cümə axşamı, 29 sentyabr, 17:59

Baku Bakı 25°C

Yalnız ABŞ-ın qazanc götürəcəyi ucuzlaşma 

icon 1053 icon 06 avqust 2022 | 04:00 Yalnız ABŞ-ın qazanc götürəcəyi ucuzlaşma 

Mütəxəssislər deyirlər ki, avronun dəyərdən düşməsinin Azərbaycan bazarına həm müsbət, həm də mənfi təsiri var. Avro ilə alınan məhsulların ucuzlaşma ehtimalı var ki, bu da inflyasiyanı qismən tormozlayar. Amma bütün dünyanı cənginə alan qlobal bahalaşmadan tam yayınmaq mümkünsüzdür. 

Son vaxtlar avro ucuzlaşır. Hətta o dərəcədə dəyərdən düşüb ki, təxminən 1 avro 1 dollara bərabərdir. Mütəxəssislər bildirirlər ki, dollar indeksindəki yüksəliş davam edərsə, avro daha da dəyərdən düşə bilər. Eyni zamanda sürətlənən inflyasiya Avropa Mərkəzi Bankını faizləri artırmağa məcbur edir. Avronun ucuzlaşması Azərbaycan bazarına təsir edirmi?

Günahkar həm ABŞ-dır, həm də... 

İqtisadçı Xalid Kərimli “Kaspi”yə açıqlamasında bildirdi ki, avronun ucuzlaşmasının baiskarlarından biri Amerikadır: “Həm Avropa İttifaqında, həm Amerika Birləşmiş Ştatlarında inflyasiya müşahidə olunur. Ancaq Federal Ehtiyat Bankı (FED) tədbirlərə Avropa Mərkəzi Bankından bir neçə ay əvvəl başlayıb. ABŞ-ın atdığı addımlar, inflyasiyanı idarə edə bilməsi bazarlar tərəfindən daha ciddi qəbul olunur. Avropa İttifaqında 30-a yaxın ölkə olduğundan, onların qərar qəbul etmək mexanizmləri bir qədər ləngdir. Qərar qəbul edilərkən bu ölkələrin rəyi nəzərə alınır. Ona görə də ABŞ kimi tez və qəti qərar verə bilmirlər”.

Rusiyanın yanacağı kəsməsi

İqtisadi məsələlər üzrə ekspert Murad Calalov isə səbəbləri başqa cür izah etdi: “Birinci səbəb pandemiya ilə bağlı inflyasiyadır. İkincisi, Rusiya Avropaya təbii yanacağın nəqlini azaltdı. Avropada bərpa olunan enerjidən daha çox istifadə olunsa da, əsas güc təbii yanacağın üstünə düşürdü. Bu yanacaq da Rusiyadan alınırdı. İstehsalda bir anda dayanmalar baş verdi. Qazın nəqlində fasilə yarandığına görə yanacağın qiymətində günü-gündən artım oldu. Bu da istehsal olunan məhsulların qiymətinin artmasına şərait yaratdı. Nəticədə də avronun inflyasiyasını müşahidə etdik”.   

Sərt qərarlar qəbul edilsə... 

M.Calalov həmçinin qeyd etdi ki, ABŞ vəziyyətdən istifadə edir, Federal Ehtiyat Bankı (FED) faiz dərəcələrini günü-gündən artırır: “Faizlər o dərəcədədir ki, avro bununla ayaqlaşa bilmir. Dolların faiz dərəcələrinin artması avronu bir daha vurmuş olur. İnflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrini artırırlar. Lakin Ukraynadan gələn qaçqınlar, avrozonanın böyüməsi faiz dərəcələrinin artmasına əngəl yaradır. Avropada idxal olunan malların təxminən yarısı dollarla hesablanır, ona görə də qiymət artımı olur. Çünki dolların avroya nisbətdə yüksəlməsi, Avropadakı qiymət artımları inflyasiyanı qaçılmaz edib və son illərin ən yüksək göstəricisinə gətirib çıxarıb”.

Xalid Kərimlinin sözlərinə görə, dollar və avronun bərabərləşməsi o demək deyil ki, həmişə elə olacaq: “Dollar avro qarşısında bahalaşa, 1 dollar 0,95-0,97 avro da ola bilər. Amma bu, birbaşa Avropa və Amerika mərkəzi banklarının siyasətindən asılı olacaq. Avropa Mərkəzi Bankının iclasında sərt qərarlar qəbul edilsə və o qərarların davamlı olacağına dair bəyanat verilsə, avro bahalaşa da bilər”.

 İnflyasiyanı bir qədər tormozlayır...

X.Kərimli avronun ucuzlaşmasının Azərbaycan bazarına təsirini də şərh etdi: "Azərbaycan idxalın bir hissəsini avro ilə ödəyir. Yaxud da müqavilədə qiymətlər avro ilə dəyərləndirilir. Yəni alınan məhsulların qiyməti avro ilə göstərilir. Bu da imkan verir ki, avro ilə alınmış məhsulların qiyməti aşağı düşsün. Yəni manatın avro qarşısında bahalaşması bu valyuta müqavilələri ilə alınmış malların maya dəyərinin aşağı düşməsinə imkan verir. Bu da ölkədəki inflyasiyanı bir qədər tormozlayır”.

Həm müsbət, həm də...

M.Calalov isə qeyd etdi ki, avronun ucuzlaşmasının Azərbaycan bazarına həm müsbət, həm də mənfi təsiri var: “Avropa Komissiyasının prezidenti iyul ayında Bakıya gəldi və Azərbaycanla müqavilə imzaladı. Azərbaycan Avropaya 22 milyard kubmetr qaz nəql edəcək. Bu müqavilə gələcəkdə də Avropa ilə Azərbaycan arasında ticarət əlaqələrinə müsbət təsir göstərmiş olacaq. Qiymətin artması nəticəsində Azərbaycan büdcəsinə gələn gəlirin 40 faizi qaz satışından əldə olunacaq. Mənfi təsirləri isə odur ki, bütün dünyada baş verən inflyasiyanın fəsadlarını biz də hiss edəcəyik. Bundan qaçmaq mümkün deyil. Yalnız ABŞ bu durumdan qazanclı çıxa biləcək”.

Zərif Salmanlı