• cümə axşamı, 28 mart, 16:11
  • Baku Bakı 16°C

Ədibin hamıya qucaq açan evi - ANIM

29.04.23 02:00 1784
Ədibin hamıya qucaq açan evi - ANIM

Qiymətli xatirələri qorumaq və ədəbiyyatımıza töhfə vermək üçün 2017-ci ildə ev təmir olunub və “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu kimi fəaliyyətə başlayıb. Bu ev-muzey həmçinin Mir Cəlalın 109-cu ildönümünə layiqli töhfə olub. 

İçərişəhərin qədim və dar küçələrindən birində - Kiçik Qalada bir ünvan var: “Ədibin Evi”. “Bu evdə Mir Cəlal Paşayev yaşayıb”, - deyə yoldan keçənlər bir-birlərinə pıçıldayır. Valideynlər övladlarına, müəllimlər şagirdlərinə, bələdçilər qonaqlarına bu evi tanıdır. Görkəmli yazıçı bu xudmani, sadə evdə 1920-1940-cı illərdə yaşayıb. Ona məşhurluq gətirən bır sıra əsərlərini – hələ məktəb illərində sevərək oxuduğumuz “Bir gəncin manifesti”, “Dirilən adam” romanlarını, bir çox satirik hekayələrini bu evdə yazıb. “Füzuli sənətkarlığı” da bu evdə yaranıb. İlk baxışdan kiçik görünsə də, bu evin divarları arasına, həyət-bacasına 8 ailə sığışıb.

Mir Cəlal həyat yoldaşı Püstə xanımla bu evdə ailə qurub, bu evin birinci mərtəbəsində, ikiotaqlı kiçik mənzildə yaşayıb. İlk övladları bu evdə dünyaya gəlib. 20 il ərzində bu evin divarlarına nə qədər acılı-şirinli xatirələr hopub. Bu evin çoxlu əziz və hörmətli qonaqları olub. Bu həyət-bacada böyüyən uşaqlar nə qədər görkəmli şəxsiyyətləri görüb, onlarla ünsiyyətdə olublar. Sonralar ədibin xatirələri 1967-ci ildə yazdığı “Bakı görüşləri” adlı xatirə məqaləsində oxucuları da sehrinə alıb.

Mir Cəlal xatirələrində Hüseyn Cavidlə bir küçədə yaşamasından yazıb. Cavid bəzən axşamlar, yazıdan, yaradıcılıq işlərindən yorulan saatlarda başmaq seyrinə çıxar, Mir Cəlalgildə də ayaq saxlayar, həmişə ədibin yazı masasına da diqqət yetirərmiş: “Bir gün gənc şairlərin kitabları haqqında məqalə yazmaq istədiyimi biləndə mənə mühüm məsələlərə üz tutmağı tövsiyə etdi: “Fikir söyləməli daha vacib əsərlər var, elə əsərləri təhlil elə ki, heç olmasa mövzu sənin zəhmətini qoruyub saxlasın. Füzulidən yazanı yazı özü saxlamasa da, Füzuli saxlayacaq”. Cavid Əfəndinin tövsiyələrini qəbul edən Mir Cəlal Paşayev Füzulinin poetikasını, sənətkarlığını tədqiq etməyə başlayır. İlk elmi əsərini, namizədlik dissertasiyanı da Füzulidən yazıb çap etdirir. “Füzuli sənətkarlığı” kitabının ilk nüsxəsini minnətdarlıq əlaməti olaraq Hüseyn Cavidə təqdim edir. 

Ədəbiyyatımıza töhfə vermək

Bu qiymətli xatirələri qorumaq və ədəbiyyatımıza töhfə vermək üçün 2017-ci ildə ədibin oğlu Arif Paşayevin təşəbbüsü ilə ev təmir olunub və “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu kimi fəaliyyətə başlayıb. Bu ev-muzey həmçinin Mir Cəlalın 109-cu ildönümünə layiqli töhfə olub. 
O vaxtdan bəri “Ədibin Evi” ədəbiyyata dəstək missiyasını üzərinə götürüb. Bu sadə evin qapısı sahiblərinin qəlbi kimi hamıya açıqdır. Ədəbiyyat adamları, tələbələr, şagirdlər, gənclər, sadə adamlar tez-tez bu evin qapısını döyürlər. Yazıçının həyat və fəaliyyəti, yaşadığı dövrün ədəbi mühitinə bələd olmaq üçün nadir eksponatlarla tanış olurlar. “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva gələn qonaqları üzügülərliklə qarşılayır, həvəslə yazıçının həyat və yaradıcılığı haqqında məlumat verir, ziyarətçiləri ASAN Radio ilə “Ədibin Evi”nin birgə media layihəsi əsasında reallaşan “Ədibin Evindən Hekayələr”ə baxmağa dəvət edir: “Bizim artıq rəqəmsal dünyada öyrənməyə vərdiş edən tam bir nəslimiz yetişib. Demək, rəqəmsallaşma ilə maariflənmə arasında sürətlə artan əlaqəni nəzərə alaraq oxu vərdişlərimizi müvafiq şəkildə uyğunlaşdırmalıyıq. Bu məqsədlə “Ədibin Evindən hekayələr” adlı oxuya həvəsləndirmə layihəsi Mir Cəlal və digər klassiklərimizin qısa hekayə janrına aid ölməz əsərlərini rəqəmsal şəkildə gənclərə təqdim edir”.

“Ədibin Evi”ndə tez-tez ədəbi tədbirlər keçirilir. Bu yaxınlarda başa çatan “Mir Cəlal adına III hekayə müsabiqəsi” də belə tədbirlərdən biridir. “Ədibin Evi”nin yenidən ədəbiyyatsevərlərin ixtiyarına verilməsində də məqsəd bu məkanı ədəbiyyat, mədəniyyət ocağına çevirmək və Mir Cəlal irsini davam etdirməklə ədəbiyyatımıza töhfə verməkdir. “Bu gün “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu kimi Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini, ədəbi irsini tədqiq və təbliğ edəcək tədbirlər, müsabiqələr həyata keçirir”, - deyə Şəfəq xanım yazıçının yubileyi münasibətilə Ev-muzeyə toplaşan “Davam” Gənclər Təşkilatının üzvlərinə məlumat verdi: “Məqsədimiz xüsusilə də gənc nəsli diqqətdə saxlayaraq “oxu” mədəniyyətini gücləndirmək, ədəbiyyatın xalqa və Vətənə sevginin aşılanmasında  rolunu vurğulamaqdır”.

“Ədibin Evi”nin Bakı Dövlət Universitetinin kafedra müdiri Ədibə Paşayeva, həmin universitetin professoru Təhsin Mütəllimov və ADA Universitetinin rektoru Hafiz Paşayevdən ibarət mükəmməl Himayəçilik Şurası var. Onların ədəbiyyat biliciləri olmaları, uzun həyat təcrübələri bu məkanda keçirilən hər bir tədbirə zənginlik qatır, yol göstərir.

Xalqa xidmət etmək amalı

Mir Cəlal qiymətli hekayə və romanlar müəllifi kimi tanınıb, əlli illik yaradıcılığı dövründə görkəmli nasir və alim kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli yerini tutub. Mir Cəlal öz yazı üslubu ilə Azərbaycan ədəbiyyatında yeni səhifə açıb. Yalnız “Bir gəncin manifesti” əsərinə görə  klassik sənətkarlar sırasına adını yazdıra bilib.

Elə “Ədibin Evi”nə qədəm qoyanda Mir Cəlalın xeyirxahlıq və mərhəmətdən, xəlqilik və dünyəvilikdən, səmimilik və insanlıq duyğularının harmoniyasından yaranan dünyası ziyarətçilərə qucaq açır.  

Sadə və böyük salonun yuxarı hissəsində Mir Cəlalın yazı masası yer alıb. Divarlarda bu evdə yaşadığı illər, həmin dövrdəki Bakının yaradıcı abı-havası, yazıçının müasirləri ilə görüşlərini əks etdirən fotolar, qəzet səhifələri maraq doğurur. Ailəsi ilə birlikdə Gəncəyə köçdüyü illər, oradakı fəaliyyətini əks etdirən sənədlər, yazdığı əsərlər, haqqında yazılan kitablar, müasirlərinin Mir Cəlal haqqında qələmə aldıqları fikirlər də qiymətli eksponatlardandır. Bu köhnə qəzet parçalarında kimlərin imzaları yoxdur? Məmməd Araz, Mirvarid Dilbazi, professor Qulu Xəlilov, Balaş Azəroğlu, Ədibə Paşayeva, Nərgiz Paşayeva, Xalq yazıçısı Elçin və b. görkəmli yazıçı haqqında ürək sözlərini, xatirələrini qələmə alıblar. 

Mir Cəlal Paşayev zirvəsi

Mir Cəlal ustadlarından götürdüyü örnəyi özünə həyat amalı seçmişdi: “Mənim amalım xalqıma xidmət etmək olub. Hələ çox borcluyam xalqıma. Ömrümün qalan illərini də onun xoşbəxtliyi üçün əsirgəməyəcəm”.

Aprelin 26-sı Mir Cəlal Paşayevin – görkəmli yazıçı və ədəbiyyatşünas alimin, böyük pedaqoqun 115 illik yubileyi qeyd edildi. İllər keçdikcə yazıçının irsi görkəmli bir ədibin bizə yadigar qoyduğu qiymətli mənbə kimi dəyərini artırır. Onun elmi və ədəbi yaradıcılığı ilə yanaşı xeyirxahlığı, peşəkar müəllimliyi, insanpərvərliyi qəlblərdə özünə abidə yaradır, nəsillərə örnək olur. 

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər