• cümə, 29 Mart, 04:57
  • Baku Bakı 7°C

Azərbaycanda əmanətlərin sığortalanması faizinin dəyişdirilməsi gözlənilirmi?

27.03.23 15:45 521
Azərbaycanda əmanətlərin sığortalanması faizinin dəyişdirilməsi gözlənilirmi?

Azərbaycanda bankların əksəriyyətində istər milli valyuta, istərsə də xarici valyutada cəlb olunan əmanətlərin illik faiz dərəcələri qorunan əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi limitlərindən çox aşağıdır.

Bu barədə "Report"a müsahibəsində Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini Akşın Cahangirov deyib.

O, qeyd edib ki, hətta bu il fevral ayının 1-dən əmanətlərin vergiyə cəlb olunması belə illik faiz dərəcələrinin artırılmasına əhəmiyyətli təsir etməyib:

"Bu baxımdan həm milli, həm də xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin qüvvədə olan yuxarı həddi hələ ki, aktual olaraq qalır. Buna baxmayaraq sözügedən məsələ daim diqqət mərkəzindədir, bank sistemində və əmanət bazarında baş verən istənilən dəyişkənlik təhlil və müzakirə olunur. Gələcəkdə maliyyə bazarındakı baş verə biləcək dəyişikliklər nəzərə alınmaqla Fondun Himayəçilik Şurasında həmin həddin dəyişdirilməsi ilə bağlı məsələyə baxıla bilər".

Kompensasiya məbləğinin maksimum həddinə gəlincə isə, A.Cahangirov bildirib ki, onun müəyyən edilməsində Əmanət Sığortaçılarının Beynəlxalq Assosiasiyası (IADI) tərəfindən qəbul edilmiş Əsas Prinsiplərə istinad edilir: "Dünya təcrübəsinə uyğun olaraq maksimum kompensasiya məbləği əmanətçilərin minimum 80 %-ni, əmanətlərin isə məbləğ olaraq minimum 20 %-ni tam təmin etməlidir. Hazırda ölkəmizdə kompensasiya məbləği üzrə qüvvədə olan maksimum hədd əmanətçilərin 99,8 %-ni, fiziki şəxslərin ümumi əmanətlərinin isə məbləğ olaraq 41,2 %-ni tam əhatə edir".

Qeyd edək ki, qanunvericiliyə əsasən qorunan əmanətlər üzrə faiz dərəcələri maliyyə bazarlarına nəzarət orqanı olan Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırılmaqla müəyyən edilir. ƏSF-in Himayəçilik Şurası uzun müddətdir ki, əmanətlərin sığortalanması faizini dəyişmir. Milli valyuta ilə bu faiz həddi 12 %, xarici valyuta ilə 2,5 % təşkil edir.

 
banner

Oxşar Xəbərlər