Cənubi Qafqazda Aİ-Rusiya rəqabəti - TƏHLİL
“Rusiya və Avropa İttifaqı paralel platformalardır. Bu rəqabət və aktivlik prosesin sönməsinə imkan verməyəcək. Azərbaycanın da marağı budur ki, özünə sərf etmədiyi hallar istisna olmaqla, proses ləngiməsin. Rəsmi Bakı öz maraqlarını təmin etmək üçün bütün vasitələrdən istifadə edəcək”.
Vətən müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı gedən proses əsas müzakirə mövzusudur. Bu məqsədlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) təşkilatçılığı ilə prezidentlər İlham Əliyev, Vladimir Putin, Baş nazir Nikol Paşinyan, Aİ Şurasının prezidenti Şarl Mişel səviyyəsində təkbətək və üçtərəfli görüşlər keçirilib. Tərəflər indiyə qədər bir sıra sənədlər imzalayıb, mətbuata bəyanatlarla çıxış edərək, sülh müqaviləsinin imzalanmasına doğru addımlayıblar.
İlk dəfə baş tutan birbaşa təmas
Diqqət çəkən xüsusi məqam budur ki, indiyə qədər Moskva və Brüsseldə keçirilən bütün görüşlərdə 2020-ci il 9/10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarına tam riayət olunması bütün sənədlərdə əks olunub. Düzdür, Ermənistanın qeyri-konstruktivliyi səbəbindən hələlik sülh müqaviləsi imzalanmayıb. Amma aprelin 6-da Brüsseldə keçirilən görüşdə Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyasının vacibliyi ifadə edilib. Bu xüsusda, cari ilin aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsi razılaşdırılıb. Brüssel görüşü bölgənin gələcək sülh və əmin-amanlığı üçün növbəti önəmli addım kimi qiymətləndirilib. Aprelin 11-də isə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı olub. Nazirlər arasında ilk dəfə baş tutan birbaşa təmasdan sonra bildirilib ki, tərəflər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Təhlükə, yoxsa dividend?
Göründüyü kimi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq, dolayısı ilə prosesdə əsas söz sahibinə çevrilmək uğrunda həm Rusiya, həm də Avropa İttifaqı arasında ciddi rəqabət var. Maraqlıdır, bu rəqabət nəticə etibarilə prosesi irəli aparacaq, yoxsa ləngidəcək? Bu rəqabətdə Rusiya və Avropanın marağı sadəcə sülh müqaviləsinin imzalanmasına nail olmaqdırmı? Ən nəhayət, bu rəqabət və çəkişmə Azərbaycan üçün təhlükə, yoxsa dividend vəd edir?
Cənubi Qafqaz uğrunda ciddi mübarizə
Rusiyalı politoloq Aleksey Malaşenko erməni mətbuatına açıqlamasında bildirib ki, Qərb və Rusiya yalnız Ukrayna münaqişəsində deyil, həm də Cənubi Qafqaz məsələlərində rəqabət aparırlar. O, bu günlərdə baş verən prosesləri dönüş nöqtəsi kimi səciyyələndirib. Qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli uğrunda rəqabət başlayıb və bu, regionda kimin lider olacağını müəyyən edəcək. Onun sözlərinə görə, Qərb Cənubi Qafqazda Rusiya ilə hər cür əlaqələrdən qəsdən imtina edir, onu regiondan tamamilə çıxarmağa çalışır.
Ermənistanın qeyri-konstruktiv mövqeyi
Politoloq Əhməd Əlili mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Rusiya və Avropa İttifaqı paralel platformalardır. Onun sözlərinə görə, bu platformaların yaradılması ideyası ilkin olaraq Ermənistana məxsusdur: “Ermənistan daim çalışırdı ki, əgər bir platformada durum onun istəklərini qane etməsə, dərhal digər platformaya keçsin və orada prosesə sıfırdan başlasın, yaxud ayrı formada fəaliyyətini davam etdirsin. Ona görə də Rusiya, ardınca Avropa İttifaqı, bəzi hallarda ABŞ, əvvəlki illərdə isə İran platformaları ortada idi. Bunlar Ermənistan diplomatiyası tərəfindən ciddi şəkildə ortaya qoyulan məsələlər idi. Əslində, rəsmi İrəvanın niyyəti əvvəldən bəlli idi. Onlar ayrı-ayrı platformalardan yararlanmaqla manevr edir, yalnız öz qeyri-konstruktiv maraqlarını təmin etmək üçün danışıqlar prosesində təmsil olunurdular. Ermənistanda düşünürdülər ki, digər bir platformada öz istəklərinə uyğun yeni vəziyyət ortaya çıxa bilər və bundan yararlanmaq olar. Azərbaycan tərəfi sonradan vəziyyəti öz istəyinə uyğun məcraya yönəldə bilib. Ermənistanın yaratdığı boşluqlardan rəsmi Bakı öz xeyrinə yararlanıb. Nəticə etibarilə paralel proseslər başlayıb”.
Aktivlik və rəqabət onlara bu imkanı verməyəcək
Politoloq deyib ki, hazırda Rusiya və Avropa İttifaqı kimi platformalardan Azərbaycan uğurla istifadə edir: “Hər iki platformanın olması ATƏT-in Minsk qrupunun missiyasını da sıfıra endirir. 2020-ci ilin 44 günlük müharibəsindən sonra Rusiya hesab etdi ki, güclüdür və Minsk qrupunu ləğv etməklə prosesləri təkbaşına idarə edə bilər. Belə olan halda Avropa İttifaqında düşündülər ki, əgər Rusiya təkbaşına prosesləri idarə edə bilərsə, nə üçün bunu Brüssel də etməsin? Belə situasiyada Avropa İttifaqı öz platforması çərçivəsində proseslərə dəstək verməyə başladı. Yəni vəziyyətin indiki hala çatmasında həm Ermənistan və Azərbaycan, həm də Rusiya və Avropa İttifaqının təsiri, rolu var. Təbii ki, tərəflərin hər biri öz maraqlarını güdür. İndiki halda bu rəqabət və aktivlik prosesin sönməsinə imkan verməyəcək. Azərbaycanın da marağı budur ki, özünə sərf etmədiyi hallar istisna olmaqla, proses ləngiməsin, sönməsin. Misal üçün, hansısa platformada əsas oyunçular prosesi dondurmaq, olduğu kimi saxlamaq istəyirlərsə, indiki aktivlik və rəqabət onlara bu imkanı verməyəcək. Belə olduğu halda Azərbaycan öz maraqlarını təmin etmək üçün bütün vasitələrdən istifadə edəcək”.
Rufik İSMAYILOV