• cümə axşamı, 02 yanvar, 16:10
  • Baku Bakı 11°C

Özü haqqında mif yaradan şair - ANIM

30.12.24 02:04 412
Özü haqqında mif yaradan şair - ANIM

Yaddaşlarda sevgi şairi kimi qalan Nüsrət Kəsəmənli çətin uşaqlıq yaşamış, yaxşı dostlar qazanmış bir insan idi. Dostları onu indi də işıqlı xatirələri ilə yada salırlar.  

“Nüsrət sevgi şairi idi. XX yüzilliyin sonuna doğru saf sevginin bayağılaşdığı, bir sıra yabançı yaşam şəkillərinin həyatımıza soxulduğu, əsil məhəbbət haqqında yazmağın, sevgi etiraflarının arxaik göründüyü bir çağda Nüsrət bəzən hətta uşaq sadəlövhlüyü təsiri bağışlayan, lakin səmimiyyətilə inandıran sevgi şeirləriylə ortaya çıxdı...” Xalq Şairi Sabir Rüstəmxanlının yaxın dostu Nüsrət Kəsəmənli haqqında dediyi bu fikirlər doğum günü ərəfəsində xatırladığımız mərhum şairin yaradıcılığı haqqında ən səmimi xatirələr oldu.

Ürəyi sevgi və xeyirxahlıqla dolu gənc

“Mən ondan yarım il böyük idim və bu kiçik “böyüklükdən” imtiyaz kimi geninə-boluna istifadə edir, məsələlərin həllində bu bir neçə aylıq fərqdən yapışırdım. Ancaq məncə, uzun dostluğumuz ərzində elə bir ciddi fikir toqquşmamız olmamışdı”, - deyə Sabir Rüstəmxanlı xatırlayır: “Nüsrət Kəsəmənli boylu-buxunlu, ötkəm, gülərüz, ömrün çətinliklərinə mərdi-mərdanə sinə gərən, etibarlı, sözü üzə deyən, xırdaçılığı sevməyən, ürəyi sevgiylə və xeyirxahlıqla dolu bir gənc idi. Bakıya bizdən sonra gəlmişdi və elə ilk görüşümüzdən girişsiz- müqəddiməsiz bir-birimizə ürək qızdırmışdıq. Mənə elə gəlirdi, biz elə uşaqlıqdan tanışıq. Bakıya gətirən əziyyətli, ehtiyac dolu yollarda həmişə yanaşı olmuşuq. Bunun çox sadə bir səbəbi vardı: ilk şeirlərimizin çoxu oxşar yolların və talelərin, bənzər sevgi və ayrılıqların, doğma ruhların ifadəsiydı. Bizdən öncə şeirlərimiz yaxınlaşmışdı, onları dinləyəndən sonra təqdimata, keçmişin və kimliyin haqqında əlavə bilgiyə ehtiyac qalmır. Elə bu ruh doğmalığı hiss olunmadan Çingiz Əlioğlunu, Nüsrət Kəsəmənlini və məni yaxınlaşdırmışdı, aramızda uzun illər davam edən, ədəbi mühitimiz üçün nadir bir dostluq nümunəsi yaranmışdı. Biz xaraktercə fərqliydik, ancaq dostluğumuzun bir səbəbi də bu müxtəlif xarakterlərin bir-birini anlamasıydı”. 

S.Rüstəmxanlı davam edir: “Nüsrət Kəsəmənlı toplumda itib- batan adam deyildi, onu dost da görürdü, düşmən də. Elə ilk görüşdən yaddaşlara həkk olunurdu. Şeirləri də beləydi, ilk oxunuşdan oxucu qəlbində yer qazanırdı. Dözümlüydü, ancaq qəfildən tufan qoparmağı da vardı. Ədəbi taleyi ona uşaqlıq taleyini unutdurmadı, Bakı sevgisi Ağstafanın “ata-ana sevgisizliyinin”,  “anları coraba toxuyan”, “yumaq açıldıqca bükülən” nənənin boynuna dolanmaq üçün açılan qollarının yerini doldurmadı. Bu dərdlər şeirə keçdikcə ədəbiləşdi və əbədiləşdi, paylandı, hamının malı oldu”.

S.Rüstəmxanlı deyir ki, bu gün də Nüsrətin sevgi şeirləri yüzlərlə vurğun ürək arasında körpü salır, eşq məktublarını bəzəyir. “Getmək istəyirsən”, “Bilsəm yalan deyirsən”, “Əllərin nə yaman soyuqdur, gülüm”, “İsti yağışlar yağır”, “Etiraf”, “İkimizin yerinə”, “Allahım, ayırma bizi” və başqa şeirləri təkcə Nüsrət Kəsəmənlinin deyil, ötən əsr sevgi lirikamızın ən gözəl örnəkləri sırasındadır... Nüsrətin bənzərsiz publisistikası vardı. Televiziyada unudulmaz verilişlər aparırdı. Sənədli filmimizin inkişafında xidmətləri danılmazdır. “Bakı” qəzetində işlədiyi illərdə balaca xəbər köşələrini sözünün gücüylə necə genişləndirdiyini, xırda olayları obrazlı və şairanə dillə necə ətə-qana doldurduğunu yaxşı xatırlayıram. Onun gözəl insan və böyük istedad sahibi olması, iri bədənində kövrək uşaq ürəyi gəzdirməsi barədə çox yazmaq olar...” 

Bütün gənclərin sevimlisi

“Nüsrətlə tanışlığım hələ biz tələbə olmamışdan -1965-ci ilin sonlarından başlayıb”, - deyə tənqidçi Vaqif Yusifli xatırlayır: “Yuxarı sinif şagirdlərinin respublika toplanışında bir neçə şagirdlə Masallı rayonunu təmsil edirdim. Səhərlər digər rayonlardan gələn uşaqlarla birgə Bakını gəzdirirdilər. Avtobusda olanda hamımızdan fərqlənən iri cüssəli oğlanı görürdüm. Hamı onun başına toplaşırdı. O da şeir deyirdi. Mən də ona yaxınlaşdım. O zaman şeir yazırdım. Şeiri ona göstərdim, əl gəzdirdi. Sonra bizim dostluğumuz başladı”. V.Yusifli deyir ki, 1967-ci ildə hər ikisi universitetin filologiya fakültəsinə daxil olublar: “Nüsrət 2-3 il oxuyandan sonra qiyabiyə keçdi. Onu nənəsi saxlayırdı, dolana bilmirdi, ailəsində problemlər vardı. Dostluğumuz sonra da davam etdi. Mən onun yaradıcılığından bir neçə məqalə yazmışam. Bir kitabını da mənə bağışlayıb və “Qədim dostum Vaqifə” yazıb”. V.Yusifli xatırlayır ki, Nüsrət Kəsəmənli zamanında bütün tələbələrin, gənclərin sevimlisi olub: “Nüsrət gözəl şair idi. Bütün cavanlar - sevən, sevilən oğlanlar, qızlar onun şeirlərini oxuyurdular. Onun sevgi şeirləri çox məşhur idi. Oğlanlar-qızlar görüşə gedəndə Nüsrətin şeirlərini aparırdılar. Nüsrətin bir neçə şeirlər kitabı çapdan çıxıb. Heyf ki, ağır xəstəliyə tutuldu. Nüsrətin ölümü məni çox sarsıtdı...” 

Səmimiyyətin daşıyıcısı

“Nüsrət Kəsəmənli mənim yaddaşımda dərin iz buraxmış insan və şairdir”,  - deyə ədəbiyyatşünas alim, professor Rüstəm Kamal xatırlayır: “Nüsrət 20-ci əsr Azərbaycan poeziyasında çox nadir bir dəyərin - səmimiyyətin daşıyıcısı idi. Onun sevgi şeirləri səmimi gerçəkliyi ilə oxucuların diqqətini çəkdi. Ölümündən sonra da Nüsrətin şeirlərini oxuyurlar. Qələm adamı gah sevgidən, gah ölümdən yazar. Nüsrət bunların ikisindən də yazıb.  Nüsrətə “sevgi şairi” deyirlər. Bu, böyük statusdur. Çünki Azərbaycan ədəbiyyatında cəmi bir neçə nəfəri o statusla şərəfləndirmək olar. Nüsrət həmişə bir janrı - nağıl janrını təkrarlayırdı. Ona elə gəlirdi ki, həyat da, sevgi də, ölüm də bir nağıldır. O öz ömrünü də bir nağıl kimi yaşadı. Nüsrət nağıl qəhrəmanı idi. O, öz yaşıdları içərisində bəlkə də yeganə şair idi ki, özü haqqında mif, rəvayət yarada bildi. Nüsrətin yaşı 60-ı ötdü, amma gənclərin gözündə gənc kimi qaldı. Elə bir nəsil yoxdur ki, onun adı ilə obrazını eyniləşdirməsin. Bu, nadir xoşbəxtlikdir”.

Təranə Məhərrəmova

 

banner

Oxşar Xəbərlər