• cümə axşamı, 28 mart, 20:01
  • Baku Bakı 13°C

Yazıçı üçün ən sevimli guşə yazı masasının arxasıdır

09.04.20 15:15 1082
Yazıçı üçün ən sevimli guşə yazı masasının arxasıdır
Qələm adamı üçün yazı masasından doğma yer varmı? Gecə hamı yatandan sonra, səhərlər sübh tezdən ana təbiət oyanmamış kağız-qələmlə üz-üzə qalmaq, heç kəsə açmadığın sirləri ağappaq vərəqlərin sinəsinə tökmək özü də bir səadətdir.
Bu sözləriAZƏRTAC-ın müxbiri ilə telefon danışığında yazıçı Kamil Əfsəroğlu söyləyib. O, karantin günlərində öz yaşam tərzi haqqında məlumat verərək deyib: "Əlbəttə, günlərlə, həftələrlə evdə qalmaq olduqca çətindir, bunun üçün iradə və dözüm tələb olunur. Amma dözməkdən və karantin qaydalarına ciddi riayət etməkdən başqa da yol yoxdur. Qaydalara əməl etmək elə təhlükəli virusa, xəstəliyə qarşı mübarizə aparmaq deməkdir. Mən tətbiq olunan qadağaları anlayışla qarşılayır və onlara tam əməl etməyə çalışıram. Fikrimcə, "Evdə qal” məhdudiyyətlərini sənət adamları, xüsusən yazıçılar nisbətən asan keçirirlər, yazı masası arxasında zamanın nə vaxt ötüb keçdiyini hiss etmirlər. Hazırda yeni bitirdiyim "Çadır” romanı üzərində son yaradıcılıq işləri aparıram. Yeni romanla yanaşı, hekayələr kitabımı da çapa hazırlayıram”.
Yazıçı son günlər vaxtının çoxunu yazı masası arxasında keçirməklə yanaşı xeyli mütaliə etdiyini də qeyd edib: "Serom Cellincerin "Çovdarlıqda uçurumdan qoruyan”, Andrey Platonovun "Qayıdış” və şotland yazıçısı Arçibald Kronun "Qala” romanlarını oxumuşam. Seyran Səxavətin "Qaçaqaç” romanını da təzə bitirmişəm. Hərdən arada fortepianonun arxasına keçib şırmayi dillərdə musiqi ifa edəndə ruhum xeyli dincəlir”.
Kamil Əfsəroğlu fikrinə belə yekun vurub: "Hazırda bəşəriyyət məşhur Hamletin sualı ilə üz-üzədir. Yaşadığımız dünyada, oxuduğumuz kitablarda, baxdığımız filmlərdə həmişə həyat eşqinin, işığın, sağlam fikrin qalib gəldiyini görmüşük. Şübhəsiz ki, bu dəfə də belə olacaq. Lakin bu işdə hər kəsin üzərinə düşən bir məsuliyyət yükü də var. Hər kəs bu yükü dərk edib dünyada hər şeydən qiymətli olan sağlamlığını, doğmalarını və onların təhlükəsizliyini qorumaq üçün lazım olan addımları atsa, yəqin ki, xilas yolu uzun olmaz”.
banner

Oxşar Xəbərlər