• cümə, 29 Mart, 14:27
  • Baku Bakı 14°C

Yay məktəbi uşaqların intellektual və fiziki inkişafı üçün yeni bir imkandır

11.06.21 19:30 257
Yay məktəbi uşaqların intellektual və fiziki inkişafı üçün yeni bir imkandır
Tədris ilinin yekunlaşması və yay tətilinin başlanması ilə valideynlər övladlarının bu dönəmi daha aktiv və səmərəli keçirmələri üçün yollar axtarırlar. Onlar övladlarının dincəlməklə yanaşı, həmçinin bilik və bacarıqlarını inkişaf etdirməsi, sosial fəaliyyətlərə cəlb olunması, fərqli hobbilərlə məşğul olmasında maraqlıdırlar. Yay məktəbi bütün bunların bir arada cəmləşdiyi, əylənərək öyrənmək mühitinin təqdim olunduğu, eləcə də uşaqların intellektual və fiziki inkişafı üçün yeni bir imkandır.
Bu barədəAZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib. O, xüsusilə qeyd edib ki, yay məktəbi tədris ilinin uzadılması anlamına gəlməməlidir. Məlum olduğu kimi, koronavirus (COVID-19) pandemiyası və 2020-ci ilin payız aylarındakı hərbi vəziyyətlə bağlı tədris prosesində fasilələr yarandı. Bu fasilələrin fəsadlarının aradan qaldırılması (fəsadlar deyərkən, yalnız tədris mövzularındakı fəsadlar deyil, emosional durum da nəzərə alınmalıdır), 2020-2021-ci tədris ilinin əhəmiyyətli hissəsinin distant (məsafədən) formada təşkili nəzərə alınaraq iyunun 16-dan 30-dək ümumi təhsil müəssisələrində yay məktəbinin təşkilinə qərar verilib. Ödənişsiz və könüllülük əsasında təşkil olunan yay məktəbində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilib. Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin I-X sinif şagirdlərinin iştirak etdiyi yay məktəbində I-IV siniflərdə tədris həftədə 5 dəfə gündə 3 saat, V-X siniflərdə isə həftədə 5 dəfə gündə 3-4 saat olmaqla təşkil olunması nəzərdə tutulur.
Etiraf edək ki, ilboyu gərgin tədris prosesi yaşadıq. Hər nə qədər vəziyyətdən çıxış yolları axtararaq ən optimal variantlarla təhsilalanlara zəruri bilik və bacarıqların verilməsinə çalışdıqsa da, şagirdlər öyrəşdikləri ənənəvi təhsildən uzaq düşməyin psixoloji narahatlığını yaşadılar. Bu səbəbdən hər bir şagirdin istirahət etmək və asudə vaxtını səmərəli şəkildə keçirmək hüququ var. "Təhsil haqqında” qanunda da bu öz əksini tapıb. Qanunda göstərildiyi kimi, şagirdlərin asudə vaxtının dəyərləndirilməsi və ondan səmərəli istifadəsi üçün dərs olmayan zamanda məktəbdənkənar müəssisələrdə müəyyən tədbirlər və əlavə dərslər təşkil edilə bilər. Bu baxımdan yay məktəbi övladını ödənişli yay düşərgələrinə göndərə bilməyən valideynlər üçün Təhsil Nazirliyi tərəfindən yaradılmış bir imkan kimi də qəbul oluna bilər.
Məlumdur ki, "yay məktəbi şagirdlərdə ünsiyyət bacarıqlarını inkişaf etdirən, onların təhsil prosesindən kənarda qalmaması, tədris ili müddətində öyrəndikləri materialları daha dərindən mənimsəməsi, istehsalat və peşə fəaliyyəti ilə yaxından tanış olması üçün şərait yaradır. Dünya təcrübəsində də yay məktəbləri əylənərək öyrənmək, təhsil bacarıqlarının inkişafı baxımından önəmlidir.
Qardaş Türkiyədə yay məktəbləri ali təhsil müəssisələri tərəfindən 9-11-ci sinif şagirdləri üçün təşkil edilir. Bu, yuxarı sinif şagirdlərinin universitet həyatı ilə bağlı təcrübə qazanmalarına müsbət təsir göstərir. Şagirdlər təbiət, mühəndislik, sosial elmlər, idarəetmə və digər istiqamətlərdə dərslərə cəlb olunurlar ki, bu da onların gələcəkdə karyera seçimlərinə yardım etmiş olur. Qazaxıstanda akademik göstəriciləri aşağı olan şagirdlərin biliklərini bərpa etmək üçün müəyyən tədbirlər həyata keçirilir. Bu ölkədə yay məktəbinin davamı olaraq şagirdlərin əlavə təhsil alması üçün rəqabət əsasında özəl təşkilatlara sifarişlər göndərilir. Rusiyada yay məktəbində şagirdlərə Python dərsləri də keçirilir. Bu, bütün dünyada məşhur olan proqramlaşdırma dilidir. Bu dərslər, təbii ki, təhsilalanları peşəkar bir Python proqramçısı etmir, lakin onlar proqramlaşdırma, təcrübə və yaradıcılıqdan zövq alaraq sadə proqramları oxumağı və yazmağı öyrənirlər.
Dünya ölkələrinin təcrübəsi də göstərir ki, yay məktəbləri uşaqların inkişafına, dünyagörüşünün, intellektlərinin, ünsiyyət bacarıqlarının artırılmasına, sosiallaşmasına, özgüvən duyğusunun formalaşmasına və yeni dərs ilinə daha həvəslə başlamalarına xidmət edir. Bir sözlə, yay məktəbi şagirdlərin tədris prosesində öyrəndikləri nəzəri məlumatların praktiki olaraq həyata keçirilməsi, eyni zamanda, yay tətili dövründə dərsdənkənar təhsil imkanları və əyləncə saatları yaratmaqla intellektual və fəal gənclərin formalaşdırılması məqsədlərinə xidmət edir.
"Təhsil Nazirliyinin 16 iyundan başlayaraq 2 həftə ərzində təşkil edəcəyi yay məktəbinin bəzi detallarına diqqət çəkmək istərdim. Əvvəla qeyd edim ki, fəaliyyət cədvəlinə uyğun olaraq hər günün ayrıca proqramı var. Cədvəl elə tərtib olunub ki, şagirdlərin fiziki və zehni inkişafının balanslaşmasına imkan yaransın. Yay məktəbində məşğələlər tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə aparılacaq. Fənlərə ayrılmış saatlarda il ərzində keçilmiş bölmə və bəhslərin ümumiləşdirilməsi aparılır, zəruri bilik və bacarıqlar möhkəmləndirilir, mürəkkəb mövzular təkrar edilir. Məşğələlərdə kompleks mövzularla bağlı tapşırıqlar işlənilir, şagirdlərin oxuyub-anlama, dinləyib-anlama, danışıq və yazı fəaliyyətlərinə xüsusi yer verilir. Oyun əsaslı öyrənmə, sosial-emosional inkişafa dəstək diqqətdə saxlanılır, acıq havada dərslər keçirilir. Ekskursiyalar, muzey dərsləri və onlar əsasında fənlərarası inteqrasiyanı təmin edən fəaliyyətlər nəzərdə tutulur. Şagirdlərin birgə öyrənmə fəaliyyətlərinə cəlb edilməsinə xüsusi yer verilir. "Rəqəmsal bacarıqlar” və STEAM layihələri tətbiq olunan ümumi təhsil məktəblərində qeyd olunan fənlərdən əlavə həftədə iki dəfədən az olmamaq şərtilə müvafiq sahələr üzrə ustad dərsləri təşkil olunur. Statistik təhlillər aparmaq, esse yazmaq, xarici dildə reklam hazırlamaq və digər bu kimi fəaliyyətlərin tətbiq olunduğu yay məktəbi şagirdlərin bacarıqlarının inkişafı baxımından olduqca faydalı olacaq.
Gördüyünüz kimi, yay məktəbi əlavə dərslərlə şagirdin məktəbdə öyrəndiyi bilikləri möhkəmləndirməyə və yeni biliklər əldə etməsinə kömək edəcək. Əvvəldə də qeyd etdiyim kimi, uzunmüddətli pandemiya şəraitindən dolayı yaranan fasilələrin fəsadlarının aradan qaldırılması baxımından da yay məktəbi təşəbbüsü olduqca zəruri bir addımdır, eyni zamanda, bir fürsətdir.
Əminəm ki, pandemiya səbəbindən övladlarının bilik və bacarıqlarında yaranan boşluqların qismən aradan qaldırılması baxımından valideynlər bu fürsəti dəyərləndirmiş olacaqlar. Bu, ibtidai sinif şagirdləri, xüsusilə I siniflər üçün daha faydalı olacaq. Çünki pandemiya ilə əlaqədar məsafədən təhsil, onlayn rejimdə müəyyən fənlərin tədrisinin mümkünsüzlüyü, ibtidai siniflərdə şagirdlərə oxuma və yazma vərdişlərinin daha mükəmməl şəkildə formalaşdırılması mümkün deyildi. Bu baxımdan şagirdlərin əlavə tədrisə cəlb edilməsinə ehtiyac var idi və Təhsil Nazirliyinin yay məktəbinin təşkili ilə bağlı təşəbbüsü çox təqdirəlayiqdir.
Sonda bütün təhsilalanlara, o cümlədən müəllimlərimizə yay məktəbində uğurlar, qarşıdakı yay tətilində isə səmərəli istirahət arzu edirəm”, - deyə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.
banner

Oxşar Xəbərlər