• şənbə, 05 Oktyabr, 05:27
  • Baku Bakı 15°C

Azərbaycanda piroliz yağı istehsal ediləcək 

05.10.24 00:20 98
Azərbaycanda piroliz yağı istehsal ediləcək 

Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa ediləcək zavodda ildə 36 000 ton plastikdən 23 000 ton piroliz yağı istehsal ediləcək. Layihədə AİŞ 30 %, “Technip Energies S.p.A.” 35 %, SOCAR isə 35 % iştirak paylarına sahibdir.

Azərbaycanda piroliz yağının istehsalına dair birgə müqavilə imzalanıb. İqtisadiyyat Nazirliyinin bununla bağlı yaydığı məlumatda deyilir ki, sənəd iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR prezidenti Rövşən Nəcəfin İtaliyanın "Technip Energies" şirkətinin İdarə Heyətinin üzvü və biznes üzrə baş direktoru Marko Villa ilə görüşü çərçivəsində imzalanıb.

Görüşdə bərpa olunan enerji ehtiyatlarına malik olan ölkəmizin “yaşıl artım” və davamlı inkişaf məkanına çevrilməsi məqsədilə xarici şirkətlərlə fəal əməkdaşlıq edildiyi, mövcud potensialın reallaşdırılmasında beynəlxalq təcrübənin və müasir texnologiyaların tətbiqinin önəmi qeyd olunub. Azərbaycanda beynəlxalq tərəfdaşlarla "yaşıl” enerjinin istehsalı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib. Tərəflər aşağı karbonlu biznes həllərinə keçid və yeni əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Layihənin reallaşdırılması sənaye məhsullarının müxtəlifliyini və dayanıqlığını artıraraq, ölkənin təbii ehtiyatlarından daha səmərəli istifadəni təmin edəcək. Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa ediləcək zavodda ildə 36 000 ton plastikdən 23 000 ton piroliz yağı istehsal ediləcək. Layihədə AİŞ 30 %, “Technip Energies S.p.A.” 35 %, SOCAR isə 35 % iştirak paylarına sahibdir.

Tədbirdə “Plastik tullantılardan piroliz yağının istehsalı” layihəsi barədə təqdimat nümayiş olunub. Layihə üzrə tətbiq ediləcək piroliz yağı texnologiyası plastik tullantıların yüksək temperaturda parçalanması yolu ilə təkrar emal edilməsini təmin edir. Bu, tullantıların azaldılması və yanacaqlara alternativ yanacaq istehsalı ilə karbon izini azaldır.

60 illik təcrübəyə malik və 15 mindən çox işçi heyəti olan “Technip Energies” şirkəti 34 ölkədə dayanıqlı yanacaq, kimya, tullantıların emalı, qaz və aşağı karbon enerjisi, innovativ texnologiyalar, karbonsuz həllər sahələrində fəaliyyət göstərir.

banner

Oxşar Xəbərlər