• çərşənbə axşamı, 19 mart, 15:37
  • Baku Bakı 8°C

Zamana bağlı ziddiyyətlər - “Atalar və oğullar”

13.11.21 12:15 1146
Zamana bağlı ziddiyyətlər - “Atalar və oğullar”
Yaxud ədəbiyyatda "atalar və oğullar problemi” necə təzahür edir?
Ənənəvi atalar və oğullar problemi çoxlarımıza bəllidir. Bəs ədəbiyyatda eyni problem necə meydana çıxır və yaxud nəticələri nədən ibarət olur? Bu barədə fikirləri övladlardan soruşmağa qərara aldıq. Sorğumuzda yazıçı Fəxri Uğurlu atası – tanınmış şair, elm adamı Ağa Laçınlı barədə, nasir Alpay Azər atası – tanınmış yazıçı Azər Abdulla haqqında, gənc qələm sahibi Ayxan Ayvas isə atası – tanınmış yazıçı Eyvaz Əlləzoğlu xüsusunda danışıb, sırf ədəbi meyarlarla bağlı ata-oğul münasibətlərini yada salıblar. Onlara ünvanlanan sualımız isə bu idi: Ədəbiyyatda atalar oğullar problemi necə təzahür edir? Yəni atanız – tanınmış qələm adamı ilə ədəbiyyat baxımından, zövq sarıdan hansı fikirləriniz ortaq idi, üst-üstə düşürdü, hansı fikirləriniz ziddiyyət təşkil edirdi, yaxud ortaq zövqün ifadəsi kimi hansı şair-yazıçıları, əsərləri bəyənir, yaxud da sevmirdiniz?
"Ədəbi məsələlərdə ata basqısı görməmişəm”
Fəxri Uğurlu deyir ki, uşaqlıqdan atamla həmsöhbət olmuşam, ayrı-ayrı əsərləri, müəllifləri dönə-dönə müzakirə eləmişik. Bundan başqa, ağlım kəsəndən atam yeni şeirlərini həmişə mənə oxuyub, çox vaxt rəyimlə hesablaşıb: "Bu baxımdan, mən ədəbi məsələlərdə ata basqısı görməmişəm. Gənc yaşlarımda qartımış estetik normalara üsyankar yanaşmağım, üslub axtarışlarında, bəzən ifrata varmağım onu narahat eləsə də, üzümə qırmızı işıq tutmağa tələsmirdi, fəhmlə, təcrübənin qazandırdığı bir arxayınlıqla bilirdi ki, bulanıq su axa-axa durulacaq, sözlər, fikirlər bir gün aydınlığa çıxacaq. Klassikaya münasibətdə, əsasən, həmrəy olmuşuq. Atamın xarici ölkələr ədəbiyyatından dərs deməyi mənim dünya klassikləri ilə erkən tanışlığıma təkan verib. Atam bir çox nəsildaşı kimi ədəbiyyatın ictimai missiyasına daha artıq önəm verirdi, mənsə iyirmi yaşlarımda bu mövqedən tədricən uzaqlaşdım, əvvəlcə psixoloji, ardınca da fəlsəfi ədəbiyyata meyilləndim. Bilirəm ki, fəlsəfi ədəbiyyatın oxucuları o birilərə nisbətdə həmişə az olub, ancaq iş işdən keçib, ora elə bir yerdir ki, gedən geri qayıtmır”.
"Atamla müqayisədə az sözdən istifadə edirdim deyə...”
Alpay Azərin atası ilə ortaq, üst-üstə düşən zövqü realist nəsrlə bağlı olub: "Hər ikimizin sevdiyi yazıçılar, aşağı-yuxarı eyni olub – Tolstoy, Dostoyevski, Çexov, Platonov, Heminquey, Cəlil Məmmədquluzadə, müasirlərdən Səfər Alışarlı, Saday Budaqlı, Şərif Ağayar, və s. Qaldı ziddiyyət təşkil edən məqamlara, o, post-modernizmi, bu ədəbi cərəyandakı pastiş texnikasını, başqa mətndən bir hissənin öz mətninə köçürülməsini heç qəbul etmirdi, deyirdi, bu, hoqqabazlıqdır, əllaməçilikdir, yaza bilməyənlər, istedadsızlar belə şeylərə qaçır. Mən deyirdim, bu sənin zövqünə uyğun deyil, amma post-modernizm barədə yüzlərlə monoqrafiyalar yazılıb, bu cərəyanda yazılan əsərlər necə boş şey ola bilər. Bir də, atamda uzun bədii təsvirləri sevmirdim, deyirdim, bu qədər detallara nə ehtiyac var. Özüm belə şeylərdən uzağam, nəsrdə ifrat minimalist olmasam da, atamla müqayisədə az sözdən istifadə edirdim deyə, onun uzun cümlələrini, detallı təsvirlərini bəzən sevmirdim, hərçənd Marsel Prust sevimli yazıçımdır, atamın bəzi əsərlərində – "Qəmərlidən keçən qatar”, "Gül yağışı”nda o cür təsvirlər yerinə düşür. O isə mənə deyirdi ki, ədəbiyyat həm də uzun, detallı bədii təsvirdir, yoxsa, "gəldim, getdim, yedim, içdimlə” ədəbiyyat olmaz. Qaldı bəyənmədiyimiz yazıçılara, klassiklərdən hər ikimizə Borxes yad idi, nə onun, nə də mənim Enriko Vita-Malasın "Bartlbi və onun çevrəsi” romanını oxumağa səbrimiz çatmadı.
"Yaş artdıqca, onun dediklərini anlamağa başladım”
Ayxan Ayvazla atası ayrı-ayrı ədəbi nəslin nümayəndələridirlər. Atası 80-ci illərin yazıçısıdır, o isə 2000-lərin. Ayxan deyir ki, Atam Eyvaz Əlləzoğlu ədəbiyyatla bağlı ənənəvi düşünürdü. Daha doğrusu, Orxan Pamukun dediyi "saf romançı” kateqoriyasının tərəfdarı idi: "Lakin bədii zövqü, şübhəsiz, çox yaxşı idi. Və mən elə bu mənada şanslı biri olmuşam. Onun dünya ədəbiyyatına, rəssamlığa, kinoya bələd olması mənə də təsirsiz ötüşməyib. Atamın düşüncəsi bu idi: ədəbiyyatı şouya çevirmək olmaz. Yazılanları tarix qiymətləndirəcək. O, bu gün üçün yazmırdı və şöhrət azarlısı deyildi. Sadəcə içindəkiləri kürüyüb atmaq istəyirdi. Əvvəl-əvvəl onunla bu müstəvidə mübahisələrimiz olurdu. Mənə Platonovu misal çəkirdi. Deyirdi, yazılan qalacaq. Zaman keçdikcə, yaş artdıqca, onun dediklərini anlamağa və özüm də o cür düşünməyə başladım. Nə qədər aramızda mübahisələr olsa da, mən də atamın oğluyam. Ziddiyyətimiz zamanla bağlı idi və mən o zamana çatmaq üçün çalışıram.
Söhbətləşdi: Fərid Hüseyn
banner

Oxşar Xəbərlər