çərşənbə axşamı, 05 iyul, 23:07

Baku Bakı 30°C

Azərbaycanın adı qabaqcıl ölkələr sırasında

icon 1949 icon 29 oktyabr 2013 | 14:40 Azərbaycanın adı qabaqcıl ölkələr sırasında

Oktyabrın 29-da Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən "Doing Business 2014" hesabatı açıqlanıb.
İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, hesabatda Azərbaycan iqtisadiyyatı 189 ölkə arasında bir pillə irəliləyərək 70-ci yerə yüksəlib və bir sıra göstəricilər üzrə qabaqcıl ölkələr sırasındadır. Ötənilki hesabatda Azərbaycan iqtisadiyyatı dünyanın 118 iqtisadiyyatını geridə qoyurdusa, "Doing Business 2014" hesabatında belə ölkələrin sayı 119-dur.
"Doing Business 2014" hesabatında Azərbaycan iqtisadiyyatı 2005-ci ildən bəri biznes mühitinin yaxşılaşdırılması sahəsində 18 məqsədyönlü tənzimləyici islahat həyata keçirərək və qanunvericiliyini təkmilləşdirərək dünya üzrə ilk 15 ölkə sırasına daxil olub. Belə ki, Azərbaycan "Doing Business 2014" hesabatında 2012-2013-cü illərdə 3 islahat ("biznesə başlama", "tikinti üçün icazələrin alınması" və "beynəlxalq ticarət" sahələrində) həyata keçirən 29 islahatçı ölkə sırasına daxil edilib.
Biznesin elektron qeydiyyatının tətbiqinin genişləndirilməsi nəticəsində "Biznesə başlama" göstəricisi üzrə Azərbaycan ilk dəfə olaraq dünya ölkələrinin ilk onluğuna daxil edilib və Sinqapur, Yeni Zelandiya, Honq Konqla yanaşı, dünyada ən yaxşı təcrübəyə malik ölkə kimi vurğulanıb.
Bununla yanaşı, Tikinti Məcəlləsinin tətbiqinin nəticəsi olaraq, Azərbaycan "tikinti üçün icazələrin alınması" göstəricisi üzrə islahatçı ölkələrdən biri kimi tanınıb, bu sahədə Fransa, Çin, Tayvan və Estoniya kimi dünyada nümunə olaraq göstərilib.
Gömrük prosedurlarının daha da sürətləndirilməsi ilə Azərbaycan hesabatda "beynəlxalq ticarət" göstəricisi üzrə islahatçı ölkə kimi qeyd edilib. Beynəlxalq ticarətin aparılması sahəsində "bir pəncərə" prinsipini tətbiq edən Azərbaycan Sinqapur kimi inkişaf etmiş ölkələrlə bir sırada olmaqla, dünyada nümunə göstərilən ölkələr sırasındadır. Hesabatda həmçinin qeyd olunur ki, Azərbaycanın gömrük sistemində "bir pəncərə" prinsipi ən yaxşı dünya təcrübəsi nəzərə alınmaqla tətbiq olunub. Belə ki, gömrük-keçid məntəqələrində əvvəllər gömrük rəsmiləşdirilməsi zamanı 2-3 saat tələb olunurdusa, bu sahədə islahatların aparılmasından sonra vaxt sərfiyyatı 15-20 dəqiqəyədək azaldılıb.
Hesabatda Azərbaycanın 29 sərhəd-gömrük postunu əhatə edən vahid məlumat bazasının yaradılması yolu ilə gömrük nəzarətinin təşkili xüsusi vurğulanıb.
Bundan başqa, "Doing Business 2014" hesabatında əmlakın qeydiyyatı göstəricisi üzrə Azərbaycan 13-cü, investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsi sahəsində müvafiq olaraq, 22-ci və 28-ci yerə yüksəlib.
Görülən işlər və həyata keçirilən tədbirlər Azərbaycanın Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Business" hesabatında, eləcə də digər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında yerini daha da yaxşılaşdırmasına, investorların Azərbaycan iqtisadiyyatına marağının daha da artmasına imkan yaradır. Bütün bunlar isə Azərbaycanın dünyada nüfuzunun artmasının, ölkədə biznes və investisiya mühitinin əlverişliyinin təzahürləridir.
Qeyd edək ki, 2012-ci ildə dərc olunmuş "Doing Business 2013" hesabatı 185 ölkənin iqtisadiyyatını əhatə etdiyi halda, builki hesabata daha 4 ölkə (San Marino, Myanma, Cənubi Sudan və Liviya) əlavə edilib və hesabatın əhatə etdiyi ölkələrin sayı 189-a çatdırılıb.