Əlavə dəyər vergimizi mənimsəyənlər - ARAŞDIRMA

Müəyyən
olunsa ki, istehlakçıya məxsus ƏDV çekindən ondan xəbərsiz kimlərsə istifadə
edib, bu, oğurluq əməlinin tərkibini yaradır. Belə əmələ yol verən şəxs və ya şəxslər
özgənin əmlakını gizli olaraq talama ilə bağlı cinayət məsuliyyəti daşıyırlar.
Azərbaycanda
pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış
mallara görə fiziki şəxs olan istehlakçılara əlavə dəyər vergisi (ƏDV) ödənilir.
Bunun üçün ilk növbədə hər bir vətəndaş ticarət və ictimai iaşə obyektlərində
etdiyi ödənişlər üzrə çekləri toplamalıdır. Ardınca www.edvgerial.az portalına
daxil olmalı, şəxsiyyətini təsdiq edən sənədin FİN kodunu, doğum tarixini və
mobil nömrəsini müvafiq bölmələrə daxil edərək qeydiyyatdan keçməli, "elektron kabinet”
yaratmalıdır.
Məmnunluq
doğuran addım
İstehlakçı
ödəniş müqabilində nəzarət-kassa aparatının verdiyi hər bir çekin 12 simvollu
fiskal ID-ni portala daxil etməli, yaxud müvafiq mobil əlavə ilə çekin üzərində
olan QR kodu oxutmalıdır. 30 gün sonra elektron kabinetdə çek üzrə ƏDV məbləğinin
nağdsız ödənişlər üzrə 15, nağd ödənişlər üzrə 10 faizi əks olunacaqdır. Artıq
bir neçə ildir ki, Azərbaycan vətəndaşları bu qayda ilə dövlətin onlar üçün
yaratdığı imkandan yararlanır, topladıqları ƏDV məbləğindən müxtəlif məqsədlər
üçün istifadə edirlər. Bu, müsbət haldır və hər bir insan tərəfindən məmnunluqla
qarşılanır.
ƏDV-si
oğurlanan Bakı sakinləri
Yeganə
narazılıq yaradan məqam budur ki, bəzi ticarət və iaşə obyektlərinin ayrı-ayrı
işçiləri tərəfindən vətəndaşlara ödəniş müqabilində çek təqdim etmək ya "yaddan
çıxır”, ya da istehlakçıya verilən çekin ƏDV-si artıq portala yüklənmiş olur.
Misal üçün, redaksiyamızla telefon əlaqəsi saxlayan Bakı şəhər sakini Kəmalə
Əzizova bildirir ki, tanınmış market şəbəkəsinin birindən davamlı olaraq
alış-veriş edir. Ödəniş müqabilində aldığı çeklərin üzərindəki müvafiq məlumatları
dərhal portala daxil edəndə ƏDV-ni geri qaytarmaq olur. Amma çekin üzərindəki məlumatı
bir-iki gün gec portala daxil edəndə məlum olur ki, həmin çekə görə ƏDV artıq
ödənilib. Şikayətçinin iddiasına görə, alış-veriş müqabilində kassa aparatından
çıxan hər bir çek iki nümunədə olur. Birinci nümunə istehlakçıya verilir,
ikinci nümunə kassada ödənişi qəbul edən şəxsdə - xəzinədarda saxlanılır. Günün
sonunda və ya bir-iki gün sonra həmin xəzinədar toplanılan çeklərin məlumatlarını
portaldakı şəxsi kabinetinə daxil edir, istehlakçılara çatacaq məbləğləri özü mənimsəyir.
Beləliklə də, gün ərzində maaşdan əlavə 20-30 manat pul qazanır. Necə deyərlər,
dama-dama göl olur. Kobud şəkildə ifadə etsək, xidmət sektorunda fəaliyyət göstərən
şəxs bu yolla vətəndaşın cibinə girir, ƏDV-sini oğurlayır, nəticə etibarilə
istehlakçıların hüququnu pozur.
İstehlakçı
hüququnu necə qorumalı?
Maraqlıdır,
Kəmalə xanımın üzləşdiyi neqativ hallara qarşı necə mübarizə aparmaq olar?
İstehlakçıların hüquqlarını pozan, ƏDV-ni oğurlamaqla vətəndaşlara maddi ziyan
vuran xidmət sektoru işçiləri buna görə hansı məsuliyyəti daşıyırlar? Məlumat üçün qeyd edək ki, belə neqativ halla rastlaşan vətəndaşlar ƏDV çeki təqdim edilməklə, ilkin instansiya olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinə, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə
şəxsən, yaxud elektron qaydada müraciət edə bilərlər. Fakt ətraflı araşdırıldıqdan sonra qanun çərçivəsində
müvafiq addım atılacaq.
Şikayətə əhəmiyyət
verilməzsə…
Məsuliyyət məsələsinə gəlincə, Azərbaycan
Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev mövzu ilə bağlı "Kaspi” qəzetinə
açıqlamasında dedi ki, təsvir olunan hadisə vətəndaşların ƏDV çeklərinin
ayrı-ayrı şəxslər tərəfindən oğurlanması halıdır: "Əgər vətəndaş hansısa ticarət
mərkəzində istənilən məhsula görə ödəniş edibsə, bunun müqabilində ona çek təqdim
olunubsa, sözügedən çekə görə qaytarılmalı məbləği almaq mümkün olmursa, ilk
növbədə alış-veriş edilən ticarət mərkəzinə müraciət olunmalı, məsələ
aydınlaşdırılmalıdır. İstehlakçının müraciətinə əhəmiyyət verilməzsə, bu zaman
müvafiq vergi orqanına şikayət edilməlidir. Müəyyən olunsa ki, istehlakçıya məxsus
ƏDV çekindən ondan xəbərsiz kimlərsə istifadə edib, bu, oğurluq əməlinin tərkibini
yaradır”.
Özgənin əmlakını
gizli olaraq talama
Vəkil söylədi
ki, belə əmələ yol verən şəxs və ya şəxslər özgənin əmlakını gizli olaraq
talama ilə bağlı cinayət məsuliyyəti daşıyırlar: "Bu oğurluq faktı ənənəvi
üsulla deyil, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulduğu
kimi, elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından
istifadə edilməklə törədilir. Bu əməl nəticəsində vətəndaşlara xeyli miqdarda
ziyan vuran şəxs 1 ildən 3 ilə qədər, yaxud 2 ildən 5 ilə qədər azadlığın məhdudlaşdırılması
cəzası ala bilər. Eyni əməl külli miqdarda ziyan vurmaqla törədildikdə daha
ağır cəza ilə nəticələnir. Belə halda həmin şəxslər 5 ildən 10 ilə, xüsusilə
külli miqdarda ziyan vurulmaqla törədildikdə isə 10 ildən 14 ilə qədər
azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər. Düzdür, ƏDV çeklərində külli
miqdarda vəsaitin olması mümkün deyil. Amma yenə də bu əmələ görə məsuliyyət nəzərdə
tutulub”.
Rufik
İSMAYILOV
