• çərşənbə, 16 Oktyabr, 02:21
  • Baku Bakı 16°C

Yerli istehsal tələbi ödəyə bilmir

30.03.24 02:19 3809
Yerli istehsal tələbi ödəyə bilmir

Polad və dəmir məftil idxalımız kəskin şəkildə artıb. Mütəxəssislər düşünürlər ki, bunun başlıca səbəbi işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işləridir. 

Azərbaycan Gürcüstandan dəmir və polad məftil alışını 100 dəfəyə yaxın artırıb. Ötən il Azərbaycana 15,4 milyon ABŞ dolları dəyərində 15 min 518 ton dəmirdən və ya aşkarlanmamış poladdan məftil idxal edilib. Bu rəqəmin birdən-birə bu qədər artması müəyyən suallar doğurur. Daxili polad və dəmir istehsalı fonunda bu artım hansı səbəblərlə bağlıdır?

Xammal xaricdən gətirilir

İqtisadçı Fuad İbrahimov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, əksər hallarda bu məhsul ölkəmizə hazır şəkildə gəlmir. Onu özümüz istehsal edirik: “Məftil də dəmir və poladdan hazırlanır. Polad məftillər tikintidə istifadə olunur, armatur və beton işlərinin görülməsində ən vacib detallardan biridir. Poladəritmə zavodumuz var. Bu məhsulları istehsal etmək iqtidarındadır. Hazır məhsullar buraxırıq. Xammal formasında məhsulu alırıq və istehsalı ölkəmizdə edirik. Ukraynadan da alırıq. Əsas xammal bazası kimi həmişə Rusiya və Ukrayna daha öndə olub. Bizdə həmin ölkələrdən xammaldan hazırlanmış “balvanka” deyilən materiallar gətirilir və onların əsasında armaturlar, məftillərin hazırlanması həyata keçirilir”. 

Daxili istehsal ehtiyacı qarşılaya bilmir

F.İbrahimovun sözlərinə görə, hazırda Qarabağ iqtisadi zonasında tikinti prosesləri davam etdiyi üçün yerli müəssisələrimizin istehsal gücü zəifləmiş ola bilər: “Hazır məhsul da almağımız mümkündür. Çünki torpaqlarımız işğaldan azad olunduqdan sonra əsaslı tikinti, yenidənqurma və abadlıq işləri gedir. Böyük tunellər tikilir. Hansı ki, onların tikintisində xeyli miqdarda poladdan və dəmirdən, həmçinin onlardan hazırlanmış ləvazimatlardan istifadə olunur. Çox güman daxili istehsalın bu ehtiyacı qarşılayacaq gücü yoxdur, əhatə edə bilmir. Bu halda təbii ki, idxala ehtiyac yarana bilər. Bizim dəmir və filiz yataqlarımız olsa da, onları hələ də qlobal şəkildə iqtisadi dövriyyəyə cəlb edə bilməmişik”. 

“Bu sahədə idxaldan asılıyıq”

Müsahibimiz dedi ki, burada qiymət faktorunun da rolu böyükdür: “Bəzən hazır məhsulu qiymətinə görə xaricdən gətirmək daha sərfəlidir. Yəqin ki, indiki vəziyyətdə Gürcüstandan gətirilən məhsulların kəmiyyət artımı da bununla bağlıdır. Amma bu da daimi olan proses deyil. Müəyyən dövrdən sonra qiymətlər yenidən yüksəldikdə başqa tendensiyanı müşahidə edə bilərik”. 
Ekspertin fikrincə, xammal bazamız olmadığı üçün idxaldan asılıyıq: “İstehsalın artırılması üçün xammal bazamız olmalıdır. Hər bir halda “balvanka” formasında polad həcmlərini idxal etməliyik. Çünki məftil də, armatur da və digər tikinti məhsulları da ondan hazırlanır. Yəni, idxaldan asılıyıq”. 

Çox böyük investisiya tələb edir

İqtisadçı Rəşad Həsənov da düşünür ki, birdən-birə kütləvi şəkildə tələb artdıqda daxili istehsalçılar yeni vəziyyətə uyğunlaşa bilmirlər. Bu sahə ağır sənaye növü hesab olunduğu üçün çox böyük investisiya tələb edir. Ekspertin sözlərinə görə, ola bilər ki, bizim istehsal etdiyimiz növ məftillər alıcıları qane etmir. Bu halda xaricdən fərqli növlərin idxal edilməsi normal haldır: “Bazarda seçim məsələsini də unutmamalıyıq. Bütün zəruri məhsulları daxildə istehsal etsək də bu, o demək deyil ki, artıq xarici ölkələrdən idxal olmayacaq. Bəzi hallarda keyfiyyətinə və qiymətinə görə fərqli alıcılar müxtəlif mənbələrdən əldə edilən məhsullara üstünlük verirlər. İstənilən halda, bu sahədə idxal hər zaman mövcud olacaq. Böyük ehtimalla, artan tələb dövlət sifarişi hesabına formalaşır. Dövlət sifarişi hesabına yaranan tələbi qanunvericiliklə hansısa formada yerli istehsala yönəltmək mümkündür”.  

“Bu sahədə potensialımız böyükdür”

Müsahibimiz qeyd etdi ki, xammalı özümüz də əldə edə bilərik. Amma bunun üçün müəyyən addımların atılmasına ehtiyac var: “İstehsalımızı artırmaqla bağlı imkanlar mövcuddur. Hazırda mövcud müəssisələr tam gücü ilə işləyə bilmir. Həm infrastrukturun təkmilləşdirilməsi, həm məhsuldarlığın artırılması lazımdır. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizin filiz və mədən yataqlarının da potensialı böyükdür. Həmin ərazilərdə olan potensialın qısa müddət ərzində istifadəsi üçün infrastruktur formalaşdırılarsa, bu sahəyə investorlar təşviq edilərsə, tələbin əhəmiyyətli hissəsini yerli resurslar hesabına da kompensasiya etmək mümkün olacaq”. 

Zərif Salmanlı

 

banner

Oxşar Xəbərlər