olunan “44” adlı tammetrajlı bədii filmin çəkilişləri böyük Zəfərimizə həsr olunan layiqli işlərdəndir. 

Tarixi Zəfərin salnaməsini geniş ictimaiyyətə çatdırmaq məqsədilə Mədəniyyət Nazirliyinin sifarişi ilə şanlı Zəfərimizin beş illiyinə həsr olunan “44 gün 23 saat 43 dəqiqə” adlı toplu da hazırlanıb. Toplu həm arxiv dəyəri, həm də təbliğat və tədris baxımından mühüm mənbə olaraq Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini gələcək nəsillərə ötürəcək.

Bu il Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Zəfərdən qələmə” adlı pyes müsabiqəsi də uğurla başa çatıb.

Festivallar ölkəsi

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı kimi tədbirlər ölkəmizin ruhuna yenidən can verib. Bu festival 1989-cu ildən keçirilir. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda, Bərdə və Ağcabədidə təşkil edilib. Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra festival yenidən Şuşaya qayıdıb.

İyulda “Vaqif Poeziya günləri” poeziyasevərləri bir araya gətirib. Poeziya bayramı Şuşa, Qazax və Gəncədə baş tutub. 
Hər il keçirilən festivallar sırasında 14-cü Qəbələ Beynəlxalq Musiqi festivalı yenə də işini uğurla başa vurub. 

7-ci Beynəlxalq Muğam Festivalının açılışı da bu ilə təsadüf edib.

MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarı ilə Laçın şəhəri 2025-ci il üçün birliyin “mədəniyyət paytaxtı” elan edilib. Noyabrın 30-da Laçın şəhərində "MDB-nin Mədəniyyət Paytaxtı - 2025” ilinin rəsmi bağlanış mərasimi keçirilib və qala konsert yaddaşlara yazılıb.

Xankəndi, Cəbrayıl, Ağdərə, Füzuli, Laçın şəhər günləri təntənə ilə qeyd olunub. 

Bu il ölkəmizdə keçirilən Türkmənistan Mədəniyyət Günləri, Özbəkistan Mədəniyyət Günləri uğurla başa çatıb. Eləcə də bir sıra ölkələrdə Azərbaycanın Mədəniyyət Günləri keçirilib. 

Azərbaycanın ilk dəfə olaraq Budapeşt Beynəlxalq Sirk Festivalının beynəlxalq münsiflər heyətində təmsil olunması da mühüm mədəni hadisədir. 

Kitab sərgiləri

Bu il Azərbaycan beynəlxalq kitab sərgilərində təmsil olunub. Almaniyanın Frankfurt şəhərində dünyanın ən böyük nəşriyyat tədbirlərindən biri - Frankfurt Beynəlxalq Kitab Sərgisində geniş pavilyonda təmsil olunub. 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisi keçirilib. Sərgidə 23 ölkədən 68 xarici təşkilat və 123 yerli nəşriyyat, poliqrafiya və kitab sənəti ilə məşğul olan müəssisə iştirak edib.

Azərbaycan həmçinin Tbilisidə keçirilən 27-ci Beynəlxalq Kitab Festivalında təmsil olunub.

Film festivalları

75-ci Berlin Beynəlxalq Film Festivalında (Berlinale) ARKA pavilyonu milli kino sənətimizi beynəlxalq aləmə tanıtmaq və ölkəmizin mədəni irsini nümayiş etdirmək baxımından əhəmiyyətli hadisə olub. 

Berlində ARKA ilə Moldova Milli Kino Mərkəzi arasında memorandum imzalanıb. 

Noyabrın 14-də Daşkənd şəhərinin məşhur "Panoramafilm" kinoteatrında “Tağıyev: Neft” filminin xüsusi nümayişi təşkil olunub.

Noyabrın 15-də Daşkənddə “Gələcəyin İrsi” Beynəlxalq Mükafatının təntənəli təqdimat mərasimi isə mədəniyyət aləmində böyük hadisə kimi yadda qaldı. Prezident İlham Əliyevin iştirak etdiyi tədbirdə bu mükafata Xalq artisti Alim Qasımov layiq görülüb.

Omanın Məsqət Kral Opera Teatrında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletinin nümayişi omanlı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. 

Bu il Azərbaycanın daha iki abidəsi UNESCO-nun dünya irsinin ilkin siyahısına daxil olub.

İlin itkiləri

2025-ci ildə bir sıra görkəmli mədəniyyət və incəsənət xadimlərimiz həyatla vidalaşıb. Görkəmli dramaturq Elçin Əfəndiyev, Xalq artisti Arif Babayev, Şuşa Musiqili Dram Teatrının rəhbəri Yadigar Muradov, Xalq artisti Hacı Murad Yegizarov, Xalq Artisti Ramiz Quliyev, görkəmli rəqqasə Roza Cəlilova, Xalq artisti Əminə Yusifqızı, Xalq rəssamı Nazim Bəykişiyevin simasında mədəniyyət, ədəbiyyat və incəsənət aləmi böyük itki verib. 

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər