• çərşənbə, 24 Iyul, 13:18
  • Baku Bakı 31°C

Elektrik ixrac edən ölkəyə çevrilirik

09.09.23 05:00 2793
Elektrik ixrac edən ölkəyə çevrilirik

Artıq Azərbaycan dünyaya elektrik enerjisi ixrac edən dövlətə çevrilib. Təsadüfi deyil ki, xaricə ixracla bağlı əldə olunan gəlirlərin statistikasında enerji ixracından gəlirlərimiz ilk yerdə dayanır. Ekspertlər bu sahənin inkişafının iqtisadiyyatımıza xeyli gəlir gətirəcəyinə ümid edirlər.

2023-cü ilin yanvar-mart ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi birinci olub. Bu ixracdan əldə etdiyimiz gəlir isə 281,1 milyon ABŞ dollarıdır. Artıq elektrik enerjisi satan dövlətə çevrilmişik. Bəs bu yenilik iqtisadiyyatımıza necə təsir edəcək?

Qeyri-neft sektorunun sürətlə inkişaf edən sahəsi

Deputat Azər Badamov dedi ki, qeyri-neft sektorunda sürətlə inkişaf edən sahələrdən biri də elektroenergetikadır: “Enerji istehsalı sahəsində bərpa olunan yeni enerji güclərinin ərsəyə gətirilməsi və ixrac xətlərimizin tikilməsi Azərbaycana elektrik enerjisinin ixracından daha böyük gəlirlər gətirəcək.

Bu gün dünyada baş verən proseslər qlobal enerji xəritəsində dəyişikliklərin edilməsini labüd edib. Azərbaycan Avropanın yeni qurulan enerji xəritəsində özünəməxsus rola malikdir və bu qitənin neft, qaz və elektrik enerjisinin təhlükəsizliyində həlledici rol oynayacaq”.

“Avropa İttifaqına innovativ yaşıl enerji ilə çıxa biləcəyik”

Millət vəkili Vüqar Bayramovun fikrincə, Azərbaycan elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib: “Elektrik enerjisinin Azərbaycan ixracatında xüsusi paya malik olması bu sahədə dövlət gəlirlərimizin artması mənasına gəlir. Nəzərə alsaq ki, Azərbaycanda alternativ enerji sektoruna kifayət qədər böyük investisiya yönəldilib. Xarici şirkətlərlə bağlanmış müqavilələr də ondan xəbər verir ki, enerji ixracatımız artacaq. Digər tərəfdən, Azərbaycan 2026-cı ildən sonra Avropa ittifaqına da elektrik enerjisi ixrac edəcək. Qara dəniz vasitəsilə enerjinin Gürcüstan, Rumıniya və Macarıstana ixracı mümkün olacaq. 

Birinci rübün yekunları da göstərir ki, bir tərəfdən qeyri-neft ixracatının strukturu şaxələnib, digər tərəfdən Azərbaycan elektrik enerjisi istehsalında və ixracında regional olaraq xüsusi aparıcı ölkəyə çevrilib. 4 ölkəyə elektrik enerjisi ixrac edirik. Xüsusən də Avropa İttifaqı ilə bağlanmış müqavilə ixracın genişlənməsinə və şaxələnməsinə imkan yaradacaq. Azərbaycan artıq Avropa İttifaqına ənənəvi enerji məhsulları deyil, həm də innovativ yaşıl enerji ilə çıxa biləcək. Bu da enerji ixracatının mənbə olaraq şaxələndirilməsi baxımından vacibdir. Perspektivdə Azərbaycanın elektrik enerjisi ixracatından əldə etdiyi gəlirlərdə artımların olacağı gözlənilir”. 

“Dünya ölkələri ilə strateji tərəfdaşa çevrilirik”

İqtisadçı Eldəniz Əmirov bildirdi ki, elektrik enerjisinin ixrac edilməsi enerji təhlükəsizliyimiz baxımından vacibdir: “İstehsal həcmi artdıqca ixracı da artırmaq imkanları yaranır. Bunu rəqəmlərdə də görürük. İxracın artırılması həm qeyri-neft sektorunun inkişafı baxımından vacibdir, həm də digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında rolumuzu artırırıq. Bu isə bizi onlarla strateji tərəfdaşa çevirir. Əlavə olaraq, ölkənin enerji təhlükəsizliyinə tam əminlik yaranır. Müəyyən miqdar artıq istehsal edib satırıqsa, bu o deməkdir ki, sabah hansısa sahədə enerji istehsalımızda problem yarandığı təqdirdə o azalmanı ixracdan azaldaraq bərpa edə biləcəyik”. 

Zəngəzur dəhlizi açıldıqdan sonra...

E.Əmirovun sözlərinə görə, elektrik enerjisi strategiyası özündə alternativ enerji mənbələrinə hədəflənən fəaliyyəti də ehtiva edir: “Azərbaycanın 200 qiqavata qədər enerji istehsal etmək potensialı mövcuddur. Onun 157-si Xəzər dənizinin payına düşür. Tək işğaldan azad olunmuş ərazilərimizdə 2000 meqavatlıq enerji potensialımız var. İstər külək, istər günəş, istər hidroenerji olsun. Hətta bp-nin investisiya qoyması ilə bağlı müəyyən razılaşmalar da var. Hansı ki, Cəbrayıl rayonunda günəş elektrik stansiyası quraşdırılacaq. Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycan enerji ixracını birmənalı olaraq artıra biləcək”. 

Enerji məsələləri üzrə ekspert İlham Şaban qeyd etdi ki, bu rəqəmlər real olmaya bilər: “281 milyon dollarlıq elektrik enerjisinin ixrac edilməsi, Dövlət Gömrük Komitəsinin birinci rübdə bəyan edilmiş elektrik enerjisinin ixracıdır. Ancaq bu o demək deyil ki, biz bu qiymətə elektrik enerjisi ixrac etmişik. Bu rəqəm reallıqdan bir qədər uzaqdır. Çünki Azərbaycan həcm olaraq cəmi 1,3 milyard kilovat saat elektrik enerjisi ixrac edib. Ancaq gömrükdə 2,4 milyard kilovat saat kimi göstərilib. Yəni ötən ildən bəyan edilməmiş həcmi də üstünə gəlib. Növbəti dövrlərdə də bu belə olacaq. Ötən il 2022-ci ilin yekunu olaraq Azərbaycan ilk dəfə 3 milyard kilovat saat elektrik enerjisi ixrac etməyə müvəffəq oldu. Ancaq gömrük bəyannaməsində bu cəmi 1,7 milyard kilovat saat olaraq bəyan edilib. 1,3 milyard kilovat saat bəyan edilməyib. İndi görürük ki, bunun təqribən 900 milyon kilovat saatı ötən ilin üzərinə gəlib və nəticə etibarilə belə böyük rəqəm alınıb”. 

“Gəlirlərimizi daha da artıra bilərik”

İ.Şabanın sözlərinə görə, Azərbaycanda elektrik enerjisinin ixracının artımını, əsasən, 2020-ci ildən başlayaraq müşahidə edirik: “Azərbaycan 2020-ci ildə milyard kilovat saatdan çox ixraca nail oldu, ötən il bunu 3 milyard səviyyəsinə çatdırdı. Cari ilin birinci rübünün nəticələri isə göstərir ki, bunu hətta 4 milyard kilovat saata qədər də artıra bilər. Təbii ki, biz nə qədər çox istehsal ediriksə, o qədər də ixracımızı artırmaq imkanlarımız yaranır. Ölkə daxilində elektrik enerjisini daha rasional istifadə etsək, gəlirlərimizi daha da artıra bilərik”.

Zərif Salmanlı
 

banner

Oxşar Xəbərlər