• çərşənbə axşamı, 19 mart, 08:24
  • Baku Bakı 8°C

“Üzümdən öpdü, dedi ki, oğul vətən üçündür”

01.05.21 11:00 1679
“Üzümdən öpdü, dedi ki, oğul vətən üçündür”
Yolda kəlmeyi-şəhadətini oxuyub və döyüş yoldaşı Orxana deyib ki...

Hərbi xidmətə çağırış vərəqəsi gələndə, onu sosial şəbəkədə paylaşır, Çingiz Mustafayevin "Ana mən şəhid oldum” mahnısı ilə bir yerdə. Anası bundan xəbər tutanda ağlayır, acıqlanır və "Əsgərliyə gedən hamı şəhid olur?” deyir. Oğlu həmin paylaşımı silir.

Təbii ki, əsgərliyə gedən hər kəs şəhid olmur. Ancaq İkinci Qarabağ Savaşı onun hərbi xidmətdə olduğu dövrə düşür, o da düşmən tapdağında olan torpaqların azad edilməsi uğrunda döyüşlərdə iştirak edir və şəhid olur. Söhbət şəhid Zaur Nəbiyevdən gedir.

Qeyd edək ki, Zaur Nəbiyev 2001-ci il iyulun 1-də Şəmkir rayon Ələsgərli kəndində anadan olub. Orda təhsilini Şəmkir rayon Nəsir Nəsirov adına Ələsgərli kənd orta məktəbində alıb. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb.
"Könüllü ərizə yazıb hərbi xidmətə getdi”
Zauru daha yaxından tanımaq üçün onu yaxından tanıyanlarla həmsöhbət olduq. Anası Lamiyə Nəbiyeva deyir ki, Zauru ərköyün böyütsə də, mədəniyyəti, tərbiyəsi öz yerində olub: "Tək oğlum idi, 3 yaşından atasız qaldı. Maddi problemimiz yox idi, amma mənəvi olaraq evin bütün yükü onun üstünə düşdü. Ona görə, bir az yaşından tez böyüdü. O, mənim hər şeyim idi. Düzdür, bir az ərköyün böyütmüşdüm. O mənada yox ki, sözə baxmasın və s. Sadəcə çox istədiyimdən elə edirdim. Tərbiyəsinə söz ola bilməzdi, çox ağıllı uşaq idi. Məni heçincitmədi. Həmişə nə deyirdim, ona qane olurdu. Heç kimlə işi olmazdı. Kimləsə sözləşdiyini, pis söz işlətdiyini, kimləsə dalaşdığını görmədim”.

L.Nəbiyevanın sözlərinə görə, oğlu hərbi xidmətə getməyə də bilərdi. Bunu ona deyəndə isə əsəbləşib: "Ayağının altı düz idi, çiyni də uşaq vaxtı sındığı üçün əyrilik qalmışdı. Hərbi xidmətə məhdud yararlı sayılırdı. Bu səbəbdən, yoxlanış vaxtı onu hərbi xidmətə göndərmək istəmirdilər. Bunu evdə müzakirə edəndə, dedi ki, tüpürərəm o oğulun üzünə ki, nəyisə bəhanə edib hərbi xidmətə getməsin. Səfərbərlik və Hərbi Xidmətə çağırış Komitəsində kapitanla mübahisə edib ki, məni də göndərin. Könüllü ərizə yazıb hərbi xidmətə getdi”.

"Dedi hərbi hissədəyəm, döyüşdə deyiləm”
Anası bildirdi ki, Zaur hərbi xidmətə yola düşərkən də, şəhidlikdən söz açır: "Yola salanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin qarşısında əlini boynuma saldı, şəhidlərimiz Mübariz İbrahimov, Fərid Əhmədovun şəklini göstərdi. Dedi ki, mama, bax, mən də onların xidmət etdiyi Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarına düşmüşəm. Həmin vaxt lap kövrək idim, ağladım, dedim ki, nə demək istəyirsən? Çünki onlar şəhidlər idi. Üzümdən öpdü, dedi ki, oğul vətən üçündür, kaş ki, mənim də onlar kimi şansım ola”.

Anası deyir ki, Zaur müharibədə olduğunu onlardan gizlədir: "Özündə telefon yox idi, danışmaq istəyəndə, komandirlərin telefonu ilə əlaqə saxlayırdı. Müharibə başlayan ərəfədə danışdıq. Dedi ki, yaxşıyam, narahat olmayın, müharibəyə getmirəm. Sonra əlaqə saxlamadı. Oktyabrın 2-si mən komandirini yığdım, ondan sonra gecə zəng vurdu, dedi hərbi hissədəyəm, döyüşdə deyiləm. Səsi çox zəif gəlirdi, güclə eşidilirdi. Dedim ki, səsin niyə elə gəlir? Dedi ki, gizlin danışıram, zəng etməyin, bir həftəyə özüm sizi yığacam. Həmin gün gecə 12-də ağır yaralanıb. Komandiri maşında hospitala aparırmış. Yolda kəlmeyi-şəhadətini oxuyub və döyüş yoldaşı Orxana deyib ki, anam sənə əmanət… Və şəhid olub”.
"Anam onun sənədlərini gizlətdi”
Bacısı Aytəkin Nəbiyevanın sözlərinə görə, Zaurun hərbiyə çox böyük marağı var idi: "Bilmirəm necə olmuşdu, amma 5-ci sinifdən hərbiyə marağı yaranmışdı. Ona görə, hərbiyə yönəlmək arzusu var idi. Anam isə onu polis kimi görmək istəyirdi. Atam rəhmətə gedib, başqa qardaşım da yox idi, ona görə, hərbiyə yönəlməyini istəmirdik. 8-ci sinifdə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə vermək istəyirdi. Anam onun sənədlərini gizlətdi. Məktəbdə əlaçı idi, ən çox da riyaziyyat, Azərbaycan dilini yaxşı oxuyurdu. Anam onu hazırlığa göndərdi. Amma hərbi təhsil almağa getmədi deyə, sənədlərini vermədi. Hiss edirdim ki, həvəsdən düşüb. Buna görə mamamdan incimişdi”.

A.Nəbiyeva bildirdi ki, Zaurun sevdiyi qız var imiş, "əsgərlikdən gəlim, sonra elçi gedərsiz” deyib: "Məzuniyyətə gələndə, anam dedi ki, indi elçi gedək, gələndə də toyunu edərik. Qoymadı, dedi ki, bəlkə mən əsgərlikdən gəlmədim, qızı yarı yolda qoymaq düzgün deyil. Bildirdi ki, qayıdım, sonra gedərik. Sanki hər anında şəhid kimi gələcəyini bilirdi”.

A.Nəbiyeva deyir ki, Zaur onlarla qardaş deyil, ata kimi davranırmış: "Atamız onun 3 yaşı olanda rəhmətə gedib. Artıq uşaq yaşlarından o, uşaq yox, evin kişisi kimi hərəkət edirdi. Ona görə özündən kiçiklər deyil, böyüklərlə ünsiyyət qururdu. Mən ondan 3 yaş böyügəm. Məndən böyük bir bacım da var. Balacamız Zaur idi. Ancaqona qardaş yox, həmişə ata kimibaxırdıq. Nə çətinliyimiz olsaydı, qardaş deyil, ata kimi yanaşırdı. Bizə atalıq etməyə başlamışdı”.

"Cibindəki son bir manatı çıxarıb dostuna verərdi”
Bacısı bildirdi ki, Zaur Türkiyədə ödənişsiz təhsil də qazanır, amma imtina edir: "Mamam nə qədər məcbur etdi ki, get, qayıdıb işləyərsən. Dedi ki əsgərliyi çəkib sonra yenə təhsil alaram. Mamam üstünə çox getdi, dedi ki mən iki qadını evdə tək qoyub 4-5 il xarici ölkədə yaşaya bilmərəm”.

A.Nəbiyeva deyir ki, Zaur çox yaxşı dostlar qazanmışdı: "Kənddə, Şəmkirin özündə, Bakıda o qədər dost-tanışı var idi. Yaşı elə çox olmasa da, yaxşı ətraf yığa bilmişdi. Bunun hamısı da onun xasiyyətinə görə idi. Dostluğu yaxşı bacarırdı. Özü ac qalardı, amma cibindəki son bir manatı çıxarıb dostuna verərdi və bunu ona bildirməzdi”.

"Heç nədən üzü daim gülürdü”
Xalası oğlu Samir Abbasov Zaurun ən çox ünsiyyət qurduğu adamlardandır. Deyir ki, Zauru yaxından tanıyanlar onun necə ürəyə sahib olduğunu bilirdilər: "Yaşca məndən kiçik idi. Məni böyük qardaşı kimi görürdü, mən də onu kiçik qardaşım kimi çox istəyirdim. Uşaqlıqdan bir yerdə böyümüşük. Orta məktəbin son 3 ilini bizim evdə qalıb oxuyub. Öz qardaşım qədər sevirdim. Deyib-gülən, şən biri idi. Heç nədən üzü daim gülürdü. Dava-dalaşla işi olmazdı. Əsgərlikdə də çox yaxşı hörmət qazanmışdı. İndi də hərbidə olan yoldaşları yazırlar. Əsgər yoldaşı deyir ki, mən müharibədən sonra Zauru axtarmadım. Dedim, birdən şəhid xəbərini alaram. Sadəcə Zauru tanıyanlar bilirlər ki, necə biri idi”.

Samirlə ən son danışıqları sentyabrın 29-u olur. Həmin vaxt Zaur hərbidə qalacağını deyir: "Dedi ki, hər şey yaxşıdır, mamamgildən muğayat ol. Əvvəl də hərbiyə marağı var idi, bunu onu tanıyan hər kəs bilirdi. Amma müharibədə iştirak etdiyi ərəfədə dedi ki, döyüşlər bitəndən sonra da hərbidə qalmağa qərar vermişəm. Yəni sakit dövrdə də marağı var idi, amma döyüş gedə-gedə bunu əminliklə deyirdi. Düzdür, bizə müharibədə olmadığını deyirdi, amma bilirdim ki, döyüşdədir, sadəcə bizi arxayın salmaq üçün elə deyir”.

"Günü-gündən hərbini sevdiyini hiss edirdim”
Komandiri Elnur Namazov deyir ki, Zaur qısa zamanda məsuliyyəti və dürüstlüyü ilə hərbi xidmətdə hər kəsin hörmətini qazanmağı bacarmışdı: "Zaur həqiqətən də sevimli əsgərlərimdən biri idi. Hiss edirdim ki, gözəl ailə tərbiyəsi var. Həm komandir heyəti hörmət qoyurdu, həm yoldaşları arasında yaxşı hörmət qazanmışdı. Çox məsuliyyətli və düzgün adam idi. Bunu onu tanıyan hər kəs deyir. Özü ona tapşırılan hər işi çox düzgün şəkildə yerinə yetirirdi. Hansısa yoldaşı nəyisə qaydasında etmirdisə, onlara da deyirdi ki, belə olmaz, komandirlərimiz nöqsan tutar. Xidməti qurtaranda, gəlib məruzə edirdi ki, bu gün xidmətimdə heç bir nöqsan olmayıb. Hətta nöqsanı olanda belə, heç vaxt gizlətmirdi, gəlib özü deyirdi ki, filan nöqsanım olub”.

E.Namazov bildirdi ki, Zaur kimi əsgəri olması ilə qürur duyur: "Hərbi xidmətə yeni başladığında, hiss edirdim ki, əsgərliyə həvəslə gələnlərdəndir. Maraqlanırdı, öyrənməyə çalışırdı. Günü-gündən hərbini sevdiyini hiss edirdim. Müharibədən öncə cəbhədə gərginlik yaranan vaxtlarda Zaur deyirdi ki, kaş döyüş olardı, iştirak edərdik, torpaqlarımızı geri alarıq. Döyüşdən çəkinməyən, igid əsgər idi. Döyüş başlayan ilk günlərdən də döyüşə həvəslə yollandı. Bir yerdə döyüşmədik, amma əsgərlərimin hamısı ilə bağlı sonra maraqlandım. Qəhrəmanlıqlarını eşitdim. Zaur kimi əsgərim olduğuna görə komandir kimi fəxr edirəm”.

Düşmənlə ən yaxın məsafə....
Döyüş yoldaşı Orxan Məmmədov deyir ki, Zaur çox riskli əməliyyatlarda belə qorxmadan, çəkinmədən özünü irəli atırdı: "Zaur qumbaratan idi. Həqiqətən də çox məsuliyyətlə və qəhrəmanlıqla döyüşdə iştirak edirdi. Başqa bir döyüşçü var idi, onunla bir yerdə düşmənlə ən yaxın məsafəyə gedib zərbə vurub qayıtdılar. Çox yaxın məsafə olduğu üçün bu, hər birimizin yadında qalan əməliyyatlardan oldu”.

Zaur Orxanın qolları arasında şəhid olub: "Düşmənə zərbə vurdu, həmin an da düşmən bunu vurdu. Çiynindən yaralandı, hospitala aparırdıq. Amma yara çox ağır idi, yolda şəhid oldu. Dedi ki, anam, ailəm sizə əmanət”.

Xarakterinə, xasiyyətinə görə doğmaları, dost-tanışı həmişə onunla fəxr edib. Qəhrəmanlıqlarına görə isə tək yaxınları deyil, bütün Azərbaycanın fərx etdiyi oğullardan oldu.

Bildirək ki, Z.Nəbiyev ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilib.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər