• çərşənbə, 18 Iyun, 09:46
  • Baku Bakı 19°C

“Zəngəzur dəhlizi”nin Ermənistanda yaratdığı qorxu

09.07.21 17:00 1084
“Zəngəzur dəhlizi”nin Ermənistanda yaratdığı qorxu
Beynəlxalq hüquqa görə, Azərbaycan, onu öz eksklavı ilə birləşdirən dəhlizə bir müddətdən sonra status tələb edə bilər
Artıq beynəlxalq aləmdə "Zəngəzur dəhlizi" anlamı oturuşub və 10 noyabrda imzalanmış sənədə əsasən, kommunikasiyaların açılması istiqamətində işlər aparılır. Amma maraqlı məqam ondan ibarətdir ki, Ermənistan tərəfi məhz "Zəngəzur dəhlizi” terminini qəbul etmir. Hətta bundan narahatlıqlarını ifadə edir. Erməniləri qorxuya salan səbəb nədir? Onlar "Zəngəzur dəhlizi” termininə görə niyə narahat olurlar?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında beynəlxalq idarəetmə üzrə araşdırmaçı Əhməd Əlili bildirdi ki, Ermənistan hər cəhdlə açılacaq nəqliyyat koridoruna "dəhliz” deməkdən imtina edir: "Ermənistan razıdır ki, Azərbaycan yükləri onun ərazisi vasitəsilə adicə yol kimi Naxçıvana daşısın. Buna da hər hansı problem yaratmadığını bəyan edir. Amma bu xəttin məhz "dəhliz” adlandırılması niyyətində olmadığını bəyan edir. Məsələ də ondan ibarətdir ki, beynəlxalq hüquqa görə, Azərbaycan, onu öz eksklavı ilə birləşdirən dəhlizə bir müddətdən sonra status tələb edə bilər. Bu isə o deməkdir ki, həmin dəhliz artıq Ermənistanın yurisdiksiyasında olmayacaq. Beləliklə də, Ermənistanın burada nəzarəti minimuma enəcək, yaxud da heç olmayacaq. Ermənistan tərəfi də bundan çox narahatdır”.

Ə.Əlili vurğuladı ki, bu nəqliyyat dəhlizinin sağ və sol tərəflərində rus əsgərləri duracaqsa və Azərbaycan özü də yol boyu müəyyən təhlükəsizlik tədbirləri təşkil edəcəksə, deməli, bu yol avtomatik olaraq dəhlizdir: "Həmçinin nəzərdə tutulub ki, Ermənistan gömrüyü Azərbaycandan Naxçıvana keçən yüklərə nəzarət edə, yəni yoxlaya bilməyəcək. Əlbəttə ki, bu yolun dəhliz statusunda olması Ermənistan üçün böyük, hətta deyərdim, Qarabağın özünə bərabər olan bir itkidir. Bununla yanaşı, biz unutmamalıyıq ki, buradan keçən dəmiryolu xətti sovetlər dövründə Azərbaycanın mülkiyyətində olub. Bu o deməkdir ki, Azərbaycan öz mülkiyyət hüququnu bərpa edə bilər. Ermənistan ərazisində, faktiki olaraq Azərbaycan mülkiyyəti peyda olur ki, bu da onlar üçün narahatedici məqamdır. Ona görə də, Ermənistan istəyir ki, yollar açılsın, Azərbaycan bu infrastrukturdan istifadə edərək yüklərini Naxçıvana daşısın, amma bu, "dəhliz” adlanmasın. Bunun fəsadları gələcəkdə Ermənistan üçün böyük ola bilər”.

Siyasi şərhçi Asif Nərimanlı bildirdi ki, Naxçıvanı Azərbaycanla birləşdirən nəqliyyat kommunikasiyası 10 noyabr razılaşmasında hər hansı dəhliz adı ilə qeyd edilmir: "Güman etmək olar ki, Nikol Paşinyan hakimiyyətinə daxildən təzyiq olmasın deyə, sazişdə dəhliz kimi qeyd edilməyib. Görünür, Bakı da razılaşıb ki, məhz dəhliz yox, kommunikasiya adlandırılsın. Onu qeyd edim ki, hələ 2001-ci ildəki Ki-Uest danışıqları zamanı Mehridən Azərbaycana dəhliz verilməsi məsələsi diqqətdə idi. Buna görə Koçaryan hakimiyyətinə tənqidlər səsləndirilib. Nikol Paşinyan hakimiyyəti, bir növ onu təkrarlamamaq üçün "dəhliz” termininin ora salınmamağını istəyir. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu nəqliyyat kommunikasiyası Prezident İlham Əliyev tərəfindən "Zəngəzur dəhliz”i adlandırıldı. Buna qədər Ermənistan cəmiyyətində buna "Mehri dəhlizi”, Azərbaycan cəmiyyətində "Naxçıvan dəhlizi” deyilirdi. Lakin Prezident İlham Əliyev bunu "Zəngəzur dəhlizi” olaraq bəyan etdi. Bir məsələni qeyd edim ki, 2019-cu ildə Türk Şurasının Azərbaycanda keçirilən Zirvə görüşündə də Azərbaycan Prezidenti bəyan etmişdi ki, türk coğrafiyasının parçalanmasının əsas nöqtəsi məhz Zəngəzurdur.
Görünür, rəsmi Bakının bu strategiyası hələ o zaman mövcud olub. Yəni Qarabağ probleminin həllindən sonra buradan bir dəhliz açılır və bu, həm türk coğrafiyasını birləşdirir, həm də beynəlxalq səviyyədə "Zəngəzur dəhlizi” adlandırılır. Prezident İlham Əliyev təxminən mart ayında "Zəngəzur dəhlizi”ni elan etdi. Ermənistanı ən çox narahat edən bunun məhz "Zəngəzur dəhlizi” adlandırılmasıdır. Çünki beynəlxalq platformada "Zəngəzur dəhlizi” terminin qəbul edilməsi həmin ərazinin Azərbaycanın tarixi torpağı olduğu faktının gündəmə gəlməsi deməkdir. Bunun Azərbaycan üçün bir neçə önəmli səbəbləri var. Birincisi, beynəlxalq daşımalarda və sənədlərdə "Zəngəzur dəhlizi” olaraq qeyd edilməsi, Zəngəzurun Azərbaycanın tarixi torpaqları olmasını beynəlxalq siyasətin gündəmində saxlayacaq. Bu, rəsmi Bakıya sonrakı prosesdə imkan verir ki, Zəngəzurun tarixi Azərbaycan torpağı olması məsələsini beynəlxalq müstəviyə daşısın. Təbii ki, gələcəkdə bunun da hədəfi həmin torpaqlara qayıtmağımızdır”.

A.Nərimanlı vurğuladı ki, əslində bu dəhliz "Cənubi Zəngəzur dəhlizi” adlandırılır: "Amma bu versiya mətbuatda geniş yayılmayıb. Lakin "Şimali Zəngəzur” dəhlizi də gündəmdədir. Prezident İlham Əliyev müharibədən sonrakı çıxışlarının birində qeyd etdi ki, 10 noyabr razılaşmasında Naxçıvanı Azərbaycanla birləşdirən iki dəhliz var. Bunlardan biri Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirən yoldur. Güman etmək olar ki, bu dəhliz ya Laçın, ya da digər istiqamətdə ola bilər. Bu o deməkdir ki, bölgədə iki dəhliz olacaq, biri şimaldan, biri cənubdan. İki dəhliz olursa, sonrakı dövrdə Azərbaycanın həmin bölgəyə investisiya və digər vasitələrlə daxil olmaq planı həyata keçirilsə, zamanla o bölgədə təsir gücümüz artacaq və tarixi torpaqlarımıza qayıda biləcəyik. Məhz bu kommunikasiyanın "Zəngəzur dəhlizi” adlandırılması təsadüfi deyil. Bu, Azərbaycanın uzaq hədəflərinə çatması üçün ilk addımları hesab oluna bilər. Fikrimcə, artıq bunun ilk addımına nail ola bilmişik. Dövlət başçısı Türkiyənin kommunikasiya nazirini qəbul edərkən bildirdi ki, artıq beynəlxalq sənədlərdə bu dəhliz "Zəngəzur dəhlizi” olaraq qeyd edilir. Hətta sonradan bunun "Şuşa bəyannaməsinə” rəsmi olaraq salındığını da gördük. Onu qeyd edim ki, "Şuşa bəyannaməsinə” istinad edən bütün tərəflər bu dəhlizi "Zəngəzur dəhlizi” adlandıracaq. Bunun fonunda Çinin Azərbaycandakı səfirinin də bunu "Zəngəzur dəhlizi” adlandırması təsadüfi deyildi. Çünki bilirik ki, bu dəhliz Avrasiyanın gələcəyini müəyyən edəcək "Bir kəmər, bir yol” layihəsinin bir hissəsidir. Bizim üçün ən böyük uğurlardan biri odur ki, bu layihədə əsas tərəfdaş olan Çin, bunu "Zəngəzur dəhlizi” olaraq qəbul edir”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər