• şənbə, 21 Iyun, 13:06
  • Baku Bakı 28°C

Heç bir quruma lazım olmayan ansambllar 

21.06.25 04:14 104
Heç bir quruma lazım olmayan ansambllar 

Uzun müddət AzTV-nin balansında fəaliyyət göstərən xalq çalğı alətləri ansamblları bir müddət öncə bu imkandan məhrum ediliblər. Onlara Mədəniyyət Nazirliyinin balansına veriləcəkləri vəd olunub. Amma hazırda nazirlik də onlara sahib çıxmır.    

Xalq çalğı alətləri ansambllarının xalq və bəstəkar musiqimizin, muğamlarımızın təbliğində əvəzolunmaz rolu var. Bu ansambllar özlərindən sonra gələn kollektivlərə yol göstərib, təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da tanınaraq milli musiqimizi layiqincə təbliğ ediblər. 

Ansamblların hər birinin - Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblı, Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri Ansamblı, Baba Salahov adına “Araz” Xalq Çalğı Alətləri Ansamblının özünəməxsus dəst-xətti, orijinal üslubu olub həmişə. 

Təəssüf ki, indi ansamblların bədii rəhbərləri həmin kollektivlər haqqında “Adı var, özü yoxdur” nisgili ilə danışırlar. Çünki ansamblların kölgədə qalması probleminə “sahibsizlik” dərdi də əlavə olunub... Belə ki, uzun müddət Dövlət Televiziyasının – AzTV-nin balansında fəaliyyət göstərən ansambllar bir müddət öncə bu imkandan məhrum ediliblər. Onlara Mədəniyyət Nazirliyinin balansına veriləcəkləri vəd olunub. Amma hazırda nazirlik də onlara sahib çıxmır.    

“Başqa millətlərin belə ansamblı olsaydı...”

Xalq artisti, bəstəkar Tofiq Bakıxanov atası Əhməd Bakıxanovun 1931-ci ildə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə yaratdığı ansamblın taleyindən narahatlığını bildirir: “Heyf ki, belə bir tarixi ansambl fəaliyyətsiz qalıb. Digər ansambllar da eyni vəziyyətdədir, onlara qayğı və diqqət göstərən yoxdur...”

Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının hazırkı bədii rəhbəri, Xalq artisti Möhlət Müslümov 1994-cü ildən ansambla rəhbərlik edir: “Mən ansambla bədii rəhbər təyin olunanda durğunluq illəri idi. Qonorar sistemi yox idi. Ansamblı idarə etmək istəmirdim, işim çox idi. Vəziyyəti də bilirdim, ansamblı boş əllə saxlamaq lazım idi”, - deyə danışır: “Mənim ansambla rəhbərlik etməyimi rəhmətlik Həbib Bayramov vəsiyyət etmişdi. Mən də məcbur olub razılaşdım. “Çalış, keçmiş səslənməni bərpa elə. Bu ansambl yaşamalıdır. Bu, Üzeyir bəyin təşəbbüsü ilə yaranan ilk peşəkar ansambldır”, - deyə qarşıma şərt qoyuldu. Mən də ansamblın fəaliyyəti haqqında kitablar oxudum, lentlərə baxdım. Ansambldan çıxan bütün üzvləri yenidən dəvət etdim. Onlardan çox şey öyrəndim. Artıq onlar dünyalarını dəyişiblər. Ansambla gələnlər ictimai əsaslarla işləyirdilər. Onların ansambla böyük sevgisi vardı. Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıdandan sonra ansamblı dövlət konsertlərinin siyahısına salırdılar. Bu, mənim üzərimə böyük məsuliyyət qoyurdu. Konsertdən sonra gözləyirdik ki, Ulu Öndər pərdə arxasına keçib bizə xoş sözlərini deyəcək...” M.Müslümov təəssüf hissi ilə belə bir tarixi olan ansamblın hazırda dağıldığını deyir: “Demək olar ki, bu üç ansamblın hamısı dağılıb. Adları var, özləri yoxdur. Səbəb də odur ki, Dövlət Televiziyası bütün kollektivləri televiziyanın balansından uzaqlaşdırdı, Mədəniyyət Nazirliyi də bizə yiyə durmur”. Tarzən deyir ki, şərait yaratsalar, 12-13 nəfərlik ştat olsa, əvvəlkindən də yaxşı ansambl yarada bilər: “Elə vaxt olub ki, musiqiçiləri dəvət etmişəm, hiss etmişəm ki, yol pulları yoxdur, ciblərinə pul qoymuşam. Hiss etmişəm acdırlar, bildirmədən yemək almışam. Ancaq bu nə qədər davam edə bilər? Başqa millətlərin belə ansamblı olsaydı, yaşadardılar. Azərbaycan Televiziyasının Qızıl Fondunda ansamblın yazıları var. Bu, bizim tariximizdir. Amma təəssüf ki, hazırda ansamblın taleyi heç kimi maraqlandırmır...”

“İndi demək olar ki, işləmirik...”

Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri, Əməkdar artist Adil Bağırovun rəhbərlik etdiyi kollektiv də oxşar aqibəti yaşayır: “1976-cı ildən ansambla rəhbərlik edirəm. 1960-cı ildə Televiziya və Radio Komitəsinin nəzdində Əhməd Bakıxanovun rəhbərlik etdiyi ansambldan əlavə, ikinci bir ansambl yaratmaq zərurəti meydana çıxdı. Bu ansamblı yaratmağı komitənin o vaxtkı sədri Ənvər Əlibəyli ilə bəstəkar Cahangir Cahangirov öz ifaçılıq üslubu ilə seçilən Əhsən Dadaşova təklif etdilər. 1960-ci ildə Əhsən Dadaşov öz milli xalq çalğı alətləri ansamblını yaratdı. Bu ansamblın yaradılması dövrün tələbindən irəli gəlirdi. Folklor nümunələrini, xalq və bəstəkar mahnılarını, muğamları və rəqs nümunələrini məharətlə ifa edirdi. Mən də 1964-cü ildən bu ansamblda solist kimi çalışmağa başladım”. A.Bağırov danışır ki, ansambl yarananda Ə.Dadaşov müğənni kimi Şövkət Ələkbərovanı dəvət edib. Daha sonra ölkəmizin bütün tanınmış xanəndələri - Xan Şuşinski, Seyid Şuşinski, Zülfi Adıgözəlov, Arif Babayev, Əbülfət Əliyev, Sara Qədimova, Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova və başqa xanəndələr məhz bu ansamblın müşayiəti ilə oxuyublar. Beləcə, Əhsən Dadaşov ansambla 15 il rəhbərlik edib. Tarzən dünyasını dəyişəndən sonra - 1978-ci ildən isə ansambl Adil Bağırovun rəhbərliyi ilə çalışır: “45 ildir ki, bu ansambla mən rəhbərlik edirəm. Əhsən müəllim rəhmətə gedəndən sonra mən də ənənəni davam etdirdim. Həmin xanəndələrlə, muğam ifaçıları ilə işlədim. Dünyalarını dəyişənlər olduqca, yeni müğənniləri dəvət etdim. Muğam müsabiqəsinin qaliblərinin AzTV-də işləməsinə dəstək oldum. Onlar ansamblla uzun müddət işlədilər”. A.Bağırov ansamblın hazırkı fəaliyyətindən təəssüf hissi ilə danışır: “Teleradio Komitəsinin Səsyazma Evi 60 il idi ki, bütün musiqi kollektivləri ilə işləyirdi. Sonra o studiyanı dağıdıb kollektivləri Mədəniyyət Nazirliyinin balansına verdilər. AzTV-də musiqi kollektivi saxlamadılar. Mədəniyyət Nazirliyi də bizi çağırmadı. Beləcə, ansamblları dağıtdılar. Biz indi demək olar ki, işləmirik, evdə oturmuşuq. Ansamblların konsertlərini də efirdə vermirlər ki, yaddan çıxaq. Belə bir zəngin tarixi olan ansamblı dağıtdılar...”

“Bizim də yaşımız gedir...”

“Bu ansamblların Azərbaycan xalq musiqisinin inkişafında,  xanəndələrin yetişməsində əvəzsiz xidməti var”, - deyə Baba Salahov adına “Araz” Xalq Çalğı Alətləri Ansamblın bədii rəhbəri Ağasəlim Abdullayev danışır: “Baba Salahov rəhmətə gedəndən sonra ansambl “Araz” adı ilə fəaliyyətini davam etdirdi. 1989-cu ildə müraciət etdim ki, Əhməd Bakıxanov və Əhsən Dadaşov adına ansambllar var, Baba Salahovun adını da uzun illər rəhbərlik etdiyi ansambla verək. Mənim təkidimlə ansambl Baba Salahovun adını daşımağa başladı”. Tarzən deyir ki, ansamblın yarandığı vaxtdan -  40-50-ci illərdən milli musiqimizdə xidmət göstərib: “Heyf ki, indi bu ansambllara münasibət əvvəlki kimi deyil. Hamımızın dərdi birdir. Televiziyadan ansamblları ixtisar edəndən sonra Mədəniyyət Nazirliyinin balansına verildik. Əvvəllər televiziyada işləyəndə həftədə 1-2, ayda 4-5 konsertimiz olurdu, yaxşı qonorar alırdıq. Radionun fonduna mahnılar yazırdıq. Son illər qonorar kəsilmişdi. Bu gün fəaliyyətimiz var, amma kollektivə əməkhaqqı verilmir. Yubileylərdə, müğənnilərin solo konsertlərində çıxış edirik. Əvvəllər ansamblın 20 üzvü vardı, indi 15 nəfərdir. Hətta deyirlər ki, 9-10 nəfərdən çox olmasın. Ənənəni qoruyub saxlamaq lazımdır”. A.Abdullayev deyir ki, ansamblın fəaliyyəti ilə bağlı əlaqədar qurumlara müraciət edəndə “darıxmayın, yaxşı olacaq...” cavabı verirlər: “Nə vaxt olacaq? Bizim də yaşımız, ömrümüz gedir...” 

Bizim musiqi arsenalımız

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova ansamblların bədii rəhbərlərinin gileyinə haqq qazandırır: “Bu ansamblların fəaliyyətindən həmişə xəbərdar olmuşuq. Həqiqətən də son vaxtlar bu ansamblların ifasına mən də rast gəlmirəm. Bu ansambllar vizual məkanlarda iştirak etməli, funksionallıq qazanmalıdırlar. Bütün hallarda bu kollektivlər bizim musiqi arsenalımızdır, böyük təcrübələri var”. Millət vəkili hesab edir ki, Azərbaycan musiqisinin təbliğində bu kollektivlərin varlığından da yararlanmaq lazımdır: “Heç bir ansambl ətalət səviyyəsinə endirilməməli, hər birinin gücündən və bazasından istifadə olunmalıdır. Nazirlik onları işlək mexanizm halına gətirməlidir. Onlar profillərinə uyğun bölünməli, güclərindən istifadə olunmalıdır. Ansamblın üzvləri maaş almalı, işləməlidir. Digər tərəfdən, sənət adamları sənətdə olanda bu, onları yaşadır, stimul alırlar. Ona görə də qayğı və dəstək mütləq olmalıdır. Ola bilsin ki, nazirlik bu ansamblların fəaliyyəti ilə bağlı düşünər, konsertlərdə, xarici səfərlərdə iştiraklarına şərait yaradar”.

“Tez-tez çıxış etsələr...”

Xalq artisti, bəstəkar Faiq Sücəddinov hesab edir ki, ansambllar efirdə az göründükləri üçün fəaliyyətləri hiss olunmur: “Bu ansambllar əvvəllər Az.Tv-nin nəzdində idi. Üzvlər maaş almırdı, konsertlər olanda onlara qonorar verilirdi. Hazırda Mədəniyyət Nazirliyinin balansında bir sıra orkestrlər var. Onların üzvləri nazirlik tərəfindən maaşla təmin olunurlar. Mədəniyyət Nazirliyi bu kollektivlərə həssaslıqla yanaşır”. Bəstəkar hesab edir ki, indiki şəraitdə xalq çalğı alətləri ansambllarının rəhbərliyindən çox şey asılıdır. Belə ki, onlar tez-tez konsertlər təşkil edib çıxış etsələr, fəaliyyətləri aktiv olar: “Hazırda bazar iqtisadiyyatıdır. Ansambllar biletlərini satıb, müxtəlif salonlarda konsert verməklə özlərini dolandıra bilərlər”. 

“Bu ansambllar nazirliyin balansında deyil”

Maraqlıdır ki, hər üç ansamblın bədii rəhbəri fəaliyyətlərinin kölgədə qalması ilə bağlı Mədəniyyət Nazirliyindən kömək umsa da, nazirlikdən bu kollektivlərin onların tabeçiliyində olmadığını bildirirlər. Nazirliyin mətbuat xidmətindən bununla bağlı sorğumuza konkret cavab verildi: “Bu ansambllar nazirliyin balansında deyil”. 
Başqa sözlə desək, keçən əsrdən yol gələn ansambllar hazırda sahibsiz qalıblar. 

Təranə Məhərrəmova 

 

 

 

banner

Oxşar Xəbərlər