• cümə axşamı, 28 mart, 20:18
  • Baku Bakı 13°C

Dilimizi və tariximizi öyrənmək üçün fürsət

01.10.22 03:00 1822
Dilimizi və tariximizi öyrənmək üçün fürsət

Bu ildən pilot layihə olaraq məktəblərimizin rus bölmələrində “Azərbaycan tarixi” fənni dövlət dilində tədris olunmağa başlayıb. Cari ildə 20 məktəbdə layihənin nəticələri təhlil edildikdən sonra növbəti il üçün qərar qəbul ediləcək. 

Ölkəmizin orta ümumtəhsil məktəblərinin bəzilərinin rus bölməsində “Azərbaycan tarixi” fənni dövlət dilində tədris olunmağa başlanıb. Prosesə elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən start verilib. Belə ki, 2022-2023-cü tədris ilində ölkənin 20 ümumi təhsil müəssisəsinin tədrisi digər dillərdə aparılan bölmələrinin V siniflərində  “Azərbaycan tarixi” fənni dövlət dilində tədris edilir: “Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi istifadəsi və tətbiqi imkanlarının genişləndirilməsi digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan dilinə, tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədi daşıyır. Cari ildə 20 məktəbdə pilot layihənin nəticələri təhlil edildikdən sonra növbəti il üçün qərar qəbul ediləcək”.

Qeyd edək ki, bu tədris ilinədək məktəblərin rus bölmələrində Azərbaycan tarixi fənni rus dilində tədris edilib. Şagirdlərə “Azərbaycan tarixi” fənni dərslikləri rus dilində paylansa da, sonradan onların dəyişdirilərək Azərbaycan dilində kitablarla əvəzlənəcəyi bildirilib. 

Tədris ilinin sonunadək

Amma nazirliyin bu qərarı birmənalı qarşılanmır. Azərbaycan dilini bilməyən şagirdlərin birdən-birə tarix fənnini öyrənmələrinin çətin olacağını söyləyənlər də var, əksini düşünənlər də.

Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb də pilot layihənin həyata keçirildiyi təhsil ocaqları sırasındadır.

Məktəblə əlaqə saxladıqda artıq “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində keçirildiyini təsdiqlədilər: “Dərslər təzə başlayıb. Fənnin effektivliyini bundan sonra – tədris ilinin sonunadək biləcəyik”.

Həm dili, həm tarixi öyrənəcəklər

AMEA Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhramov layihəyə münasibət bildirərək qeyd etdi ki, təkcə ölkəmizin təhsil alan vətəndaşları deyil, coğrafiyamızda digər dillərdə təhsil alanlar da Azərbaycan tarixini bilməlidir: “Bizdə, əsasən, tədris Azərbaycan və rus dilindədir. Rus dilində təhsil alanlara Azərbaycan tarixinin tədrisi zəif idi.  Digər dillərdə təhsil alanlar həm Azərbaycan dilini, həm də tarixi öyrənəcəklər”. Alim deyir ki, ölkəmizdə ingilis, fransız dilli məktəblər də var: Onlar da Azərbaycan tarixini dövlət dilimizdə keçməlidirlər: “Bu, düzgün qərardır”.

Vacib eksperiment

Tarix müəllimi Pərviz Ağalarovun sözlərinə görə,  ölkəmizin təhsil sistemində bu addım ilk deyil: “Ötən ildən etibarən 9-cu siniflər üçün “Zəfər tarixi” dərs vəsaiti dövlət dilində tədris olunur. Bu addım ümumtəhsil müəssisələrində normal qarşılanıb və bildiyimə görə, hər hansı bir narazılıq  yoxdur. Nazir Emin Əmrullayevin də vurğuladığı kimi, 5-ci siniflərdə “Azərbaycan tarixi” fənninin dövlət dilində tədrisi Ana dilimizin tətbiq sahəsini və təsir imkanlarını daha genişləndirir”. P.Ağalarov layihəni vacib eksperiment hesab edir: “Doğrudur, bu, hələ bir eksperiment səviyyəsindədir. Amma milli nöqteyi-nəzərdən vacib eksperimentdir. Hesab edirəm ki, 5-ci siniflərə qədər ibtidai təhsil yalnız Ana dilində aparılmalıdır”.

Həm o dildən, həm bu dildən yarımçıq

Təhsil eksperti Nadir İsrafilov fənnin tədrisində yaranacaq problemlərin bir çox amillərlə bağlı olduğunu qeyd edir: “Məlumata görə, yer çatışmazlığından 4 minə yaxın uşaq rus bölməsinə qəbul ola bilməyib. Rus bölməsi daha çox meqapolis xarakterlidir. Məktəblərin də quruluşu elədir ki, əlavə tikinti aparmaq mümkün deyil. Bu problem həll olunsa belə, müəllim çatışmazlığı yaranacaq. Müstəqillik qazanandan sonra biz rus dilini xarici dillər qrupuna daxil etdik. Rus dilinə qarşı bir çox şəxslər tərəfindən radikal fikirlər səsləndi. Əksər məktəblərdə rus dili tədris planından çıxarıldı və fakültativ hesabına tədris olunmağa başladı. Bir çox məktəblərdə ümumiyyətlə, tədris olunmadı. Bu, ona gətirib çıxardı ki, bizim rus dili müəllimləri müəllimlik peşəsini tərk etdilər və başqa sahələrə keçdilər. Hazırda kadr çatışmazlığı reallıqdır. Yaranan problemi aradan qaldırmaq üçün uşaqları daha çox Azərbaycan bölməsinə cəlb etmək və rus bölməsində “Azərbaycan tarixi”, “Azərbaycan ədəbiyyatı” və “Azərbaycan coğrafiyası” fənlərinin Azərbaycan dilində keçirilməsi ilə bağlı təkliflər səsləndi. Hesab edirəm ki, bu, məsələnin həlli deyil. Uşaq həm o dildən, həm bu dildən olacaq”.

Azərbaycan dilinin tədrisi saatlarını artırmaq

N.İsrafilov hesab edir ki, ən optimal yol uşaqların rus bölməsinə müsahibə yolu ilə qəbul edilməsidir: “Bu qərarın hansı effekt verəcəyini söyləmək çətindir. Rus və ya digər tədris bölməsinin uşağını “Azərbaycan tarixi”ni və ya başqa fənni Azərbaycan dilində keç” deyə məcbur etmək hüquq pozuntusudur. İndi bəziləri tərəfindən “rus bölməsi ləğv olunsun” deyə səslənən radikal fikirlər düzgün deyil. Yeganə yol rus bölmələrində Azərbaycan dilinin tədris saatlarını artırmaqdır ki, uşaqlar bu saatlar hesabına Azərbaycan dilinə daha yaxşı yiyələnsinlər”. Ekspert “Azərbaycan tarixi” fənninin digər tədris bölmələrində pilot layihə çərçivəsində Azərbaycan dilində keçirilməsini düzgün qərar hesab edir: “Yaxşı ki, bu, pilot layihədir. Yoxsa əlavə narazılıq yarada bilər. Sadəcə, gözləməliyik ki, bu layihə hansı effekt verəcək. Yalnız ondan sonra konkret addımlar atmaq olar”. 

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər