çərşənbə axşamı, 05 iyul, 22:12

Baku Bakı 30°C

Daha bir mühüm sahədə önə keçdik

icon 1695 icon 11 oktyabr 2013 | 07:52 Daha bir mühüm sahədə önə keçdik

Ümumdünya İqtisadi Forumu (ÜİF) İnsan Kapitalı İndeksi (Human Capital Index) üzrə ilk reytinqini açıqlayıb. 122 ölkənin yer aldığı reytinqdə bu indeks təhsil, səhiyyə, əlverişli mühitin mövcudluğu, işçi qüvvəsi və məşğulluq kimi parametrlər nəzərə alınmaqla ölkələrin uzunmüddətli iqtisadi potensialının maksimal inkişaf imkanlarını qiymətləndirir.
Azərbaycan İnsan Kapitalı İndeksi reytinqində 64-cü pillədə qərar tutub. ÜİF-in məruzəsində Azərbaycan təhsil səviyyəsinə görə 71-ci, əlverişli mühitin mövcudluğu, işçi qüvvəsi və məşğulluğa görə 55-ci yerdədir. Ölkəmizin ən zəif göstəricisi isə uzunömürlülük və uşaq ölümünün səviyyəsində özünü göstərib – 94-cü yer.
İlk üçlükdə İsveçrə, Finlandiya və Sinqapur qərarlaşıb. İlk onluqda isə Şimali Avropanın 7 ölkəsindən 6-sı, o cümlədən Almaniya (6-cı yer) və Böyük Britaniya (8-ci yer) yer alıb. Reytinqdə qonşu ölkələrdən Gürcüstan 77-ci, Ermənistan 73-cü, Rusiya 51-ci, Türkiyə 60-cı, İran 94-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan son illər bu siyahıda xeyli irəliləyişə nail olub. 2005-ci ildə ölkəmiz insan kapitalının inkişaf göstəricisi üzrə 101-ci yerdə idisə, bu il qeyd etdiyimiz kimi, 64-cü yerdə qərarlaşıb. “Bu irəliləyiş hansı amillərlə bağlıdır” deyə sual etsək, burada təbii sərvətlərin yeri qədər bu sərvətlərdən səmərəli istifadənin rolunu da qeyd etmək olar. Təhsil səviyyəsinə görə Azərbaycan son illər ərzində onlarla pillə irəliləyib. Bu, heç də təsadüfi deyil. Belə ki, son illər ölkə iqtisadiyyatı ilə yanaşı elmi, təhsili və mədəniyyəti də geniş inteqrasiya proseslərinə cəlb olunub. Elm və təhsil sahəsində alim, müəllim və tələbələrin mübadiləsi geniş vüsət alıb. Təbii ki, müasir mərhələdə ölkəmizin iqtisadi qüdrəti gənclərimizin yeni bilik, informasiya və texnologiyaları qavraması qabiliyyəti ilə bilavasitə bağlıdır. Mövcud intellektual potensialın zənginləşdirilməsi ölkəmizdəki elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini aktuallaşdırır, xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyalarına yiyələnən və beynəlxalq diplomatik təcrübəni yaxşı mənimsəyən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacın ödənilməsini tələb edir.
Avropaya inteqrasiya siyasətini həyata keçirən Azərbaycan dövləti dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə xüsusi maraq göstərir. Prezident İlham Əliyevin fərmanı ilə “2007-2015-ci illər üçün Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almaları ilə bağlı Dövlət Proqramı”nın təsdiqlənməsi və icrası da bu məqsədə xidmət edir.
Dövlət Proqramının əsas məqsədi ölkədə rəqabətqabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarətdir.
Dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilən təhsilin, elmin inkişafı sahəsində görülən işlər davamlılığı ilə diqqəti çəkir. Təhsilin inkişafı ilə bağlı müxtəlif istiqamətləri əhatə edən 16 dövlət proqramının qəbul olunması və uğurla icrası, ən ucqar kəndlərdə belə məktəb tikintisi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi və s. buna əyani sübutdur.
Qeyd etdiyimiz kimi, reytinq cədvəlinin hazırlanmasında nəzərə alınan indikatorlardan biri də səhiyyədir. Bu istiqamətdə də son illər ərzində təqdirəlayiq işlər görülüb. Son 10 ildə ölkə büdcəsində səhiyyə xərcləri 11 dəfədən çox artıb. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 500-dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilib. Maddi-texniki bazası gücləndirilən tibb müəssisələri indi bir sıra hallarda dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır, bəzən isə hətta onları üstələyir. Səhiyyənin ən aktual problemləri üzrə qəbul edilmiş dövlət proqramlarının icrası əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar çox mühüm vəzifələri uğurla yerinə yetirməyə imkan yaradır. Bu gün həmin proqramların icrası nəticəsində ölkədə 27 Hemodializ mərkəzi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan “Talassemiya” mərkəzi, Milli Onkologiya Mərkəzinin Uşaq klinikası, Respublika Uroloji Klinik Xəstəxanası, Avropa standartlarına uyğun ən son texnologiyalarla təchiz olunmuş Diaqnostika mərkəzləri əhaliyə lazımi xidmət edir. Bu işlərin nəticəsidir ki, hər il əcnəbi ölkələrə müalicə üçün üz tutan vətəndaşların sayı azalır. Və bütün bunlar haqqında söhbət açılan reytinq cədvəllərində ölkəmizin sürətlə irəliləməsinə səbəb olur.
Məşğulluq və iş yerləri indikatoruna gəldikdə isə ölkəmizdə bu sahədə də xeyli işlər görülüb və görülməkdədir. Birbaşa ölkə rəhbərliyinin diqqətində olan özəl sektorun inkişafı, sahibkarlığa yaradılan şərait. Sahibkarlara, fermerlərə dövlət hesabına verilən dəstək yeni iş yerlərinin sayının artmasına və məşğulluq probleminin həllinə yönəlmiş addımlardır. Bunların nəticəsidir ki, son on ildə yüz minlərlə yeni iş yeri yaradılıb.
Bir sözlə, Azərbaycan təbii sərvətlərdən gələn gəlirləri insan inkişafına yönəltmək istiqamətində nümunəvi kursa sahib bir ölkəyə çevrilməkdədir. Bunu girişdə qeyd etdiyimiz reytinq cədvəli və bu kimi bir çox hesabatlar sübut edir.
Həbibə ABDULLA