Öz balımız özümüzə bəs edirsə…
Azərbaycanda
xüsusi karantin rejimi dövründə arıçılıq məhsullarının satışı çoxalıb. Bunu
Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
O bildirib ki,
daxili bazarda satış, ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artıb. Onun
sözlərinə görə, Azərbaycanda kifayət qədər bal ehtiyatı olmasına baxmayaraq ölkəyə
bal idxalı da artıb: "Bu fonda xarici istehsalçılarla rəqabət artır və daxili
bazarda yerli istehsal olan balın satışı azalır. Ötən il İran və Ukraynadan
böyük həcmdə ucuz günəbaxan balı idxal olunub”.
B.Həsrətov qeyd
edib ki, 2019-cu ildə Azərbaycanda satış üçün 6 min ton bal istehsal olunub, əhalinin
tələbatı isə hesablamalara əsasən, 5 min ton təşkil edib: "Bu onu ifadə edir
ki, ölkədə tələbatın təmin olunması üçün kifayət qədər bal ehtiyatı var və
idxala zərurət yoxdur”.
Assosiasiya sədri
əlavə edib ki, iki il əvvəl Azərbaycanda arı ailəsi 200 min idisə, bu il arı
ailələrinin sayı 500 minə çatıb:
"Məhsuldarlıq da
çoxalıb, əgər əvvəllər bir arı pətəyindən 10 kiloqram bal əldə edirdiksə, indi
məhsuldarlıq 5 kiloqram da artıb. Mayın sonunda biz 2020-ci ilin ilk balını
hasil edəcəyik, bu proses avqustun sonunadək davam edəcək”.