Zəfər yoluna çıxdığımız gün
Bir sıra
tanınmış ekspertlər də açıq şəkildə bildirdilər ki, biz Azərbaycanı dövlət
olaraq az-çox tanıyırdıq, Azərbaycan Ordusu haqqında yetərincə məlumatlı idik,
amma bu savaşda gördük ki, biz Azərbaycan xalqını tanımamışıq
Azərbaycan
30 ilə yaxın bir müddətdə davam edən Qarabağ problemini 44 günlük müharibə ilə
başa çatdırdı. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə
Azərbaycan Ordusu uzun illər davam edən işğalı qələbə ilə yekunlaşdırdı. 90-cı
illərin ağır şərtləri çərçivəsində itirilmiş torpaqların azad edilməsi heç də təsadüfi
deyil. Hərbi sahədə aparılan islahatlar xarici siyasətlə vəhdət təşkil etdi.
Dövlət başçısı hər il ordu quruculuğuna, hərbiçilərin peşəkarlığının
artırılmasına, o cümlədən yeni texnologiyalara əsaslanan hərbi texnikanın həm
alınmasına, həm də ölkə daxilində istehsalına mütəmadi olaraq vəsait ayırdı. Nüfuzlu
beynəlxalq təşkilatlarda - BMT-də, Avropa İttifaqında, Avropa Şurasında,
AŞPA-da və digər qurumlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın
işğala son qoymasının tələb edən sənədlər qəbul edildi.
Məqsəd və
məram bəlli idi
Ayrı-ayrı
ölkələrlə birlikdə təşkil edilən hərbi təlimlər zamanı Azərbaycan Ordusu yeni
döyüş metodlarını mənimsədi və bundan irəli gələn təcrübəyə sahib oldu. Təbii
ki, zamanla görülən bu işlərin məqsədi və məramı düşmənə - Ermənistan hakimiyyətinə,
Qarabağdakı separatçı rejimə və onları dəstəkləyən xarici qüvvələrə bəlli idi.
Sadəcə dünyada, regionda baş verənləri düzgün qiymətləndirmək və ona uyğun
addımlar atmaq - hərbi əməliyyatları başlamaq zamana bağlı məsələ idi. Nəhayət,
27 sentyabr 2020-ci il tarixi zəfərə başlanan yol oldu. 44 günlük II Qarabağ
müharibəsi isə torpaqlarımızın işğaldan azad olunmasına, qələbəmizə vəsilə
oldu. Bundan sonra məğlubiyyətə məhkum olan Ermənistanda isə hələ də siyasi gərginlik,
iqtisadi tənəzzül, demoqrafik problemlər qalmaqdadır. Ermənistan hakimiyyəti hələ
də hansı addımlar atacağını bilmir. Paşinyan isə Qərblə Rusiya arasında seçim
etmək üçün var-gəl edir. Heç şübhəsiz ki, Azərbaycanın bu tarixi qələbəsi təkcə
torpaqların işğaldan azad edilməsi ilə bitmədi. Zəfər dolu ötən bir il ərzində
regionda da nələrsə dəyişdi.
"Azərbaycan
xalqına münasibət dəyişdi”
Mövzu ilə
bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirdi ki, birincisi, Qarabağın özü dəyişdi: "İşğal
zamanı altı üstünə çevrilən torpaqlarımız indi böyük quruculuq işlərinin
getdiyi nəhəng tikinti meydançasına bənzəyir. Əgər münasibət dəyişməsindən söhbət
gedirsə, dəyişmənin dərəcəsinə görə sıralamalı olsaq, Azərbaycan xalqına
münasibət dəyişdi. Azərbaycan Ordusuna münasibət dəyişdi və Azərbaycan dövlətinə
münasibət dəyişdi. Açığı, heç kim, hətta biz özümüz də bilmirdik ki, Azərbaycan
xalqı bu qədər birlik göstərərmiş. Bu qədər öz ordusunun, dövlətinin arxasında
durmağı bacararmış. Onun qadınları, qızları doğmasını itirəndə bu qədər mərdanə
davranaraq, köksünü qabardaraq cənazəsinə özü girərmiş. Bütövlükdə biz bu qədər
monolit bir güc olduğumuzu sərgiləyə bilərmişik. Siz fikir verin, monoetnik Ermənistan
ordusundan, elə savaşın ilk on günündə on mindən artıq fərari oldu. Ondan artıq
xalqın və etnik qrupun təmsilçisinin sıralarında vuruşduğu Azərbaycan ordusunda
bir nəfər belə fərariyə rast gəlinmədi. Bir sıra tanınmış ekspertlər də açıq şəkildə
dilə gətirdilər ki, biz Azərbaycanı dövlət olaraq az-çox tanıyırdıq. Azərbaycan
Ordusu haqqında yetərincə məlumatlı idik, amma bu savaşda gördük ki, biz Azərbaycan
xalqını tanımamışıq”.
"Ali Baş
Komandan İlham Əliyevin rolu danılmazdır”
S.Alıyev
qeyd etdi ki, 44 günlük müharibədən sonra Azərbaycan Ordusuna yanaşma dəyişdi:
"Yəni hər kəs bilirdi ki, Azərbaycanda ordu quruculuğuna böyük vəsait ayrılır.
Hər kəs bilirdi ki, Azərbaycan ardıcıl olaraq təlimlər keçirir. Amma heç kəs fərqində
deyildi ki, Azərbaycan bu regionda təkcə işğalçı Ermənistandan deyil, ondan qat-qat
böyük dövlətlərdən, ona silah-sursat ötürənlərdən üstün bir hərbi performans sərgiləyəcək.
Hərbi texniki üstünlüyü ilə yanaşı, hərbi mütəxəssislərinin peşəkarlığını, həm də
əsgərlərinin daha cəsur, qorxmaz, mərd olduğunu ortaya qoyacaq. Birmənalı şəkildə
deyə bilərik ki, NATO-da da, Rusiyada da, digər yerlərdə də Azərbaycan Ordusunun
qırx dörd günlük savaş zamanı sərgilədiyi peşəkarlıq öyrənilir. Yəni II Qarabağ
savaşının nəticələrinə əsasən qabaqcıl hərbi texnikadan necə ustalıqla
faydalanmağın sirləri mənimsənilir”.
"Hər kəs
onu da gördü ki...”
Politoloq
qeyd etdi ki, 44 günlük müharibə zamanı Azərbaycan dövlətinə yanaşma da dəyişdi:
"Bəli, Azərbaycanın regionda lider dövlət olduğunu artıq hər kəs görürdü. Amma
hər kəs onu da gördü ki, bütün böyük dövlətlərin istəyinə rəğmən, Azərbaycan
deyəndə həm də öz torpaqlarını savaş yolu ilə azad etməyi bacaran bir dövlətdən
söhbət gedir. Bir daha vurğulayıram ki, Azərbaycan bütün böyük dövlətlərin istəyinə
rəğmən, savaş yolu ilə öz torpaqlarını azad etməyi bacarmaqla bir dövlət olaraq
daha böyük olduğunu, daha qüdrətli olduğunu ortaya qoydu. Heç şübhəsiz ki,
burada dövlətimizin başında duran Prezidentimiz, Ali Baş Komandanımız, cənab İlham
Əliyevin rolu danılmazdır”.
Bəxtiyar Məmmədli