“Bəyəm bilmirlər ki, belə bir ansambl olub?” - MÜSAHİBƏ
Xalq artisti, “Lalə” qızlar ansamblının rəhbəri Ceyran Haşımova: “Qızlardan ibarət belə bir ansambl indiyə qədər olmayıb. Amma indi bu tarixi unudurlar. Ansamblı heç yerə dəvət etmirlər”.
“Bir aydan çoxdur ki, dərin stress keçirmişəm. Ürək xəstəliyim şiddətlənib. Telekanallardan, radiolardan zəng edib efirə dəvət edirlər, gedə bilmirəm. Adam xəstə olanda gözünə heç nə görünmür. Xüsusən, bu boyda zəhmətin qarşısında səni diqqətdən kənarda qoyanda bu, adama daha çox toxunur…”
Xalq artisti, “Lalə” qızlar ansamblının rəhbəri Ceyran Haşımovaya müsahibə üçün zəng edəndə sanki dolan bulud kimi yağdı. Evdə xəstə yatdığını dedi: “İstəmirəm ki, kimsə məni bu vəziyyətdə görsün…” Amma Ceyran xanım ürəyi dolu olduğundan elə telefonda bir müsahibəlik söhbət etdi.
“Evdəkiləri aldadırdıq ki, döyüş olmayan yerlərə gedirik”
- Yəqin ki, səhhətinizlə əlaqədar daha konsertlərə də gedə bilmirsiniz…
- Ansamblın fəaliyyəti yerindədir, ancaq daha konsertlərə getmirəm. Lazım olanda ansamblın üzvləri mənim evimə gəlir, məşq edirik. İndi mənim 90 yaşım var. Bilirsiniz, bu nə deməkdir? Vəfalı müğənnilərim var, hamısı həyatda olmasa da, sağ qalanlar gəlib məşqlərdə iştirak edirlər. Rəhilə Bəndəliyeva, Nisə Qasımova, Kəmalə Rəhimli, Təranə Vəlizadə, Ruhəngiz Allahverdiyeva, Mahrux Muradova, Nəzakət Məmmədova, Sahibə Əhmədova, Firuzə İbadova sənətdə ilk addımlarını “Lalə” qızlar ansamblı ilə atıblar. Hamısı da fəxri adlara, mükafatlara layiq görülüblər. Onlar bu ansamblla tanınıblar. İndi onları ayrı-ayrılıqda bir müğənni kimi harasa dəvət edirlər, amma ümumilikdə ansamblın özü unudulub. Ansamblı heç yerə dəvət etmirlər. Hər yerdə tələbələrim var. Xalq artisti, əməkdar artistlərdir. Biz ən çətin dövrdə işləmişik. İfaçıların 16-17 yaşı olanda mənim ansamblıma gəliblər. İndi onların hamısı nənə olublar. Çoxu da müəllim işləyir. Yağışda, qarda, qızmar günəş altında rayonlara qastrola getmişik. Əməkçilər qarşısında konsertlər vermişik. Müharibə vaxtı hərbi hissələrdə, səngərlərdə çıxış etmişik. Güllələr altında ifalarımız olub. Evdəkiləri aldadırdıq ki, döyüş olmayan yerlərə gedirik. Ağdamda olanda “Hara gəlmisiniz, ermənilər gəlir”, - deyə camaat bizə bildirirdi. Birtəhər əsgərləri yığıblar, konsert vermişik. Əsgərlərdən birinin ”mənim üçün bir “hopstop” çalın, bəlkə sabah olmadım…” sözləri heç yadımdan çıxmır. Gözümüzdən yaş axa-axa ifa edirdik. Uşaq evlərində, qocalar evində nə qədər konsertlər vermişik. “Lalə” qızlar ansamblını hər yerə göndərirdilər. Biz də heç vaxt “yox” demirdik. Çünki bu, bizim sənətimizdir. Qızlardan ibarət belə bir ansambl indiyə qədər olmayıb. Amma indi bu tarixi unudurlar…
“İndi onlardan heç biri ansamblda qalmayıb”
- Belə bir ansamblın yaranması, fəaliyyəti doğrudan da maraqlıdır…
- Asəf Zeynallı adına Musiqi Kollecini əla qiymətlərlə bitirəndə, məni orada müəllim kimi işə dəvət etdilər. Tələbələrimin arasında qızlar da vardı. Amma o dövrdə musiqiçi qızlar o qədər də çox deyildi. O vaxta qədər mən Səid Rüstəmovun rəhbərlik etdiyi Xalq çalğı alətləri orkestrində tar çalırdım. Səid müəllim orkestrin nəzdində sazçı qızlar dəstəsi yaratmaq istəyirdi. İfama qulaq asandan sonra məni həmin qrupa dəvət etdi. 1959-cu ildə Azərbaycan Dövlət Teleradio Komitəsinin Xalq çalğı alətləri orkestrinin saz qrupuna qəbul edildim. Bu qrupda 4 sazçı qız vardı. Mən qrupun konsertmeysteri idim. 1959-cu ildə Moskvada keçirilən mədəniyyət və incəsənət ongünlüyündə mən də iştirak etdim. Bu, çox böyük hadisə idi. Azərbaycanın ən görkəmli mədəniyyət xadimləri həmin dekadanın iştirakçıları idi. Mən də o böyük sənətkarlarla birlikdə həmin dekadada iştirak etdiyim üçün özümü xoşbəxt hiss edirdim. Qızlardan ibarət ansambl yaratmaq istəyi isə saz qrupunda işləyərkən ağlıma gəldi. 1964-cü il idi. Bir gün fikrimi tələbə qızlara dedim, onların da xoşuna gəldi. Ansamblı yaratmaq üçün işlərə başladım. Əvvəlcə Musiqi Kollecindəki kamança çalan qızları, daha sonra bir qarmonçalanı dəvət etdik. Ansamblın ilk qarmonçalanı Leyla Şıxıyeva idi. Tələbəm Təcrübə Sultanova isə ilk tarçalanlardan idi.
- İndi də o ifaçılar ansamblda çalırlarmı?
- İndi onlardan heç biri ansamblda qalmayıb. Zarafat deyil, 50 ildən çox vaxt keçib. Ansamblın elə üzvləri olub ki, onlar 25-30 il mənimlə işləyiblər, əsl fədakarlıq göstəriblər. Müğənni Rəhilə Bəndəliyeva artıq 35 ildir bizim ansamblda çalışır. Bu illər ərzində yüzlərlə istedadlı azərbaycanlı qızı bizim ansamblda yetişib. Qızlar ərə gedəndən sonra mən başqa ifaçıları dəvət edirdim. Onlar da gəlib ansambla uyğunlaşırdılar. İndi həmin qızların böyük əksəriyyəti müxtəlif musiqi məktəblərində dərs deyirlər. Bəziləri ailə qurandan sonra həyat yoldaşları onları ansamblda ifa etməyə qoymadılar. Bəzilərinin valideynləri də mane olurdu. O vaxt insanların düşüncələri fərqli idi. Qadınların musiqi aləmində olmasını o qədər də normal qarşılamırdılar. Biz böyük əziyyətlər hesabına ansamblı yaşadır, inkişaf etdirdik. Elə bir konsert yox idi ki, “Lalə” qızlar orada çıxış etməsin. Amma sonradan özüm də, ansambl da unudulduq.
“Ana-bala hər ikimizə eyni gündə fəxri ad verilib”
- Ceyran xanım, bəs özünüzü yada salmağa cəhd etmədiniz? Axı deyirlər: “Ağlamayana süd verilmir…”
- Bəyəm bilmirlər ki, belə bir ansambl olub? Bilmirlər ki, Xalq artisti adını alan yeganə tarzən qadınam? Oğlum Rəşad Haşımov da “Rast” qrupunun rəhbəridir. İlk dəfə Azərbaycanda ana-bala hər ikimizə eyni gündə fəxri ad verilib - mənə Xalq artisti, ona Əməkdar artist. Prezident təqaüdçüsüyəm. Ömrümün çoxu gedib, nə qalıb ki? Mən tək özüm üçün çalışmamışam. Zəngin bir tarixi olan ansambl yaratmışam, milli musiqimizin keşiyində durmuşam. Amma indi yaddan çıxmışam. Elə bil ki, mənim kimi sənətkar olmayıb…
- Evdə tək qalanda ifa edirsiniz?
- Yox. Çünki ifa edəndə ağlayıram. “Heyf məndən!” deyirəm…
Təranə Məhərrəmova