Çin dördüncü böyük ticarət tərəfdaşımızdır

Çin Azərbaycanın dördüncü böyük ticarət tərəfdaşına çevrilib. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında bildirib.
Onun sözlərinə görə, əlaqələrin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ticarət dövriyyəsinin genişləndirilməsi üçün geniş imkanlar açır: “Belə ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 37% artaraq 1,4 milyard ABŞ dollarını üstələyib".
E. Əliyev vurğulayıb ki, Azərbaycan ticarət və şərab evləri artıq Çinin Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir: “Azərbaycan Ticarət Evi Çinin məşhur e-kommersiya platforması olan “JD”də də aktivdir. Bu mərkəzlər ikitərəfli ticari münasibətlərimizin inkişafına töhfə verirlər”.
