• cümə, 26 Aprel, 14:25
  • Baku Bakı 23°C

Bahalaşdırmır, amma çəkini azaldır

07.01.23 02:30 1757
Bahalaşdırmır, amma çəkini azaldır

Marketlərdə satılan bir çox məhsulların qiymətinin eyni qaldığı, amma çəkisinin azaldıldığı barədə narazılıqlar var. İstehlakçıya qiymət eyni görünsə də, aldığı məhsul eyni çəkidə olmur. Məhsulun çəkisinin üzərində yazılan rəqəmlə üst-üstə düşməməsi halları da müşahidə olunur. 

Son günlər marketlərdə satılan bir çox qida və qeyri-qida məhsullarının qiymətinin eyni qaldığı, amma çəkisinin azaldıldığı barədə narazılıqlar eşidirik. Bəzi şirkətlər guya qiymətləri artırmadıqları görüntüsü yaratmaq üçün "çəki oyunu" oynayırlar. İstehlakçıya qiymət eyni görünsə də, aldığı məhsul eyni çəkidə olmur. Digər bir problem - alıcıların çəkini (məhsulun qramını) görməmələri üçün bu barədə məlumatın qutuların üzərində kiçik yazılmasıdır. Başqa bir problem isə məhsulun çəkisinin üzərində yazılan rəqəmlə üst-üstə düşməməsidir. 

Standartlara uyğun nəzarət tərəzisi olmalıdır

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dedi ki, istehsalçılar guya insanlara dəstək olmaq üçün qiyməti dəyişmir, çəkini azaldırlar. Bununla da onları aldatmış olurlar: “SSRİ dövründə mallar qablaşdırmada satılanda standarta görə 1 kiloqramlıq olurdu. Müstəqillik qazandıqdan sonra həmin qabların çəkisi yavaş-yavaş azaldı. Bu, özünü indi də müxtəlif sahələrdə göstərir. Məsələn, görürük ki, bahalı ətirlərin qabının dibi olduğundan qalın göstərilir. İçki və süd məhsullarında da buna oxşar hallar olur. Çörək istehsalçılarının bir çoxu da qiyməti sabit saxlamaq üçün nəmliyi artırır, çəkini azaldırlar. Nazirlər Kabinetinin 94 saylı qərarına görə, istənilən satış şəbəkəsində xüsusi nəzarət tərəzisi olmalıdır. İstehlakçılar malları onun üzərinə qoyub çəkinin real olub-olmamasını müəyyən etmək hüququna sahibdirlər. Lakin marketlərin əksəriyyətində belə tərəzilərin olduğunu görmürük”.

Qanun köhnəlib və tələblərə cavab vermir

E.Hüseynovun fikrincə, istehlakçıların hüquqları ciddi şəkildə qorunsa, belə hallar baş verməz: “İndiki şəraitdə istehlakçıların hüquqlarının pozulmasının şahidi oluruq. Piştaxtalarda keyfiyyətsiz, çəkisi az mallara rast gəlirik. İnsanlara belə hallarda dövlət orqanlarına müraciət etməyi tövsiyə edirəm. İstehlakçılar bu məsələlərlə bağlı Azad İstehlakçılar Birliyinə müraciət edirlər. İstehlakçıların hüquqları haqqında qanun 1995-ci ildə qəbul edilib. O vaxtdan qanuna 6-7 dəfə dəyişiklik olub. Lakin qanun köhnəlib və tələblərə cavab vermir. Biznes qurumları istədiklərini edirlər”.

Mütəxəssis marketlərin günahı olmadığını düşünür

Marketinq kommunikasiyaları üzrə mütəxəssis Tural Abbaslı isə dedi ki, məhsulun qiymətinin bahalaşması və ya çəkisinə görə qiymətinin dəyişməsi hər hansı marketinq gedişi deyil: “Məhsulun satıldığı marketlərin birbaşa hər hansı bir günahı yoxdur. Hansısa firma bir malın 1 kiloqramını əvvəl 5 manata satırdısa, indi 500 qramı həmin qiymətə satırsa, burada marketin nə günahı ola bilər? Market sadəcə, aldığı malın üzərinə öz marjasını qoyub satır. Əvvəlki 1 kiloqramlıq malın qiymətinə indi daha az çəkidə məhsul almağımızın əsas səbəbi lokal və qlobal iqtisadi vəziyyət və bundan qaynaqlanan, istehsal prosesinə təsir edən maliyyə yüküdür. İstehsalçının keçən il aldığı xammalın qiymətilə builki arasındakı fərq, bahalaşma göz qabağındadır. Bu da qiymətin yaranması prosesinə birbaşa təsir edən faktordur. Bu səbəbdən məhsulların qiymətinin artdığının şahidi oluruq”.

İstehsalçılar məcburdurlar ki...

Ekspertin sözlərinə görə, alıcılıq qabiliyyətinin aşağı olması istehsalçını daha fərqli metodlar tətbiq etməyə vadar edir: “Bu zaman istehsalçı qablaşdırmada və çəkidə dəyişiklik edərək məhsulu istehlakçıların öyrəşdiyi köhnə qiymətdə təklif edir. Çünki bazardakı insanların ümumi istehlak səbətini doldurmaq qabiliyyəti, gündəlik xərclərin qarşılanması problemi və s var. Buna görə istehsalçılar məcburdur ki, malı alıcıların vərdiş etdiyi qiymətdə saxlasın”.

T.Abbaslı bildirdi ki, əgər malın üzərində 1 kiloqram yazılarsa, içindən 300-500 qram məhsul çıxarsa, bu, artıq problemdir: “Bir də netto, brutto anlayışı var. Brutto - malın qablaşma ilə birlikdə, netto - qabsız, təmiz kütləsidir. Məsələn, qablaşdırmada 2 kiloqram ± 2 faiz yazırsa, burada da heç bir problem yoxdur. Bu, istehlakçını aldatmaq deyil. Çünki üzərində çəkinin 2-3 faiz nisbətində dəyişə biləcəyi yazılıb. Bu zaman istehsalçı özünü sığortalamış olur. Əgər çəki fərqi 2-3 faizdən artıq olarsa, bunu problem kimi qəbul edə bilərik. İstənilən alıcı bu barədə aidiyyəti qurumlara müraciət edə bilər”.

Marketlər alıcıları o vaxt aldadar ki...

Mütəxəssis qeyd etdi ki, istehlakçı hüquqlarını tələb etsə, rəqabətli bazar formalaşar: “Marketlər alıcıları o vaxt aldadar ki, müştəri rəfdə məhsulun qiymətini 5 manata görür, kassadan 5 manat 50 qəpiyə satın alır. Bu tip hallarda yerindəcə aidiyyəti şəxsə şikayət edilməli və problem aradan qaldırılmalıdır. Problem aradan qalxmadıqda, mağaza rəhbərliyinə, hətta aidiyyəti dövlət qurumlarına da məlumat verilməsi zəruridir. Bunlarla bağlı maarifləndirmə işləri aparılmalı, aidiyyəti qurumları vətəndaşlarla qarşılıqlı işləməlidirlər. İnsanlar özləri də maariflənməli, istehlakçı hüquqlarını bilməlidir. İstehlakçı nə qədər tələbkar olacaqsa, bazar da bir o qədər daha yaxşı inkişaf edəcək. Nə qədər savadlı, məlumatlı, seçimlərində diqqətli davranan istehlakçı olsa, bir o qədər də inkişaf etmiş, rəqabətli bazar olacaq”.  

Vətəndaş müvafiq dövlət orqanına müraciət etməlidir

Milli Məclisin deputatı, iqtisadçı Azər Badamov isə bildirdi ki, bəzi hallarda işbazlar tərəfindən sui-istifadə halları baş verir: “Yəni malın qiymətini dəyişməz saxlayır, çəkisini azaldırlar. Yaxud da çəkisi ilə kilonun qiyməti eyni gəlmir. Bu da çəkidə və qiymətdə aldatma hesab olunur. Malın qiyməti artımından və azalmasından asılı olmayaraq hər kiloqram üçün açıq şəkildə göstərilməlidir. Hər bir malın üzərində qeyd olunmuş çəkisi real çəkisi ilə eyni olmalıdır. Əgər yayınma varsa, bu, müştərinin aldadılmasıdır. Belə hallara qarşı müvafiq dövlət orqanları monitorinqlər aparırlar. Haradasa çəkidə aldatma halları müəyyən olunursa, cavabdeh şəxsə qarşı dərhal tədbir görülür. Amma vətəndaşlar da diqqətli olmalıdır. Əgər vətəndaş haradasa çəkidə aldatma müəyyən edibsə, dərhal müvafiq dövlət orqanına müraciət edərək məlumatlandırmalıdır. Müraciətləri də elektron resurslardan istifadə edərək çox sadə şəkildə bildirmək mümkündür”.

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər