• cümə, 26 Aprel, 00:40
  • Baku Bakı 16°C

Borclanmanın yeni vasitəsi - onlayn kreditlər

01.05.23 16:49 1934
Borclanmanın yeni vasitəsi - onlayn kreditlər

Azərbaycanda onlayn kreditlərin əhatə dairəsi artır. Ekspertlərin sözlərinə görə, onlayn kredit həm müştərilər, həm də banklar üçün olduqca sərfəlidir. Lakin kreditləri onlayn götürmək istəyənlər həm də ehtiyatlı olmalıdırlar. 

Metroda, küçələrdə, telefondakı reklamlarda tez-tez rastlaşdığımız bir söz var: onlayn kredit. Bu söz bir neçə ildir mövcud olsa da, son zamanlar daha çox məşhurlaşıb. Artıq bütün banklar insanlara müxtəlif çeşiddə onlayn kredit təklif edir. Bəs həyatımızın hər anında rast gəldiyimiz bu onlayn kredit nədir? Onun hansı müsbət və mənfi tərəfləri var?

Banka gəlmədən kredit almaq imkanı 

İqtisadçı Cəfər İbrahimli “Kaspi”yə açıqlamasında dedi ki, banklar müştərilərin daha sürətli, çevik kredit tələblərinə cavab vermək üçün tətbiq ilə müştərilərin müraciətini onlayn qəbul edib dəyərləndirirlər: “Eyni zamanda onlayn şəkildə müştərinin müvafiq sənədlərini, haqqında məlumatları alaraq təhlil edirlər. Müştəri özü banka gəlmədən kredit xəttindən istifadə edə bilir. Müştəri üçün zaman, sənədləşmə itkisi olmur. Eyni zamanda mobil tətbiqlər üzərindən götürdükləri kreditləri onlayn qaydada, yenə də banka getmədən ödəyə bilirlər. Sürətli xidmət və xidmətin əlçatanlığı hamısı vətəndaşın rahatlığı üçün hesablanıb”. 

İnsanların borclanma ehtimalı artır

Ekspertin sözlərinə görə, onlayn kreditlərin müştəri üçün mənfi tərəfi də var: “Kiminsə adından başqası kredit götürə bilər. Amma daha sonra müvafiq sənəd məlumatları, müqavilənin görüntülü təsdiqlənməsi tələbləri bu ehtimalı azaldır. Əslində işin mənfi tərəfi texniki risklərlə bağlı yox, daha çox iqtisadi aspektdəndir. Yəni vətəndaşın kreditə əlçatanlığı artırsa, istədiyi vaxt kredit götürə bilirsə, insanların daha çox borclanma ehtimalı yaranır. Bu iş rahat olduğu üçün vətəndaşın borc gücü artmış olur”. 

Adi kreditdən heç bir fərqi yoxdur

Hüquqşünas Əkrəm Həsənov bildirdi ki, onlayn kreditin həm bank, həm müştəri üçün rahatçılığı banka getmədən daha tez rəsmiləşdirilməsindədir: “Adi kreditdən heç bir fərqi yoxdur. 20-25-30 il, hətta ondan da əvvəlki dövrdə kartlar yox idi. Nağd pul lazım olduqda mütləq banka gedib kassadan çıxarırdın. Pulu çıxaranda kağızlara qol çəkirdin, indi isə çox az hallarda banka gedirlər. Ödəniş edəndə də mütləq nağd pul lazım idi. Hazırda bankdan pul çıxarmaq lazım deyil, hər şeyi kartla edirsən. Eyni ilə onlayn kredit də belə bir şeydir, banka getməyə ehtiyac yoxdur”.

Dünyada qəbul olunmuş tendensiyadır

Mütəxəssisin fikrincə, banklar bu işdə maraqlıdır, çünki xərclərini azaltmaq istəyirlər: “Artıq böyük, geniş filial şəbəkələrinə, çoxlu işçi saxlamağa ehtiyac qalmır. Xüsusən də kiçik və orta banklar kreditləri onlayn verməkdə daha çox maraqlıdır. Hansılar ki, böyük banklarla rəqabət apara bilmir, çoxlu yeni filial şəbəkəsi açmaq, işçi saxlamaq onlara sərf etmir. Bu, dünyada qəbul olunmuş tendensiyadır. Amma vətəndaşlar onlayn kredit götürərkən daha da ehtiyatlı olmalıdır. Xüsusən də son vaxtlar kartlardan pullar oğurlanır. İnsanlar daha diqqətli olmalı, kodlarını heç kəsə verməməlidirlər”.  

Bank kart satıb, əlavə xeyir də əldə edir

Bank eksperti Emin Mahmudov qeyd etdi ki, onlayn kreditdə banklar da qazanır: “Birincisi, onlayn kreditdə banklar minimum sənəd toplusu ilə iştirak edir. Əvvəl müştəri filiala gəlir, müqavilələr, razılaşmalar və s. nə qədər sənədlər imzalanırdı. Bu kağızlar da bankın resursudur. Banka xeyirdir ki, resursundan daha az istifadə edir. Müştəri banka gəldikdə növbənin artmasına səbəb olur, həm müştərinin, həm işçinin vaxtı gedir. İndi isə müştərinin telefonuna kod gəlir, oradakı linkə daxil olaraq onlayn şəkildə razılaşır, elektron imza ilə təsdiqləyir ki, kredit müqaviləsinin hamısını oxudu, elektron şəkildə imzaladı, şərtləri qəbul edir”. 

Ekspertin sözlərinə görə, banklar mənfəət əldə edir və bunu müştəri ilə də bölüşür: “Təsadüfi deyil ki, əksər banklar onlayn kreditlərin komissiyasında və yaxud faizində böyük endirimlər edirlər. Müştəriyə də xeyirdir ki, sənədləşmə asandır, komissiya az, yaxud ümumiyyətlə olmur, zaman itirmir, faizi aşağı olur. Bank çarpaz satış edib, əlavə xeyir də qazanır, yəni kredit verdiyi şəxsə həm də kart satır. Həmin adam onlayn krediti kart vasitəsilə alır. Bu kartdan elektron şəkildə ödəniş etdikdə kəşbək qazanır və yaxud ƏDV geri alır, bankın öz bankomatlarından komissiyasız nağdlaşdırır və s”. 

Müştərilər kreditin şərtlərini dəqiq bilməlidir

E.Mahmudov dedi ki, onlayn krediti alarkən hər şey şəffaf olduqda heç bir mənfi cəhət qalmır: “Onlayn kreditdə bütün şərtlər şəffaf şəkildə bildirilməli, banklar xırda hərflərlə gizli əlavə şərtlər qoymamalıdırlar. Məsələn, bildirilməlidir ki, onlayn alış-verişdə xidmət haqqı olaraq nə qədər məbləğ silinəcək və yaxud bankomatdan nağdlaşdırdıqda nə qədər komissiya tutulacaq. Kreditin komissiyası, faizi, nağdlaşdırma necə, hansı limitlər daxilində olacaq, - müştəri bütün bunları bilməlidir. Bunlar hamısı şəffaf olduğu halda onlayn kreditin mənfi tərəfi yoxdur”.  

Zərif Salmanlı
 

banner

Oxşar Xəbərlər