• cümə axşamı, 25 aprel, 12:41
  • Baku Bakı 23°C

Gəliri də, riski də əmanətçi ilə bölən banklar

12.11.22 02:30 1588
Gəliri də, riski də əmanətçi ilə bölən banklar

Dindar insanlarımız öz pullarını bəzi islam ölkələrində, islam qaydaları ilə fəaliyyət göstərən banklara qoyurlar. Buna görə, ölkədə islam bankçılığının qurulması lazımdır. Ekspertlər isə deyirlər ki, islam bankçılığının ölkədə qurulması üçün ilk olaraq qanunvericilikdə dəyişiklik edilməlidir. 

“Bu gün Azərbaycanda dindar şəxslər banklara o qədər meyil göstərmirlər. Bu, faiz məsələsi ilə bağlıdır. Dindar insanlarımız öz pullarını bəzi islam ölkələrində, islam qaydaları ilə fəaliyyət göstərən banklara qoyurlar. Bu da bizim investisiyanın xaricə çıxarılması ilə nəticələnir”.

Bunu Milli Məclisdə çıxışı zamanı millət vəkili Ceyhun Məmmədov deyib. O, Azərbaycanda da dini qaydalarla işləyən investisiya şirkətlərinin olmasının vacibliyini qeyd edib. Əslində, uzun müddətdir Azərbaycanda islam bankçılığının qurulması məsələsi müzakirə olunur, təkliflər səsləndirilir, hətta bununla bağlı banklar tərəfindən müəyyən cəhdlər də oldu. Ancaq yenə də ortaya bir nəticə çıxmadı. İslam bankçılığı sisteminin Azərbaycanda indiyə qədər qurulmamasının səbəbləri nələrdir?

İslam bankçılığının fərqi nədir?

Maliyyə və bank məsələləri üzrə ekspert, “İqtisadi Resursların Öyrənilməsi» İctimai Birliyinin islam maliyyəsi üzrə ekspert qrupunun üzvü Xəyal Məmmədli deyir ki, ənənəvi banklar fəaliyyətində yalnız mövcud qanunvericiliyi rəhbər tutursa, islam banklarında bundan əlavə dini hökmlər də əsas götürülür: “Şəriətə görə isə pulun satılması qadağandır, pul heç bir halda öz sahibinə riskə məruz qalmadan havayı gəlir gətirə bilməz. Bunun əksinə, mənfəət və zərərə ortaqlıq prinsipi irəli sürülür. Əmanətçi pulunu banka yerləşdirir, bank onun vəsaitini biznes sahələrinə, real istehsala, ticarətə və s. investisiya edir. Həmin biznesdən əldə edilən gəlir 3 yerə bölünür. Əmanətçi, bank və investisiya ilə pul qazanan tərəf. Ancaq risk də 3 tərəf arasında bölünür. Əgər pulunuzun investisiya edildiyi biznes sahəsi iflasa uğrayırsa, həm də zərərə ortaq olursunuz”.

Ekspert deyir ki, hazırkı banklar haqqında qanunumuz isə bu sistemin ölkəmizdə qurulmasına mane olur: “Azərbaycanın “Banklar haqqında” qanununda bankların hansı fəaliyyətlə məşğul ola biləcəyi, hansılarla ola bilməyəcəyi göstərilir. Banklarımız topdan satış, pərakəndə ticarət, istehsal, nəqliyyat, hasilat və digər bu tipli fəaliyyətlərlə məşğul ola bilməz. Sığorta fəaliyyəti istisna olmaqla, sadalanan fəaliyyətlərin heç birində payçı kimi də iştiraka icazə yoxdur. İslam bankçılığının mahiyyəti isə buna uyğun deyil. Burda əmanətçilərin pulları ticarətə, istehsala, hasilata və digər sahələrə yönəldilməklə gəlir qazanılır. Bu sistemi ölkəmizdə qurmaq mümkündür, amma qanun səviyyəsində dəyişiklik edilməlidir”.

Bankların tərkibində olarsa...

X.Məmmədli bildirdi ki, real iqtisadiyyatı dəstəklədiyinə görə, dünya ölkələrinin əksəriyyətində bu sistem çalışır: “İslam bankçılığının dünyada 4 əsas məktəbi var. Səudiyyə Ərəbistanı, Türkiyə, Malayziya və London. Ancaq Avropanın bütün ölkələrində ən azı bir islam bankı mövcuddur. Ümumilikdə isə islam bankçılığı dünyada geniş yayılmış sistemdir. Real iqtisadiyyatı dəstəklədiyinə görə kifayət qədər rentabellidir”.

Bunun üçün ayrıca banklar yaradılması, yoxsa mövcud bankların tərkibində də bu işin qurulmasının daha effektiv olmasına gəlincə, X.Məmmədli bildirdi: “Dünyada ənənəvi bankların daxilində pəncərə şəklində islam bankçılığı yaradılması təcrübəsi də var. Amma burada bir problem var ki, ənənəvi banklar faizlə çalışırlar. Bankların daxilində olanda, müştərilərdə müəyyən şübhələr olacaq ki, bu sahibkar faizlə işləyir, amma bir pəncərə yaradır, orda islam bankçılığı ilə məşğul olur. Vətəndaşlar tərəfindən o qədər yaxşı qarşılanmır. Ayrıca bank şəklində olması daha uğurlu olur. Həm də banklarımız da bu xidməti təqdim edəcək səviyyədə deyillər. Bir neçə bankı çıxmaq şərtilə banklarımızın bu sahədə təcrübəsi demək olar ki yoxdur”.

İqtisadiyyat üçün müsbət təsiri olacaq

İqtisadçı Elşad Məmmədov deyir ki, islam bankçılığının qurulması Azərbaycan iqtisadiyyatı üçün önəmlidir: “Ölkəmizin bank sistemi ölkə iqtisadiyyatına iqtisadi zərərlər verməkdədir. Halbuki bank sektorunun əsas missiyası pul yaratmaq, pulu istehsala yönəltmək, investisiyalar yaratmaq olmalıdır. Ancaq elə faiz dərəcələri ilə işləyirlər ki, bununla real istehsalı qurmaq əksər sahələrdə qeyri-mümkündür. Bu da iqtisadiyyat üçün böyük problemlərə səbəb olur. İslam bankçılığı məhz istehsala, real əlavə dəyəri formalaşdırmağa yönələn bir sistemdir. Çünki islam bankçılığında o faizlər olmayacaq ki, banklar istehsalçılardan daha çox mənfəət əldə edə bilsin. Yaxud istehsalçı hansısa problemlə üzləşəndə, bank onun əmlakını əlindən alsın. Bu halları islam bankçılığı qəbul etmir. İslam bankçılığı sistemi tətbiq olunanda, praktiki iqtisadiyyata öz müsbət təsirini göstərməlidir”.

E.Məmmədovun sözlərinə görə, islam bankçılığını dəstəkləyən addımlar olarsa, bu sistemi uğurlu şəkildə qurmaq mümkündür: “İlk növbədə Azərbaycanda islam bankçılığının müvafiq hüquqi norması yaradılmalıdır. Daha sonra islam bankçılığı ilə məşğul olacaq banklar müəyyən güzəştlər əldə etməlidir. Mərkəzi Bankın pul emissiya etmək – yəni pul çap etmək səlahiyyəti var. Mərkəzi Bank məqsədli şəkildə islam bankçılığı ilə məşğul olan bank təşkilatları üçün pul emissiya etməlidir. O pulları yaradıb onlara verməli və şərt qoymalıdır ki, həmin vəsaitlər yalnız investisiyalara yatırılsın. Yeni qurulacağı üçün müəyyən qədər dəstək tədbirlərinə ehtiyac olacaq”.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər