Banklar da ağıllanıb, əhali də…
Ekspertlər deyirlər ki, artıq insanlar əvvəlki qədər kredit götürməyə maraq göstərmirlər, çünki krediti götürməyin asan olduğunu, ödəməyin isə xeyli vaxt tələb etdiyini bilirlər. Banklar da bu gün daha çox nəzarətli və məsuliyyətli kredit verirlər.
2015-ci il devalvasiyalarından əvvəl əhalinin kreditlərə yanaşması fərqli idi. İnsanlar işlərini kredit götürməklə həll edirdilər. Devalvasiyadan sonra isə kreditlərə münasibət dəyişdi. Bu proses uzun müddət davam etdi və davamlı olaraq banklar kredit götürən müştəri cəlb etmək üçün müəyyən kampaniyalar həyata keçirdilər. Son vaxtlar kredit götürənlər yenidən artır, amma yenə də o vaxtkı aktivlik yoxdur.
Üstəlik, devalvasiyadan öncəki ilə bu günün problemli kreditlərinin məbləğində də fərq böyükdür. Devalvasiyadan öncə - 2014-cü ildə problemli kreditlərin həcmi 1 milyard manat səviyyəsinə çatmışdı. Devalvasiya dövründə bu məbləğ çoxalsa da, hazırda 700 milyon səviyyəsindədir.
Problemli kredit məbləğinin az olması nəyin göstəricisidir? Ümumiyyətlə, hazırda əhalinin kreditlərə yanaşması, kredit savadlılığı necədir?
Daha ehtiyatla kredit götürürlər
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, əhali kreditlə bağlı müəyyən mənada savadlanıb: “Devalvasiyadan sonra insanlarımız kredit məsələsində daha ehtiyatlı olublar. Ən azı, xarici valyutada kredit götürməkdən çəkinirlər, devalvasiyanın nə olduğunu bilirlər. Hamını demək olmaz, amma çox insan ən azı müqavilənin müddətinə, məbləğinə, faiz dərəcəsinə diqqət yetirir. Yaxud kreditlərin ödəniş qəbzlərini atmırlar. Bilirlər ki, müqavilə bitəndən sonra ödəniş qəbzlərini ən azı 3 il saxlamaq lazımdır”.
İnsanların hələ də diqqətli yanaşmadığı məsələlərdən biri kredit müqaviləsini oxumamaqlarıdır. Ə.Həsənov bildirdi ki, ümumiyyətlə, dünyada vətəndaşlar bir qayda olaraq kredit müqaviləsini oxumurlar: “Sadəcə, dünya ölkələrinin əksəriyyətində istehlak kreditləri haqqında qanun var. O qanun vətəndaşlara verilən kredit müqaviləsində nələrin ola və ya olmaya biləcəyini müəyyənləşdirir. Banklar müqaviləyə qanunsuz nə isə daxil edirsə, məhkəmə həmin müddəaları etibarsız sayır. Çünki insanlar nə qədər savadlı olsalar belə, qanun onları qorumalıdır. Bizdə qanun kredit götürənləri qorumur. Çünki elə bir qanunumuz yoxdur”.
Məsuliyyətsiz kreditləşmə
İqtisadçı Xalid Kərimli deyir ki, devalvasiyadan öncə insanların kredit savadlılığının az olması ilə yanaşı, banklar da məsuliyyətsiz kreditləşməyə gedirdilər: “Bunda günahkar banklar da deyildi. 2010-cu illərdə əhalinin gəlirlərinin, əməkhaqqılarının rəsmiləşdirilməsi indiki ilə müqayisədə xeyli az idi. Ona görə, banklar insanların təkcə rəsmi deyil, eyni zamanda qeyri-rəsmi gəlirlərinə də baxırdılar. Bəzən də bu ona gətirib çıxarırdı ki, banklar kimə gəlirdi vəsait verirdilər. Mərkəzi Bank da banklar üzərində nəzarəti kifayət qədər təşkil etməmişdi. Banklar məsuliyyətsiz surətdə kreditləşməyə gedirdilər. Bu, sonradan bankların özü üçün də problemə çevrildi”.
X.Kərimlinin sözlərinə görə, 2015-ci illə müqayisədə həm bankların üzərində nəzarət artıb, həm banklar böhranlardan dərs çıxarıb, həm insanların gəlirləri rəsmiləşir, həm də əhalinin müəyyən qədər kredit savadlılığı artıb: “Banklar bu gün daha çox nəzarətli və məsuliyyətli kredit verirlər. Problemli kreditlərin çoxalmasında günahın nə qədəri müştəridə idisə, bir o qədəri də bankda idi. Hər ikisi bir az məsuliyyətlənib”.
Kreditləşmədə maksimum hədd
Maliyyə və bank məsələləri üzrə ekspert Xəyal Məmmədli deyir ki, 2015-ci il devalvasiyalarından öncə istehlak krediti götürən insanların sayının indiki ilə müqayisədə çox olmasının səbəbləri var idi. O səbəblərdən biri o zaman banklar arasında “Kim daha çox kredit verəcək?”, “Kim daha çox müştəri cəlb edəcək?” yarışı idi. Digər səbəb isə o vaxt istehlak kreditlərində maksimum həddin tətbiq olunmaması idi: “Müştəri banklara yaxınlaşırdı, bir bank 3000, biri 5000, digəri 7000 verə biləcəyini deyirdi. Daha çox riskə gedən bank daha çox müştəri cəlb edirdi. Bunun fəsadları sonradan üzə çıxdı. Sonra Mərkəzi Bank tərəfindən borcun gəlirə nisbəti əmsalı tətbiq olunmağa başladı. Bu əmsal bankdan asılı olmayaraq bir vətəndaşa verilə biləcək kreditin maksimum həcmini müəyyən edir. İndi vətəndaşın aylıq kredit ödənişlərinin cəmi onun ümumi rəsmi gəlirinin maksimum 45 faizi qədər ola bilər. Bütün banklarda müştəriyə eyni cür yanaşılır. Bu da artıq kredit alanların sayında azalmaya gətirib çıxarıb. Çünki bundan əvvəl həmin vətəndaş hansısa bankdan 5000 kredit götürə bilirdisə, indi hansı banka getsə, 2500-dən artıq ala bilmir”.
Banklar izah edirlər ki…
X.Məmmədli deyir ki, istehlak kreditləri götürənlərin az olmasının digər önəmli səbəbi insanların kreditlə bağlı maariflənməsidir: “Devalvasiyalardan sonra mənasız yerə borclanmaq, ehtiyac olmadığı halda bankdan vəsait almaq, boşuna faiz ödəmək kimi məsələləri də insanlar başa düşməyə başladılar. Başa düşürlər ki, krediti almaq asandır, amma ödəmək zaman tələb edir. Çox vacib deyilsə, hər ay o kredit üçün büdcədən vəsait ayırmağa lüzum görmürlər. Mətbuat və Mərkəzi Bank tərəfindən mütəmadi olaraq maarifləndirmə işləri aparılır, maliyyə savadlılığı tədbirləri təşkil olunur. Banklar da kredit üçün yaxınlaşan şəxslərə izah edirlər ki, ehtiyacdan artıq pul götürməsinlər. Çünki banklara da sərf etmir ki, vətəndaş əsassız yerə pul götürsün, sonra ödəməkdə problem yaransın”.
X.Məmmədli qeyd etdi ki, kredit savadlılığının artmasının bir göstəricisi də artıq insanların kimə gəldi zamin durmamaqlarıdır: “Devalvasiyadan öncə, çox adam deyirdi ki, filankəs xahiş etdi, “yox” deyə bilmədim. Zaminliklə bağlı da devalvasiyadan sonra kifayət qədər maarifləndirmə işi getdi. İndi artıq insanlar münasibətə görə məcbur qalıb etibar etmədikləri, maddi vəziyyəti yaxşı olmayan adamlara zamin durmurlar”.
Aygün Asimqızı