• şənbə, 15 Fevral, 15:46
  • Baku Bakı 7°C

“Hər dövrün də öz qəhrəmanları var” - SƏNƏT

15.02.25 02:27 123
“Hər dövrün də öz qəhrəmanları var” - SƏNƏT

Kazım Abdullayev: “Ürək işləmək istəyir. Düzdür, mənim ürəyimdə açıq əməliyyat keçirilib. Ürəyimin damarlarını dəyişdilər. Yenə də ürək deyir ki, cavanam”.

Ona görə aktyor səhnədə qocalmalıdır. Əgər tamaşaçı onu sevirsə, rolunun öhdəsindən gəlirsə, fiziki imkanları yaxşıdırsa, niyə sənətdən uzaqlaşmalıdır? Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Kazım Abdullayev deyir ki, aktyor balıq kimidir, sudan çıxdısa, məhv olur. Onu 50 ildir ki, səhnəyə bağlayan da bu hisslərdir. Yaşı 70-i ötməsinə baxmayaraq, bu gün də teatr məndən nə tələb edirsə, onu yerinə yetirməyə hazıram deyir.

Yol bir az dolanbac oldu

- Kazım müəllim, adətən aktyorlarla görüşəndə onların yaradıcılıq bioqrafiyasını vərəqləməli oluruq. Sizin yaradıcılığınızda Sumqayıt Dram Teatrı, Bələdiyyə Teatrı və Akademik Milli Dram Teatrı yer alıb. Demək olarmı, özünüzü nəhayət bu səhnədə tapdınız?

- Bəli, mən özümü bu teatr üçün hazırlamışdım. 1974-cü ildə institutu bitirəndə kurs rəhbərimiz Adil İsgəndərov idi. O, kinostudiyanın direktoru idi və orada kinoaktyor studiyası açmışdı. Adil müəllim öz tələbələrini hazırlayırdı və mən də onlardan biri idim. İnstitutu bitirəndə bizi məcbur etdi ki, təyinatlarımızı kinostudiyaya götürək. Diplom tamaşamın təqdimatı günü Adil müəllimi kinostudiyadakı işindən azad etdilər. Dedi ki, çox heyf, bilsəydim belə olacaq, əvvəldən sizin iş əmrlərinizi verərdim. Təzə rəhbərlik bizə lazım deyilsiniz dedi. Biz də hərəmiz bir tərəfə dağılışdıq. Mən Sumqayıt Teatrına getdim və 1976-ci ildə aktyor kimi orada fəaliyyətə başladım. 20 il o teatrda çalışdım. Amma orada çalışanda kinostudiya ilə əlaqələri pozmadım, dublyajlara gedib-gəlir, filmlərə çəkilirdim. 

- Adil İsgəndərovun bir çox tələbələrindən müsahibələr almışam. Onların əksəriyyəti elə tələbə auditoriyasından birbaşa Akademik Milli Dram Teatrının səhnəsində yer tutub. Amma sizin üçün bu yol deyəsən bir qədər dolanbac olub...

- Yəqin ki, mənim adamım olmadı, ona görə... Boyum-buxunum, səsim, görkəmim - hər şeyim vardı, amma bu teatra yolum labirintlərdən keçdi, siz deyən kimi, bir az dolanbac gəldim. Onsuz da ömrüm boyu - Sumqayıt Teatrında da, Bələdiyyə Teatrında işləyəndə də arzum bu səhnə olub. Bilirdim ki, əvvəl-axır bu teatrda çalışacağam. Aktyorun yaradıcılığı üçün ən yüksək məqam bu teatrdır - burdan o tərəfi yoxdur. Sumqayıt Teatrı da mənim püxtələşməyimdə, aktyor kimi yetişməyimdə böyük rol oynadı. İlk rollarım o səhnədə yarandı. Bilmək olmazdı, ilk addımlarımı bu teatrın səhnəsində atsaydım, taleyim necə olacaqdı? O vaxt Sumqayıt Teatrına barmaqarası baxırdılar, amma orada elə tamaşalar vardı ki, hər teatrın səhnəsində oynanılmırdı. Düzdür, binası yox idi, təltiflərdən kənar idik. Amma içimizdə sənət eşqi vardı. Bu, bizi həvəsdən düşməyə qoymurdu. Səhərdən-axşama qədər qastrollarda olurduq. Həmişə deyirəm ki, nə yaxşı, Sumqayıt Teatrında işə başladım və məni bir aktyor kimi tanıdılar. Buna görə kinolara da çəkilir, digər aktyorlarla münasibətim də yaranırdı. Sumqayıt Teatrı həyatımda “Azdrama” üçün tramplin rolu oynadı. Həm də tək mənim üçün yox, Hacı İsmayılov, Sabir Məmmədov da orada çalışmışdı. Bir çox aktyorlar məhz o teatrın səhnəsindən “Azdrama”ya gəlmişdilər.

Ya hamısı, ya heç nə...

- 20 il az müddət deyil. Üz-gözünüzün  öyrəşdiyi insanlar, hər qarışına bələd olduğunuz səhnə...

- Əlbəttə, ayrılmaq çox çətin oldu. Bu müddətdə insanlarla işləmək, hər gün eyni marşrutla gedib-gəlmək, tanıdığın tamaşaçılarla görüşmək - insan buna öyrəşir. 80-ci illərin axırları, 90-ın əvvəllərində dolanışıq çox ağır idi. Aktyorların da maaşı az idi. Mən Bakıda yaşayırdım. Teatrdan aldığım pul yola gedirdi. Ailə, uşaq vardı, dolanmaq lazım idi. Ona görə Bakıya qayıtmaq qərarına gəldim. Bələdiyyə Teatrının rəhbəri Amaliya xanıma müraciət etdim. O da məmnuniyyətlə məni teatra qəbul etdi. 

- Maddi ehtiyacları kənara qoyaq. Bəs yaradıcılıq baxımından Bələdiyyə Teatrı sizi qane etdimi?

- Bələdiyyə Teatrında 10-a yaxın tamaşada baş rolda oynayırdım. Bir neçə tamaşada Amaliya xanımla bərabər rollarım vardı. Bakı tamaşaçısı daha tələbkardır. Tamaşaçılar məni qəbul etdilər. Əsas da budur. Elə indi də elə aktyorlar var ki, illərdir bu teatrda işləyirlər, amma tamaşaçılar onları qəbil etmir. Bələdiyyə Teatrının səhnəsində Muxtar Afşarov, Sofiya Bəsirzadə vardı. Onları “Azdrama”dan işdən çıxarmışdılar. Amaliya xanım onları yenidən işə dəvət etməklə diriltdi. Aktyor balıq kimidir, sudan çıxdısa, məhv olur. Amaliya xanım onların ömürlərini uzatdı. Bələdiyyə Teatrı mənim də “Azdrama”ya gəlməyimdə ikinci rolu oynadı. 10 il o teatrın səhnəsində çalışdım. Düzdür, oradan ayrılandan sonra Amaliya xanımla münasibətimiz bir qədər soyudu. Sonra iki il işsiz qaldım. Əslində “Azdrama”da çalışırdım, amma maaş almırdım. Onda teatrın direktoru Əliabbas Qədirov idi. Tamaşalarda oynayırdım, amma pul vermirdilər. 

- Bəs sizi bu teatrda saxlayan nə idi?

- Bu teatrın səhnəsində oynamaq arzum idi. Televiziyada dublyajda iştirak edirdim. Oradan aldığım pulla dolanırdım. Artıq teatrda beş tamaşada rol almışdım. Hamısı da böyük rollar idi. Sonradan elə Əliabbas Qədirov özü məni işə götürdü. İş elə gətirdi ki, dünyasını dəyişəndən sonra onun bütün rollarını da mənə verdilər. 20 ildən artıqdır ki, bu səhnədəyəm. Ümumilikdə 50 ildir səhnədəyəm. Zarafat deyil, 72 yaşım var. 2003-cü ildə bu teatra gəlmişəm. Bu illər ərzində bəlkə də çox aktyorların oynamadığı qədər rol oynamışam. 40-dan çox rolum olub. Elə vaxtlar vardı ki, həftədə yeddi günün içində 8 tamaşa oynamışam. Bazar günü iki tamaşada səhnəyə çıxmışam. Dünyanın heç yerində demirlər ki, biz teatrda işləyirik. “Biz teatra xidmət edirik” deyirlər. Mən də burada işlədiyim müddətdə verilən rolları ləyaqətlə oynamağa çalışmışam. Teatr məndən nə tələb edirsə, onu yerinə yetirməyə hazıram. Teatr, incəsənət yarımçıqlığı sevmir. Orta olanda özün də ortada qalırsan. Ya hamısı, ya heç nə...

“Bu ağırlığa ürək dözmür”

- Bu müddətdə ətrafınızdan çox aktyorlar köçüb gedib, haqq dünyasındadırlar. Bu boşluq hiss olunurmu?

- Təəssüf ki, belədir... O boşluq çox hiss olunur. Yaşarın yerini heç kəs verməyəcək. Kamal Xudaverdiyevin, Səyavuş Aslanın yerini kim verə bilər? Onlar bir epoxa idi. Gəldilər və getdilər... Hər dövrün də öz qəhrəmanları var. Bizdən sonra kimlər olacaq? Artıq yaşlanmışıq. Elə bil institutu dünən qurtarmışıq, amma illər sürətlə ötüb keçdi. 

- Bəs ürək necə, yaşlanıbmı?

-Ürək cavandır. Ürək işləmək istəyir. Düzdür, mənim ürəyimdə açıq əməliyyat keçirilib. Ürəyimin damarlarını dəyişdilər. Yenə də ürək deyir ki, cavanam. Amma güzgüyə baxanda “haram cavandır?” deyirsən. Bilirsinizmi, aktyorlar bütün rolları ürəklərindən keçirirlər. Ürək bu ağırlığa dözmür. Aktyorların çoxu ürəyindən əməliyyat olunur. Ramiz Məlikov, Rafael Dadaşov ürəklərindən əməliyyat olunmuşdular. Ürək də bizim alətimizdir. 

“İndi mənim üçün seçim var”

- Təbii ki, teatra olan sevginiz dəyişməyib. Bəs auditoriyanın münasibəti necə?

- Zaman dəyişib. Tamaşaçı dəyişib. İndi internet dövrüdür. Tamaşaçının müqayisə etmək imkanları var. Əvvəllər belə imkan yox idi. Hansı tamaşanı oynayırdıqsa, bəyənirdilər. İndi tamaşaçını razı salmaq asan deyil. Düzdür, bizim həmişə tamaşaçılarımız var. “Sənsiz”, “Dantenin yubileyi”, “İblis”, “Xanuma”, “Qarabağnamə” kimi tamaşalarmızda zal həmişə doludur. “Xanuma”nı 14 ildir oynayırıq. Hər tamaşada zal ağzına qədər dolu olur. O tamaşaların afişası vurulan kimi biletlər satılır.

- Siz filmlərdə də çəkilmisiniz. Aktyoru kino daha çox tanıdır, ya teatr?

- İndiki dövrdə daha çox seriallar tanıdır. İndi kino bir qədər zəifləyib, amma ümid edirəm ki düzələcək. Çünki bizdə kinonun bünövrəsi olub. 1976-ci ildə ilk dəfə kinoda çəkildim. Ondan əvvəl epizodlarda çəkilmişdim. “Arvadım mənim, uşaqlarım mənim”, “İsmayıl bəyin mücrüsü”, “Qorxma, mən səninləyəm”, “Atları yəhərləyin”, “Alman klinikasına qeyri-rəsmi səfər”, “Yük”, “Sonuncu döyüş” və s. filmlərdə rollar aldım. Sonra seriallara dəvət aldım. “Ünvansız qız”, “Yanmış körpülər” və s. seriallarda çəkildim. Azərbaycan televiziyasında çəkilmiş bir sıra bədii televiziya filmlərində, televiziya tamaşalarında iştirak etmişəm. Almaniyanın, Hindistanın filmlərində çəkilmişəm. Əcnəbi rejissorlar məndən razı qaldılar. Rus rejissorları “səninlə işləmək çox asandır” deyirdilər. Onların aktyora münasibəti də fərqlidir. Tələblər, nizam-intizam da fərqlidir. Bizdə də sovet vaxtı vardı, onları itirdik. Onları görəndən sonra adam bir balaca inciyir. İndi bizdə çəkilən kinolara dəvət alıram, amma getmirəm. Artıq yaş o yaş deyil ki, hər rola qaçasan. Heç sağlamlıq da o deyil. Nə maddi, nə mənəvi cəhətdən zövq almıramsa, niyə gedim? İkisindən biri olmalıdır. Prezident təqaüdü alıram, maaşım var. Ona görə indi hər təklifi qəbul etmirəm. İndi mənim üçün seçim var. Əvvəllər belə deyildi. Uşaqlar oxuyurdu, mən də təklif olunanları qəbul etməyə məcbur idim. Amma maddiyyat dalıyca qaçsam da, işimi vicdanla görürdüm. İndi hərdənbir dublyaja gedirəm. Dublyaj etdiyim filmlərin sayını unutmuşam. Bu işi çox sevirəm.

- Dublyajdan söz düşmüşkən, artıq Səməndər Rzayev, Həsən Turabov, Hamlet Xanızadə, Həsən Əbluc, Yusif Vəliyev, Həsən Məmmədov kimi aktyorların səsləri də yoxdur...

- Bizdə yaxşı aktyorlar var. Dublyaj da ayrıca bir sənətdir. Çünki eyni vaxtda həm görmədiyin filmin mətnini oxumalı, həm qulaq asmalı, həm sinxron düşməsi üçün ekrana baxmalısan. Bunu hər adam bacarmır. Təəssüf ki, maddi baxımdan bu sahədə də çətinliklər var. Aktyorlar bir filmdə 4-5 rol yazmağa məcbur olurlar. Səslərini dəyişir, başqa xarakter yaradırlar. Amma mən baxan kimi bunu hiss edirəm. Əvvəllər hər rolun öz aktyoru vardı. Lap bir kəlmə söz üçün də ayrı aktyor çağırırdılar. İndi 4-5 nəfər bütöv bir filmi dublyaj edir. Ona görə də keyfiyyətli alınmır. Aktyorlarda da günah yoxdur. Onlara o qədər az pul verirlər ki, tez yazıb özlərini başqa filmin dublyajına da çatdırmağa məcburdurlar. Hər şey maddiyyat üzərində qurulur.

- “Əgər telefonuna zəng gəlmirsə, demək sənətdən getmək vaxtıdır...” Bunu nə vaxtsa demisiniz. Amma sizin telefonunuza hələ zəng gəlir...

- Hələ ki lazımam. Reklamlar yazıram, teatrda rollarım var, yeni rollar verilir, dublyaja gedirəm. Mənə hələ ki zəng gəlir...

Təranə Məhərrəmova

 

 

banner

Oxşar Xəbərlər