Yoluxucu xəstəliklərlə mübarizədə ictimai nəzarət mexanizmlərinin rolu
04.08.20 13:50
1101
"İnkişafa Doğru Qadın Təşəbbüsü”
İctimai Birliyi "İctimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi
vasitəsilə yoluxucu xəstəliklərlə mübarizə təşəbbüslərinin gücləndirilməsi”
adlı layihəyə start
verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan layihə 4 ay müddətində Bakı şəhərində
həyata keçiriləcək.
Bu
barədə ictimai birliyin sədri, layihə
rəhbəri Ziba Nəbiyeva məlumat verib.
"İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin
sədri bildirib ki, layihə bir neçə komponentdən ibarət olub təhlükəli yoluxucu
xəstəliklərlə mübarizə sahəsində maarifləndirmə işlərinin aparılması, pandemiya
dövründə COVİD-19 infeksiyasının profilaktikası və xəstəliyin menecmentinə dair
metodiki göstərişlərin yerlərdə icrası ilə bağlı ictimai müşahidələrin keçirilməsi
və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədi ilə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində fəaliyyətləri əhatə
edir.
Layihənin maarifləndirmə
komponenti üzrə əsasən əhalinin həssas təbəqələrini cəlb etməklə viruslu
hepatit xəstəlikləri və COVİD-19-dan qorunma qaydaları barədə məlumatlandırıcı
vebinarın keçirilməsi, uyğun mövzuda çap materiallarının hazırlanması və ÜST-ün
hepatit viruslarına həsr olunmuş animasiya çarxının Azərbaycan dilində tərtibatı
nəzərdə tutulub.
Layihənin digər komponenti çərçivəsində isə tibb müəssisələrində aparılmış ictimai
monitorinqin nəticələrinə əsasən tövsiyələr hazırlanıb müvafiq dövlət
orqanlarına göndəriləcək.
Bununla yanaşı, ictimai monitorinq
keçirilən tibb müəssisələrinə və əhalinin həssas təbəqəsindən olan vebinar
iştirakçılarına maarifləndirici çap materialları və COVİD-19 xəstəliyinin profilaktikası məqsədilə tibbi
və gigiyenik vasitələr çatdırılacaq.
Təşkilat sədri vurğulayıb ki, Prezident İlham Əliyev daim öz çıxışlarında ictimai nəzarətin
gücləndirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması barədə mesajlar
verir. Bəli, hazırkı həssas dönəmdə ictimai iştirakçılığın
effektiv təsir imkanlarının artırılmasına böyük ehtiyac var. Bunun üçün hüquqi baza 2014-cü ildə
qəbul olunmuş "İctimai iştirakçılıq haqqında”
qanundur. İllərin təcrübəsi qanunun daha mükəmməl və işlək olması üçün onun təkmilləşdirilməsinin
zəruri olduğunu göstərir.
Ölkə rəhbərinin
çağırışına dəstək olaraq layihənin sonuncu komponenti çərçivəsində müvafiq
qanunvericilik bazasının gücləndirilməsi məqsədilə "İnkişafa Doğru
Qadın Təşəbbüsü” İB tərəfindən təkliflər
hazırlanıb ictimai müzakirəyə çıxarılacaq. Layihənin sonunda təkliflər sənədi
Milli Məclisə təqdim olunacaq.
Ziba Nəbiyevanın sözlərinə
görə, layihəyə töhfə olaraq COVİD-19 pandemiyası dövründə ictimai monitorinq,
maarifləndirmə və digər dəstəkləyici fəaliyyətlər təşkilat üzvləri tərəfindən
könüllü olaraq həyata keçirilib.